Rəqəmsal yayım platforması Netflix 2023-cü ilin ikinci rübündə qazanc hesabatını açıqlayıb. Hesabatda açıqlanan məlumatlara görə, iyunun 30-da başa çatan rübdə platformanın yeni ödənişli abunəçilərinin sayı 5,89 milyona çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Netflix Wall Street analitiklərinin gözləntilərini aşaraq, ümumi qlobal abunəçi bazasını birinci rübdə 232,5 milyondan ikinci rübdə 238,39 milyona çatdırıb. Beləliklə, şirkət illik müqayisədə 8 faiz artıb. Şirkət 2023-cü ilin üçüncü rübündə də oxşar nəticələri görəcəyini gözləyir. İkinci rübdə 1,8 milyard dollar əməliyyat gəliri və 1,5 milyard dollar mənfəət əldə edən şirkətin 1,3 milyard dollarlıq sərbəst pul axını olub. Netflix üçüncü rübdə 8,5 milyard dollar gəlirlə 1,6 milyard dollar xalis mənfəət əldə etməyi planlaşdırır. O, əvvəllər 3,5 milyard dollar olan sərbəst pul axınını 2023-cü ilə qədər 5 milyard dollara çatdırmağı hədəfləyir.