Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın günlərdə ətraflı məlumat verəcək. Təkcə onu deyə bilərəm ki, sentyabr ayına fərqli formatda Marketing AİR 3 gələcək, göstərəcək, öyrətməyəcək, amma paylaşacaq.
Hər şeydən əvvəl bu görüş tək marketer və reklamçılar olaraq yox, bir insan kimi gün boyu bizi əhatə edən stress, gərginliyə bir üsyan idi. Biz əvvəl bu tip görüşü Bakıdakı istirahət mərkəzlərinin birində etmək istəyirdik, sonra düşündük ki, Bakının özünün elə gərginliklə paralleliyi var, kənara çıxmaq lazımdır. Əminəm ki, Qubadakı 2 gün bizim bütün yorğunluğumuzu yox etdi.
Bu görüşdə 40-dan çox şirkətdən 66 nəfər iştirak etdi. Daha 20-yə yaxın insana isə yer olmadığından imtina etmək məcburiyyətində qaldıq. Əsas məsələ isə sırg bu görüşdə ilk dəfə bir-birini görən sektor adamları daha çox idi. Buna baxmayaraq mən deyərdim ki, indiyədək olan görüşlərimizin içində ən səmimi olanı bu görüş oldu. Yəqin bunu şəkillərdən də görmüsünüz. Bu səbəbdən Quba görüşü həm də marketerlər arasında olan nifaq və qeyri-səmimiliyə bir "üsyan" idi.
Görüşün müzakirə ərəfəsində facebookdakı müzakirələrdə belə bir fikir səsləndi ki, "bir gün marketerlər yığışır Qubaya gedir, o biri gün Şəki restoranında, nə bilim gah aya uçur, gah mümkünsüzü mümkün edir, gah forum keçirir, bəs bu marketerlər nə vaxt işləyir?!" Təbii ki, o ərəfədə biz bu tip fikirlərə diqqət yetirmədik. O cür düşünənlər bununla özlərinin işlədiklərini "böyüklük" kimi göstərib, bizim bu addımlarımızı "kiçiklik" görürdülərsə, biz razı. Bu halda Quba görüşü həm də "kiçik"lərin "böyük"lərə üsyanı idi. Bu tədbir göstərdi ki, işdə olmaq əsas deyil, işin başında olmaq və işin sahibi olmaq önəmlidir. Hərçənd ki, biz bilən, bazar günü şirkətlərdə iş olmur.
Anar müəllim Qubadakı təqdimatı ilə aləmi bir-birinə vurdu, satış dedi, marketinq demədi ))) Çox qızğın müzakirələrdə auditoriyadan çox qızğın komentlər gəldi. Bir növ Quba görüşü eyni zamanda satışın marketinqə "üsyanı" oldu. Bu arada təqdimatı qaçıranlar Anar müəllimin blog yazısını oxuya bilərlər.
Bundan öncəki görüşlərdə dostlar haqlı olaraq deyirdilər ki, marketerlərin əyləncəli görüşü ancaq əyləncədən ibarət olmamalıdır. Nəzərə alsaq ki, marketinq onu sevən üçün əsl əyləncədir, biz də bu dəfə və ilk dəfə əyləncəli görüşümüzdə tam 4 təcrübə paylaşımı xarakteri daşıyan təqdimatla çıxış etdik. Sənan Həsənov, İlkin Manafov, Anar Bayramov və bəndəniz az bildiklərimizdən Sizinlə paylaşdıq. Deməli Quba görüşü həm də intellektual əyləncənin bəsit əyləncəyə "üsyanı" oldu. Bundan sonra bütün tədbirlərimizdə bu nüans nəzərə alınacaq.