Turizm ölkələrin inkişafında önəmli rol oynayan,iqtisadi cəhətdən böyük faydası olan və hər keçən gün daha da böyüyən bir sektordur. Bu səbəbdən, ölkələr dünya turizm bazarından daha çox pay ala bilmək üçün rəqabət içərisindədir. Günümüzdə müştərilərlə əlaqə vasitələrinin çoxalması,istehlakçının alış bilincinin artması və bir çox ölkələrin oxşar turizm xidmətləri təklif etməsi, turizmdə rəqabətin daha da güclənməsinə səbəb olmuşdur.Belə bir vəziyyətdə hər bir ölkə rəqiblərindən bir addım önə keçmək üçün və özünü fərqli şəkildə mövqeləndirmək üçün “brendləşmə” –yə doğru istiqamətlənmişdir.Artıq,digər məhsul və xidmətlər kimi turizm destinasiyaları(turizm mərkəzləri) da brendləşirlər.



Destinasiya brendləşməsinin önəmi.



Bir destinasiyanın brend olması:
-O destinasiyanın alıcılar tərəfindən tanınmasında və daha tez ayırd edilməsinə yardım edir
-Bazarda olan digər rəqiblərdən öz fərqli yönlərini daha rahat istehlakçıya duyurur və nəticədə rəqabətdə üstünlük qazanılır.
-Destinasiyanın daha keyfiyyətli və peşəkar fəaliyyətinin bir göstəricisidir.
-Beynəlxalq və ya yerli səviyyədə vahid imicin formalaşmasına gətirib çıxarır,həmçinin baş vermiş krizlərdən maksimum az zərərlə çıxmağa gətirib çıxarır.
-Müsbət brend imici olan destinasiyalar daha güvənli bir görünümə sahibdirlər və bütün yuxarıda sadaladığımız və sadalamaladığımız xüsusiyyətlərlə birlikdə xidmət və məhsul bir dəyər qazanır və bu dəyər alıcılar tərəfindən yüksək qiymətləndirilir və seçimlərinə təsir edir, nəticədə isə satışda artma və brendin daha da güclənməsi müşahidə olunur.



Turizm destinasiyasının brendləşməsi destinasiyanın təqdim etdiyi xidmətlər və imkanlarla, tanıtım fəaliyyətində hədəf kütləyə təlqin edilən mesajların uyğunlaşması ilə ortaya çıxan prinsiplər bütünüdür.”







Azərbaycanda turizm brendləşməsi.



Azərbaycanın turizm üzrə brendləşmədə hələ yolun başında olduğunu deyə bilərik. Gediləcək çox yol var.Lakin,sevindirici hal budur ki, Azərbaycanda turizm inkişafı üçün tam potensial var. Həm maliyyə ehtiyatları həm də turizm imkanlarımız bunu deməyə əsas verir ki,ölkəmizdən gözəl bir turizm brendi çıxa bilər. Lakin, burda ən önəmli məqam düzgün planlaşdırılmış fəaliyyət və böyük maliyyə ayrılışıdır.. Bugün ölkəmizi görməmiş xaricilərdən Azərbaycan haqqında soruşanda ya Orta Asiya ölkəsi, ya da səhralardan ibarət boz bir ölkə,”vəhşi qafqaz” cavabları eşidirik və hətta ilk dəfə bu adı eşidənlər də olur.Bunun əsas səbəbi isə ölkəmizin düzgün brendinq fəaliyyətinin aparılmaması,imic fəaliyyətinin zəif olmasıdır.Düzdür son zamanlar, alternativ tanıtım vasitələrindən (festival,konsert,idman organizasiyaları) istifadədə bir canlanma müşahidə olunur. Lakin unutmamaq lazımdır ki,bu tanıtım vasitələri vahid bir brendin, ”Azərbaycan” brendinin gücləndirilməsinə gətirib çıxarmalıdır.




Turizm tanıtım fəaliyyətlərində ümumiyyətlə baxanda bu brend ad olaraq var “Land of fire” sloganı altında.Lakin,elə ən başdan deyim ki, bu slogan Azərbaycan üçün heç uyğun deyil. Yuxarıda dediyimiz kimi, destinasiya brendləşdirilməsi təqdim edilən xidmətlər və kütləyə verilən mesajların uyğunlaşdırılması əsasında formalaşır.Azərbaycanın təqdim etdiyi əsas xidmətlər biznes turizmi, təbiət turizmi, tarixi-mədəni turizm və s.dir bunun isə “fire” ilə heçbir əlaqəsi yoxdur. Neft, qaz, yanardağ, atəşgah torpağı olmağımız bizə əsas vermir ki, turizm sloganı olaraq bunu seçək. Bu turist üçün elə də maraqlı və cəlbedici deyil məncə. İspaniya sloganında "Everything Under The Sun"-deyir və bu həqiqətə uyğundur, bu sloganı İspaniyada hər addımda hiss etmək olar.



Əslində, həqiqətən bir destinasiyanın brend olaraq formalaşması üçün dünya praktikasına görə uzun illər –təxmini 7-10 il lazımdır. Lakin, turizmdən yaxşı pay almaq istəyən ölkələrin turizm inkişaf yolunun destinasiya brendləşməsindən keçdiyini deyə bilərik. Belə ki, Türkiyə misalından da göründüyü kimi deyə bilərik ki,Türkiyə kortəbii turizmdən brendləşmiş, vahid məqsədli idarə olunan turizmə Antalya brendi altında daxil oldu. Antalya hərtərəfli şəkildə inkişaf etdirildi, brendləşdirildi, bundan sonra turizm brendləşməsi Türkiyənin digər bölgələrinə yayıldı. Bugün baxdığımızda Türkiyə Antalyadan başlayan, Muğla, Bodrum/Fethiye, Alanya, Çeşme, Datça, Kuşadası, Belek, Kapadokiya və yavaş-yavaş da Şərqi Anadolu və Qaradəniz bölgəsinə yayılan brendləşmə ilə dünya turizmində 6-ci yerə qədər gəlib çıxıb. Bu birdən birə olmayıb 30 illik bir marafon sonucudur ki, Türkiyə bugün qətiyyətli olmanın və əl-ələ verərək,h ər kəsin əlini turizmin inkişafı uğrunda daşın altına qoyaraq çalışmanın verdiyi nəticənin xoşbəxtliyini yaşayır. Başqa bir misal özünün kasıb ölkə, ”xəstə insanlar” ölkəsi imicini yıxmaq üçün çalışmalara başlayan Hindistana aiddir. Hindistan son illər Goa şəhərini brendləşdirmə istiqamətində addımlar atır və artıq Goa ya gələn turistlərin sayı durmadan artmaqdadır.





Bəs Azərbaycan nədən başlaya bilər? Mənim fikrimcə Azərbaycan Qəbələ şəhərinin brendləşməsindən başlamalıdır. Bunun üçün Qəbələdə bütün potensial var(dəniz olmağı vacib deyil), həm infrastruktur var, həm gözəl təbiət,həm yerləşmə məntəqələri və s. Bunun üçün sadəcə Qəbələ şəhərinin brendləşməsi istiqamətində addımlar atılmalıdır. Məsələn ,vahid turizm inkişaf konsepsiyası hazırlanmalıdır, Şəhər logosu, vurucu mesaj (slogan), şəhərin dekorasiyasında logodan istifadə, broşürlar, tanıtım videoları, məqsədyönlü reklam kampaniyaları, ölkə xaricindən Qəbələyə ən çox turist göndərən ilk 3 ölkədə güclü reklam kampaniyalarının hazırlanması, xarici filmlərə şəhərin təklif olunması, festivallar, konsertlər, idman organizasiyaları, imic çalışması və burda yazılmayan o qədər şey etmək olar ki...Yetər ki istək olsun. Bundan sonra əminəm ki, yuxarıda Türkiyənin Antalya modelində qeyd etdiyim kimi, sonradan yeni brendlər (Qax, Şamaxı, Zaqatala, Quba, Lənkəran və s.) özləri avtomatik olaraq formalaşacaq. Bundan sonra isə bu brendlərin özlərinin daxilində müəyyən brendlər formalaşacaq (məsələn Bursa-Uludağ) və son nəticə təbii ki, turizmin inkişaf etməsi və gəlirlərin artmasıdır. Bir də ki, bunu demədən yazını bitirə bilmərəm:) Qəbələdə olduğum zamanki müşahidələrimə əsasən Qəbələ şəhərinin brendləşməsi zamanı mütləq şəhərin sakit və romantik olması nəzərə alınmalıdır və bu xüsusiyyətin pozulmamasına diqqət edilməlidir. Çünki, Qəbələnin karizması tək təbiətində deyil, əsas onun sakitliyindədir.




Bəs siz necə fikirləşirsiniz Azərbaycanda turizm brendləşməsinin başlaması üçün tezdir? Yoxsa gec qalmışıq? Və ya tam zamanıdır? Məncə 3-cü:)