Facemark.az Teymur Məmmədovun "Ayaqqabı - təkcə ayaqqabıdırmı?" adlı köşə yazısını təqdim edir:


İnsan həyatının uzunmüddətli təkamülü prosesində bizim bütün ağırlığımızı daşıyan, bizi tələsəndə hədəfə tez çatdıran, təhlükə ilə qarşılaşanda qaçıran, idmanda rekordlara imza atmağa sövq edən, dünyanı gəzdirən ayaqlarımız çoxdandır ki, ənənəvi orta əsr ayaqqabılarının əsri deyil. Bu gün ayaqqabı sənayesi mövsümi geyim halına gəlmişdir, dəblə ayaqlaşan geniş çeşidli və təyinatlı istehsal və istehlak sahəsinə çevrilmişdir.


Müasir dövrdə ixtisaslaşmış ayaqqabı mağazalarının açılması da adi hal almışdır. Minlərlə ayaqqabı markası ilbəil milyonlarla insanın tələb və ehtiyaclarını qarşılayır. Bəs ayaqqabı bir biznes sahəsi kimi necə fəaliyyət göstərir, gəlirini necə artırır, bazar payını necə mühafizə edir? Gəlin, əvvəlcə marketin öz daxili səyləri üzərində dayanaq.





Müasir dövrdə - rəqabətin sərtləşdiyi zamanda satışı artırmaq üçün bütün adekvat addımlar məqbul hesab olunur. Bir şərtlə ki, gəliri yüksəltsin, müştəri loyallığına müsbət tsəir göstərsin, marketə gəliş sayını və alış tezliyini artıra bilsin. Bu mənada mövsümi kolleksiyaların təşkili və təqdimi önəmlidir. İstehlakçılara yönələn əsas mesajlar yeniliklərin seçilmişlər üçün deyil, hər kəs üçün olduğunu bəyan edir.


Mövsümi kolleksiyalar hamı üçün təzə dəb gətirir, odur ki, çəkinməyin, kənardan baxmayın, gəlin, satıcı ilə məsləhətləşin, özünüzə layiq olan mövsümi ayaqqabını bəyənib alın, yeni geyim aksessuarının sevincini yaşayın. Yaş üçün narahatlıq keçirməyin, özünüzə yaraşanı seçib alın.


Bu vəzifənin öhdəsindən gəlmək üçün sadə, təşviq xarakterli videoçarxlar çəkib, sosial mediada yerləşdirmək satışa ciddi dəstək olar. Bu məqamda həyat hekayələri söyləmək, konkret müştərinin həyatına gətirilən sevinc anını belə onun razılığı ilə fotoya alıb səhifədə yerləşdirmək olar.


Fikrimizcə, zəifləyən pandemiya fonunda, insanların geyim bazarına üz tutduğu bir zamanda, promoların keçirilməsi məqsədəuyğun görünür. Marketin özündə bu tipli kütləvi tədbirlərə dəstək olmaq lazımdır. Mağazanın təyinatından, hədəf kütləsindən, məkan sahəsindən asılı olaraq promo tədbirləri daha geniş və müştəri əhatəli ola bilər. Promo tədbirləri müxtəlif mesajlarla təkrar-təkrar keçirilə bilər. Hər dəfə mağazanın (marketin) unikal ticari təklifləri ciddi vurğulanmalı, müştəri loyallığına yönəlik həvəsləndirici addımlar atılmalıdır.





Ekspertlər dönə-dönə vurğulayırlar ki, loyal müştərilərlə iş daim diqqət mərkəzində olmalıdır, onların məlumat bazası daim yenilənməlidir. Marketin ad günü və yubileylərinin keçirilməsi, endirim, hədiyyə kampaniyalarının və tərəfdaşlarla birlikdə maraqlı aksiyaların keçirilməsi də satışa təsir göstərəcək həllərdən sayıla bilər. Məsələn, ayaqqabı marketlərindən biri öz loqosu ilə şokolad məsulu sifariş etmiş və maraqlı dizaynla qablaşdırmış, 20 illik fəaliyyətinin sevincini loyal müştəriləri ilə paşylaşmışdı. Müştərilər yalnız endirimləri deyil, həm də duyğusal təsir bağışlayan dadlı hədiyyələri də sevir və ona adekvat cavab verirlər.


Onu da unutmayın ki, bloqqerlər də ayaqqabı geyinirlər. Bloqqerlər icması da mağazanıza gələn müştəri sayının artırılmasına böyük təsir göstərə bilər. Bu gün informasiyanın böyük hissəsini internetdən alan imüştəri auditoriyası kifayət qədər genişdir, onların sırası təkcə 18-20 yaşlı gənclərlə məhdudlaşmır. Şəhərlərdə çoxlu maraqlı tədbirlər - dizayner yarmarkaları, musiqi festivalları, idman, mədəni, sosial tədbirlər və sairə keçirilir. Bu tədbirlərə qatılan və sizin seçdiyiniz hədəf auditoriyanı təmsil edən potensial müştərilər arasında markanızı tanıtmağa səy göstərə bilərsiniz. Bu cür tədbirlərdə iştirakın yaxşı düşünülmüş proqramı, bloqqerlərlə dostluq və əməkdaşlıq marka loyallığının əhəmiyyətli dərəcədə artmasına dəstək olar və fəal internet istifadəçilərində maraq doğurardı.


Təbiidir ki, öz işini zamanın tələbləri səviyyəsində quran ayaqqabı satışı mağazalarında uşaq kontingentinə xüsusi diqqət yetirilir. Bəzi marketlərdə ANA VƏ QIZI konseptinə ciddi yer verilir. Ayaqqabı satıcıları belə hesab edirlər ki, qızların dəbə adaptasiya olunmasında anaların rolu əvəzsizdir. Bundan əlavə, bəzi marketlərdə anaların rahat seçimi üçün kiçik yaşlı uğaqların oynaması üçün xüsusi güşələr yaradılır. Üstəlik də 3 və daha çox uşaqlı analara özəl endirim kartları təqdim olunur ki, onlarla market arasında səmimi dostluq və tərəfdaşlıq daha emosional bağlarla möhkəmlənsin. Digər tərəfdən, bəzi marketlər 35-ci ölçüyə qədər uşaq ayaqqabıların tam xəttinin formalaşdırır, bununla da mağazaya gəliş sayını əhəmiyyətli dərəcədə artırmış olurlar.


Ayrıca vurğulamalıyıq ki, merçandayzinq baxımdan yerindən və məqsədindən asılı olaraq daxili sərgiləmə önəmlidir. Məhsulların fərqli üstünlüyünü vurğulayan elementlərin seçimi önəmlidir. Mağaza eksteryerinin düzgün tərtibatı, ad göstəricisinin – marka adının diqqəti cəlb edən ölçü və rəng seçimində təqdimi, vitrinlərin düzgüm merçandayzinqi, məmulatların işıq və kölgə elementləri baxımından düzgün sərgilənməsi, məhsulların təyinatına, hədəf kütləsinə və satış məkanına uyğun olmaqla sistemli komplektləşdirilməsindəki ahəngdarlıq mühüm rol oynayır.


Bu gün ayaqqabı mağazalarının reklamını da nəzərdən qaçırmaq olmaz. Klassik reklam daşıyıcılarından bəhs etsək, bilbord işlək olması ilə seçilir. Lakin ilk marketi açırsınızsa, bu alət sizə baha başa gələ bilər. Bu zaman mağazaya yaxın bannerlərdən faydalanmaq məsləhətdir. Mağazanın yerləşdiyi məkanda yaşayış evlərinin blok və liftlərində mükəmməl tərtibatlı reklam elanları da işlək mexanizm kimi səmərəli ola bilər. Marketə yaxın yerlərdəki laytboxslar da müştərilərdə ayaqqabı mağazasına maraq oyada bilər.


Ayaqqabı mağazaları üçün sosial media təkrarsız resursdur. Sayt və məhsul kataloqlarında qeydiyyata düşmək, banner reklamından istifadə etmək də yerinə düşərdi. Bununla yanaşı ənənəvi media məcraları - audio, video və çap məhsulları – ayaqqabı satışı üçün dəstək ola bilər.


Nəzərə almaq lazımdır ki, ayaqqabı məmulatlarının satışı mağazalarının reklamında heç də bütün reklam məcraları effektiv olmur. Belə ki, radioreklamı faydalı olmaya bilər. TV-də reklam səmərəlidir, amma gəl ki, ayaqqabı mağazası üçün bahadır. Şəhərin müxtəlif yerlərində elanların yapışdırılması da ayaqqabı satışı üçün effekt vermir, zaman itkisidir. Plazma televizorlarında görüntülər və üfürülən fiqurlar da faydalı olmaya bilər. Nəqliyyatda reklam ayaqqabı biznesi üçün istənilən nəticəni vermir. Premium jurnallarda ayaqqabı mağazasının reklamları da arzu olunan satışa dəstək olmur, bahalıdır, bu sahədə daha məşhur markalar üçün effektivdir.



Teymur Məmmədov