İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması ilə əlaqədar üzvlüyə namizədlərin qəbulu elan edilib.


Facemark.az "Report"a istinadən xəbər verir.


Məlumata görə, İctimai Şuranın fəaliyyətində üzv kimi iştirak etmək istəyən biznes assosiasiyaları və birlikləri, vətəndaş cəmiyyətini təmsil edən və əsas fəaliyyəti sahibkarların hüquqlarının təbliği və qorunması olan, bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları öz namizədləri barədə KOBİA-nın formalaşdırdığı Seçki komissiyasına müraciət edə bilərlər. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.


Seçkilər Seçki komissiyasının müəyyən etdiyi tarixdə və yerdə keçiriləcək.


Müraciət etmək üçün tələb olunan sənədlər namizədin ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarışının surəti, vətəndaş cəmiyyəti institutunun Şurada təmsil olunmasını istədiyi nümayəndə barədə həmin və yaxud digər vətəndaş cəmiyyəti institutunda onun üzvlüyünü (rəsmi vəzifəsini) (əgər varsa) təsdiq edən sənəd və İctimai Şuraya rəsmi olaraq üzv qəbul edilməsini tövsiyə edən məktub, namizədin müvafiq sahə üzrə təcrübəyə və yaxud biliyə malik olmasını sübut edən sənəddir (olduğu halda əmək kitabçasının və digər təsdiqedici sənədlərin surəti).


Sənədlər bu gündən başlayaraq 20 iş günü ərzində (23.11.2022-ci il saat 18:00-a qədər) kağız daşıyıcıda KOBİA-nın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına gəlməklə və yaxud elektron formada ictimaishura@smb.gov.az elektron poçt ünvanına göndərilməklə təqdim edilə bilər.


Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədə dair tələblər vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması, namizədin məhkumluğu olduğu təqdirdə onun götürülmüş və yaxud ödənilmiş olmasıdır.


Namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki komissiyası 3 iş günü müddətində baxacaq, nəticəsi barədə müvafiq qərar qəbul edərək məlumat verəcək.


2018-ci ildən fəaliyyət göstərən Şura qurumda ictimai iştirakçılığı təmin etməklə, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyətinə ictimai nəzarəti həyata keçirir. Şura üzvlərinin say həddini 15 nəfər olmaqla Seçki komissiyası müəyyən edib. Şuranın tərkibi 2 ildən bir seçkilər vasitəsilə formalaşır. Şuraya sonuncu dəfə seçkilər 2020-ci ildə keçirilib.