Reklamın marketinqdə rolu danılmazdır. Amma bəzən elə olur ki, reklamı gözəl qurulan bir iş uğurla nəticələnmir. Səbəbin araşdırdıqda görürük ki, həmin məhsulun istehlakı ya çox azdı, ya da ki yoxdur. Belə olan halda nə etməli. Həmin məhsulun istehsalın dayandırmalımı, yoxsa uğursuz reklama davam etməlimi? Cavab isə heç biri deyil. Çünki bundan çıxış yolu başqadır. Təbliğat, bəli təbliğat. Təbliğatla insanların diqqətin cəlb etmək və onların alışlarını idarə etmək mümkündür. Bunu dünyada və Azərbaycanda bacaranları göstərməklə də sübut etmək olar. Məsələn, şokaladın uşaqlara ziyan olduğu halda necə olur ki, Kinder şokaladları uşaqlar tərəfindən bu qədər çox sevilir və valideynləri onlara Kinder şokaladlarını çəkinmədən alırlar. Çünki Kinder valideynləri inandıra bilib ki, əslində Kinder süd məhsuludu, sadəcə içərisində şokalad var. Uşaqlara isə süd çox xeyirlidir. Kinder bu yolla uşaqların bir nömrəli şokaladına çevrilib.
Təbliğat aparmaqda isə ən uğurlu firmanı Reckitt Benckiser hesab edirəm. Çoxları üçün bu ad tanış olmaya bilər. Amma həmin firmanın məhsulları insanların, xüsusilə qadınların beyninə elə oturub ki, həmin məhsulları almadan marketi tərk etmirlər. Bu Calgon-dur. Calgonun reklamlarına fikir vermisinizsə, həmişə ya paltaryuyan maşın ekspertləri, ya da ki, məşhur paltaryuyan brendlərinin mütəxəssisləri ilə birgə çəkilişlər olub. Səbəb isə insanları Calgonsuz paltaryuyan istifadə etməyin təhlükəli olduğuna inandırmaqdır. Halbuki, Calgonun paltaryuyan maşınlarda qoruduğu hissənin qiyməti bir o qədər də baha deyil. Calgona verilən pullarla yeni paltaryuyan maşın almaq olar. Reckitt Benckiserin digər məhsulları da Vanish, Cillit Bang da təbliğatlı məhsullar arasındadır.
Azərbaycanda da təbliğat sahəsində uğur əldə edən firmaları saymaq olar. SAB kolbasaları bir neçə il bundan qabaq ən baxımlı kanalların ən baxımlı verlişlərində davamlı olaraq kolbasalarının istehsal olunduğu şəraiti göstərərək azərbaycanlıları halal kolbasa olduğuna inandıra bildi. Məhz SAB-ın uğurlu təbliğatından sonra azərbaycanlılar yerli kolbasalara daha inamla yanaşmağa başladılar. SAB əslində bununla rəqiblərinin də işini asanlaşdırmış olmuşdu.
Son vaxtlar isə Atena südü təbliğat aparan firmalar siyahısındadır. Onlar öz reklamlarında əsl südün əslində daha az müddətli olmalı olduğunu dönə-dönə vurğulayırlar. İnsanları inandırmağa çalışırlar ki, onların südü təbiidir və buna görə də daha az müddətlidir. Gördüyüm qədəri ilə Atena buna bacarıb. Reckitt Benckiser-in distribütoru olan Atropatena MMC, yəqin təbliğat işlərinin uğurlu olduğunu görüb, Atena südlərində bunu tətbiq ediblər.
Təbliğat insanların istehlakını artırmağa yönəldilməlidir. Alıcı nadir halda aldığı məhsulu tez-tez almağa təhrik olunmalıdır. Bu halda təbliğatı uğurlu hesab etmək olar. Bəzən bu işi tək hansısa firmanın öhdəsinə də buraxmaq olmaz. İstehlakçı bundan kommersiya məqsədi olduğunu düşünüb həmin məhsulu almaqdan imtina edə bilər. Bu zaman qeyri-kommersiya təşkilatlarının dəstəyi çox gözəl olar. Məsələn, Türkiyədə Türkiyə Makarnacılar Birliyinin təbliğatı nəticəsində Türkiyədə makaron istehlakı adambaşına 6 kq-a qədər qalxıb və ana yeməklər siyahısına düşüb. Bu isə makaron istehsalına və istehlakına böyük təsir göstərir. Bunun nəticəsidir ki, Türkiyənin Ankara makaronları istehsal həcminə görə dünyada ikinci yeri tutur. Azərbaycanda isə adambaşına düşən makaron istehlakı 1 kq-dır. Məncə, Azərbaycanda da azərbaycanlıların makaron istehlakını artırmaq üçün müvafiq tədbirləri görmək olar.