TV reklamların internetlə əlaqəsi haqqında çoxdandı yazmaq istəyirdim. Çoxdandı da bu haqda düşünürdüm. Bugünə qismət imiş. İnternet media inkişaf etdikcə, internet istifadəçiləri artdıqca TV reklamın internetlə əlaqəsi getdikcə sıxlaşır. Bu zaman təcrübəsiz şirkətlər bir çox səhvlər edirlər. Mənsə müşahidə edirəm ki, ümumiyyətlə bu barədə marketinq mühitimizdə fikirlər səslənmir, ya da mən rast gəlmirəm. Media keçmişimdən əldə etdiyim təcrübələri düşüncələrimlə birləşdirib sizə bəzi məsləhətlər vermək istəyirəm.

TV reklamı yerləşdirən şirkət reklamının effektivliyini artırmaq üçün nə etməlidir?
Araşdırmalar göstərir ki, artıq böyük alıcı qismi TV-də hansısa bir brand-in reklamını görəndə, internetdə bu brand haqqında araşdırma edir. Bu zaman isə əgər reklam verən şirkət internetdə lazımı işləri əvvəlcədən görməyibsə, bu reklam onun əleyhinə çevrilir.



Onun yaratdığı müştərilər başqa şirkətlərə nəsib olur. Siz əgər TV reklam yerləşdirmisinizsə, bu addımları mütləq ondan öncə atın:



1) Sadə, aydın və hərtərəfli internet səhifəsi açın. Reklamlarınızda isə çalışın saytı müştərilərin beyninə həkk edin. Çünki böyük ehtimalla bu reklamı görən sizin potensial müştəri sizi internetdə araşdıracaq. Əgər o sizin saytı tapmasa onun qarşısına sizin rəqiblərin saytı çıxacaq və o müştəri sizi unudacaq. Bir çox şirkət isə bu səhvlərə yol verərək başqaları üçün müştəri yaradırlar. Məsələn, bir çox xalça yuma şirkəti belə səhvlərə yol verir.



2) Axtarış sisteminin optimallaşdırılması (SEO).
Daha ətraflı burda http://www.majesticseo.com/.
Siz sayt yaratdıqdan sonra axtarış sistemini optimallaşdırın. Çünki reklamdan sonra müştərinin ağlında ən çox qalan şey brand-in adı olur. O isə sizi böyük ehtimalla GOOGLE-da axtaracaqdır. Optimallaşdırma aparmamısınızsa, müştəri sizi axtararkən sizin və ya sizin sektor haqqında yazılmış mənfi bir yazıya da türklər demiş ulaşa bilər. Bu zaman isə reklamınız öz əleyhinizə çevrilir. Yəni bununla zarafat etmək olmaz.



3) Online Reaktiv PR. Siz TV reklam yerləşdirdikdən sonra virtual aləmdə bu brend haqqında mənfi, müsbət müzakirələr ola bilər. Forumlarda, sosial şəbəkələrdə və s. Sizin orda deyilə biləcək mənfi fikirlərə birbaşa müdaxilə şansınız olmadığından o mənfi fikirləri və təcrübələri hamı görür. Sizin isə bu mənfi fikirlərin təsirini minimuma endirmək üçün ata biləcəyiniz ən yaxşı addım Online Reaktiv PR ola bilər. Şikayətləri dinləmək, problemləri həll etmək, potensial müştərilərinizin sizin istədiyiniz məlumatları sizin istədiyiniz yolla əldə etməyini təmin etmək.



4) TV reklam verməklə yanaşı internet reklamı da onunla bərabər vermək
. Bunun üçün ən optimal reklam google-un dinamik axtarış reklamıdır. Sizin reklam verdiyinizi görüb reklam verən rəqib şirkətin müştərilərini əlindən almaq istəyirsinizsə, buyurun. Uyğun variant.



5) Və gəldik ən vacib məsələyə. Reklam təsirlərinə hazırlıq. TV reklam verməzdən əvvəl bilin ki, sizin saytınıza kütləvi axın olacaq. Eyni zamanda sifariş həcmləriniz dəfələrlə artacaqdır. Buna əvvəlcədən hazırlaşmasanız, müştərilərinizə əks təsir edəcəkdir. Reklamdan sonra sizin sayta daxil olmaq istəyən müştəri görsə ki, o sayt açılmır bu sizin üçün faciə ola bilər. Sifariş həcmlərinin idarə olunması isə ən həssas nöqtədi. Təsəvvür edin sizin reklamdan sonra mağazaya gedən müştəri sizin malı tapa bilmir. Elə bilirsiz müştəri sizin malı tapmayanda mağazadan boş çıxacaq? Yox. Yerinə sizin rəqibin malını alacaq və onu tanıyacaq. Onun bir daha sizin brendi seçməsi isə çox az ehtimallıdı. Artıq "dünyasını dəyişmiş" Şollar suyu, Xəyal limonadları və Lakomka tumları özlərini rəqiblərinə bu cür "iftanaziya" etdirmişdilər.