Facemark.az Fərid Abdıyevin "Lüks və Premimum markalar arasındakı fərqlər" adlı yeni yazısını təqdim edir!


Əminəm ki, siz də çox vaxt bazara bahalı məhsullar çıxaran markaların premium, yoxsa lüks (ing. luxury) marka olduğunu sualını veribsiniz. İlk baxışdan məna etibarilə bir-birinə bənzəsələr də, premium marka ilə lüks marka arasında təbii ki, ciddi fərqlər var. Lüks markalar yaradılış etibarilə hər kəs üçün əlçatan olmamağı ilə ön plana çıxır. Premium markalar isə üst səviyyədə yer alaraq yüksək qiymətlərlə böyük satış rəqəmləri əldə etməyi hədəf götürürlər.


Lüks markalar özünü rəqabət içərisinə daxil etmir, onların məqsədi digər markalarla müqayisə olunmaq deyil. Premium markalar isə bazardakı əksər alternativlərdən daha yüksək qiymətə məhsullar təklif edirlər. Premium markaların müştəriləri qiymət-performans indeksinə baxırlar və yüksək məbləğ ödədikləri üçün daha keyfiyyətli məhsul tələb edirlər. Lakin lüks markaların əsas dərdi məhsulun çox yüksək keyfiyyətdə olması deyil. Bəzən lüks markaların məhsullarının keyfiyyəti nəinki premium, hətta orta seqment markaların məhsullarından belə geri qala bilir.


Lüks markalara aid məhsullar mütləq şəkildə müəyyən bir ehtiyacı ödəmə məqsədini qarşıya qoymur. Funksionallıq təməl məqsəd deyil. Lüks markaların marka kimliyi funkisonallıqdan daha çox fərqlilik yaratmağa yönəlməkdədir. Üst sosial qrupu hədəf alaraq zənginliyi ve prestiji göstərməyi ön plana çıxarır.


Premium markalar marketinq fəaliyyətlərinə diqqət yetirərək daha çox ön plana çıxmağa çalışırlar. Lakin lüks markalar öz mövqelerini göstərməyə qətiyyən çalışmırlar. Onlar sırf öz müştərilərinin yer aldığı platformalarda ortaya çıxırlar və beləcə, öz gizliliklərini qoruyurlar. Onların əlçatan olmaq kimi bir niyyətləri yoxdur. Lüks markalar üçün hədəf bazar zənginliklərini, prestijlərini və sosial siniflərini sərgiləməyi sevən müştərilərdir. Premium marka isə yüksək keyfiyyət və üstün xüsusiyyətlər üçün daha yüksək məbləğ ödəməyə hazır olan müştəriləri hədəfləyir.



Bəzi müştərilər keyfiyyətli və çoxfunksiyalı məhsullar üçün yüksək məbləğ ödəməyə hazırdırlar. Ona görə də, premium markalar qiymət siyasətini bazarın ən üstə yaxın səviyyəsinə uyğunlaşdırırlar. Amma yenə də, premium məshulların qiyməti lüks markaların bir az uzağında qalır. Lüks markalar sırf prestijə görə qiymət müəyyən edirlər və onların müştəriləri qiymət-performans qarşılaşdırmasına ehtiyac duymurlar. Unutmayaq ki, lüksü ehtiva edən şey markanın adına bağlı olan yüksək dərəcə arzu və prestijdir, qiymət etiketi deyil. Premium markalar məhsulların qiymətlərini artıraraq lüks marka ola bilməzlər. Çünki lüks markaların dəyəri birbaşa markanın özünə bağlıdır.


Satış həcminə gəldikdə isə, lüks bir markanın lüks qalması üçün məhdud sayda satış etməsi lazımdır. Yüksək satış rəqəmləri lüks markaların imicinə qətiyyən uyğun deyil. Ona görə satış həcmi minimum olmalıdır. Premium markalar isə, satış həcmini artırmağa heç də pis baxmırlar. Eyni zamanda premium bir məhsulun ortaya çıxması üçün maliyyətin kifayət qədər yüksək olması qaçınılmazdır. Bu səbəbdən kar qazanmaq üçün yüksək satış həcmi mütləqdir.