Bir neçə gün bundan öncə alış-veriş üçün marketə getmişdim. Lazım olan hər bir məhsulu aldım və birdən saç jelesi diqqətimi çəkdi. Fikirləşdim ki, onsuzda almaq istəyirdim. Yaxınlaşdım vitrinə və alternativ məhsullara da göz gəzdirməyə başladım. Nəhayət ki, bir çox çeşidlərin içərisində ikisini seçdim.









Seçimlərimdən biri nisbətən ucuz amma həcmi çox idi. Amma bir qaranlıq məsələ var idi. Həmin saç jelesinin adını birinci dəfə idi eşidirdim. Amma 2-ci məhsul isə əksinə. Qiyməti nisbətən baha, həcmi nisbətən az, amma marka çox məşhur idi.

Kənardan satıcı qız mənim qərarsız qaldığımı görüb ədəbli və nəzakətli şəkildə yaxınlaşdı:
- Sizə nə cür kömək edə bilərəm?
- Xanım, bu iki marka arasında seçimimi edə bilmirəm. Mənə kömək edə bilərsiz?

Əvvəlki təcrübələrimə əsasən bəzi saç jeleləri hər növ saça uyğun gəlmir. Bəzən qaşınma verir, bəzən kəpək problemi yaradır, bəzən isə saçı tökür. Bu növ problemlərlə rastlaşmamaq üçün daha ətraflı fikirləşməli idim.

Satıcı:
-Bu məhsulların heç biri problem yaratmır. Amma onu deyə bilərəm ki, 1-ci seçdiyiniz məhsuldan (ucuz və həcmi daha çox) mənim xalam oğlu da istifadə edir və indiyə qədər heç bir şikayət etməyib.

Məsələnin nə yerdə olduğu anlaşıldı...







Çox vaxt məhsulların satışı ilə məşğul olan şirkətlər öz mallarını daha çox satmaqdan ötrü satış mərkəzlərindəki işçilərlə razılığa gəlirlər. Məsələn, satıcıya müəyyən limit tətbiq olunur ki, mənim məhsullarımdan filan qədər sat, dövriyyədən sənə filan qədər faiz verəcəm.

Elə satıcının bu sözünü eşitmişdim ki:
- Çox sağ olun xanım, çox yardımçı oldunuz :)

1-ci götürdüyüm saç jelesini (guya satıcının məsləhət gördüyünü) vitrinə geri qaytardım və 2-ci məhsulu aldım. Amma istədim ki, xanıma ürək sözümü deyim... nə isə vaz keçdim. Xətrinə dəymək istəməzdim. Amma əgər onun dediyi doğruydusa, halal olsun ona. Gör necə diqqətlidirsə, xalası oğlunun istifadə etdiyi saç jelesinin markasını yadında saxlaya bilib. "Satıcıdakı fərasətə bax eee"



www.emilalizadeh.com