Dünya bazarında neftin qiyməti 0,84 % ucuzlaşıb.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin 1 bareli 85,11 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,89 % düşüb və 1 bareli 78,97 ABŞ dolları təşkil edib.


İnvestorların diqqəti Çinin cari il üçün ÜDM proqnozlarının gözləniləndən daha zəif olmasına yönəlib.


Çin hökuməti ölkənin ÜDM-nin cari il üçün artım perspektivlərini 5 % səviyyəsində qiymətləndirib ki, bu da birjaların gözləntilərindən daha aşağıdır. Digər tərəfdən, 2022-ci ildə ÜDM gözlənildiyi kimi 5,5 % deyil, cəmi 3 % artım nümayiş etdirib. Çin neftin ən böyük idxalçılarından və istehlakçılarından biri olduğuna görə iqtisadi proqnozlar “qara qızıl”a olan tələbin perspektivlərinə təsirsiz ötüşmür.


Birjalar üçün digər mühüm amil ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti olaraq qalır. Bu həftə tənzimləyicinin rəhbəri Cerom Pauel parlamentdə çıxış edəcək. Bazar iştirakçıları çıxış zamanı tənzimləyici orqanın gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər.


Qeyd edək ki, analitiklər FED-in davamlı yüksək inflyasiya fonunda faiz artımını davam etdirəcəyini güman edirlər. Monetar siyasətinin sərtləşdirilməsi neftə olan tələbə mənfi təsir edə biləcək resessiya risklərini artırır.