Azərbaycanda turizmin inkişafı üçün 2006-cı ildən bura çox çalışırlar. Mən Azərbaycan Turizm İnstitutuna daxil olandan (2006) indiyə qədər bir çox layihə həyata keçirilib, iki dövlət proqramı tətbiq edilib (2-cisi hələ davam edir 2010-14-cü illər), qanunvericilik təkmilləşdirilib, kadrlar müəyyən qədər yetişdirilib, ancaq yenə də nəticə yoxdu deyə bilmərəm, ancaq çox zəifdi. Mən instituta daxil olan il instituta getdiyim ilk gün orda tələbələrlə görüş keçirilmişdi. O tədbirdə hamı bir ağızdan deyirdi ki, Azərbaycan çox yaxın illərdə dünyanın öncül turizm ölkələrindən birinə çevriləcək. Hətta minimum müqayisə etdikləri ölkələr, Türkiyə, Fransa, İspaniya kimi nəhəng turizm brend-ölkələr olmuşdu. Biz də böyük ümidlərlə institut həyatına başlamışdıq. Ancaq getdikcə məlum oldu ki, yumşaq desək, nəsə alınmır. Azərbaycanda turizmin inkişafı üçün ilk olaraq ölkənin dünyadakı imicinin turizm ölkəsi kimi formalaşması lazımdı. Turizmdə markalaşmağımız şərtdi. Biz bunu indiyə qədər edə bilməmişik. Turizmin Marketinqini bitirən biri kimi, mənim də bunda günahlarım ola bilər. Ancaq indiyə qədər turizmdə markalaşa bilməməyimizin bir çox səbəbləri olmuşdur. Hətta bu yaxınlarda dostlarımızdan biri Lahıcda qarşılaşdığı neqativ hallarla bağlı yazı da yazmışdı. Orda gördüyü sırf insan faktoru ilə bağlı fikirlərini bizimlə bölüşmüşdü. Azərbaycanda turizm markalaşmasına mane olan səbəblər mövcuddur ki, həmin səbəbləri 3 əsas qrup daxilində təhlil edək, onların aradan qaldırılması üçün türklər demiş önərilərimizi birgə verək. Bəlkə eşidən oldu.
İlk olaraq TƏBİİ FAKTORLARI təhlil edək. (Əlavə və dəyişiklikləri olanlar commentlərdə bildirə bilərlər)
Dünya turizm gəlirlərinə baxdıqda dəniz-günəş turizminin ən ön pillədə olduğunu rahatlıqla görə bilərik. Son zamanlarda deyirlər ki, dəniz-günəş turizmi öz əhəmiyyətini itirir, ancaq əminliklə deyə bilərəm ki, onlar düzgün danışmır. Əksinə dəniz-günəş turizminin gəlirləri dünya səviyyəsində sürətlə artır. Ümumiyyətlə turizm nəhəngi ölkələrə baxdıqda tam olaraq dəniz-günəş turizmi sayəsində nəhəng olduqlarını görə bilərik: Fransa, USA, İspaniya, Yunanıstan, Meksika (Acapulco), BƏƏ, Tailand, Malayziya və s. Azərbaycan qədim tarixi ənənələrə sahib ola bilər, çoxlu tarixi abidələrə, qədim mədəni irsə və s.-yə sahib ola bilər. Ancaq dəniz-günəş turizmi inkişaf etdikdən sonra bunlardan danışmaq olar. İnsanların böyük əksəriyyəti xarici ölkəyə istirahət məqsədilə gedir, əgər biznes turist deyilsə. O insanlar, istirahət üçün gəldiyi ölkədə əgər zəngin tarixi abidələr (həm də məşhur), gözəl təbiət, maraqlı yerlər varsa, istirahətlə yanaşı onları görmək istəyəcək. Sırf o yerlərə, təbiətə, abidələrə baxmağa gələnlərin xüsusi çəkisi isə çox azdır və çox hissəsi də təqaüdçülərdir (yəni nisbətən kasıb hissədir). Əgər biz turizm ölkəsi olmaq istəyiriksə, mütləq zəngin turistləri bura cəlb etməliyik. Azərbaycanda isə, Xəzər dənizi sahilində yerləşən turizm müəssisələri dünya baxımından olduqca məhduddur. Çünki Xəzər dənizi (gölü) dünyada çirkli göl kimi, neftli göl kimi tanınır. Nəhəng turist ixracatçısı ölkələrdən (Avropa, Rusiya və USA-dan) isə bura turist gəlmir. Çünki onlar çirkli dənizdə üzmək istəmirlər. Eyni zamanda böyük beş ulduzlu otellərin əksəriyyəti, Bakı şəhərində (biznes turistlər üçün-Business otellər və ya residence-lar), Qəbələ rayonunda (hansı ki, ağıllı turist belə dənizin olmadığı yerə gəlib od qiymətinə oteldə qalmaz) və başqa dağlıq yerlərdə (Lerik, İsmayıllıda Sheroton) tikilir. Dənizin sahilində brend olmuş otel adı çəkmək lazım gəlsə, Atlant-ın adını çəkə bilərəm, o da 4 ulduzlu. Qalanlarını mən tanımıram, Avropalı hardan tanısın? Bu dağlıq və meşəlik yerdə tikilən otellərə isə ancaq yerli əhali gedər, ona görə də o otellər daima regional səviyyədə qalacaq. Sadəcə yerli əhaliyə hesablanmış turizm siyasəti ilə turizm ölkəsi olmaq mümkün deyil. Bu faktdır. Azərbaycanda yay 3 aydır. Turizm ölkələrində isə bu müddət 50-60% çoxdur, müddət baxımından. Buna görə də bizim ölkədə otellərin ucuz olma şansı azdır, başqa ölkələrin 5 aya qazanmaq istədiyi pulu bizim otellər 3 aya götürməyə məcburdu. Biz bu səbəblərə görə MARKALAŞA bilmirik. Buna görə rəqabətdə qiymət və keyfiyyət baxımından dünya turizm ölkələrinə uduzuruq. Keyfiyyətin aşağı olmasının səbəblərini aşağıda izah edəcəm.
Gələk qış turizminə. Biz bilirik ki, dünya coğrafiyasının zəngin ölkələri şimal və ya cənub (Avstraliya, RSA, Yeni Zellandiya) ölkələridi. İsti ölkələr isə, əgər neft və ya turizm ölkəsi deyilsə, daha kasıb ölkələrdi. Qış turizm istehlakçıları isə qətiyyən kasıb hissə ola bilməz. Bizə Hindistandan, Afrikadan, Cənubi Amerikanın qar görməmiş cəngəllik rayonlarından turist gələcəyi inandırıcı görünmür. Qış turizm istehlakçıları da elə bu şimalın nisbətən zəngin ölkələrindəndi. Ona görə də hədəfimiz yenə şimal ölkələri olmalıdı. Məsələ burasındadı ki, onların isə artıq öz ölkələrində belə təsislərin çox daha yaxşıları mövcuddur. Bizim elə təsis və infrastruktur qurmağımıza illər var. Həm də ki, öz ölkələrində olan daha yaxşı qış turizm təsislərini qoyub, gəlib Azərbaycanda xizək sürəcəyinə şəxsən mən inanmıram. Qusarda yeni açılmış qış turizm təsisi isə həmişə regional qalacaq. Bizim əsas çıxış yolumuz dəniz-günəş turizmidir və ya yay turizmi də deyə bilərik buna.
Təbii faktorların yaratdığı maneələri tamamilə aradan qaldırmaq mümkün deyil ancaq minimuma endirmək üçün
a) Xəzər dənizinin dünyadakı "çirkli" imicini dəyişmək yönündə tədbirlər görmək şərtdir. Bunun üçün orda böyük təmizlik işləri aparılmalıdır. Zavod tullantılarının, neft sızmalarının dənizi kirlətməsinin qarşısını alınmalıdır. Əgər neft sızmalarının qarşısını almaq mümkün deyilsə, onda turizm ölkəsi olmağımızdan ötrü neftin bitməyini gözləməyimiz məcburiyyətdir. Eyni zamanda bu təmizlik işləri başa çatdıqdan sonra dünyada Xəzərin təmiz dəniz olduğunu bildirən propaganda aparmaq da şərtdir. Dünyanın turizm ixracatçısı ölkələrin ən reytinqli media resurslarında buna aid sifarişli xəbərlərin olması pis olmazdı.
b) Turizm müssisələrinin qurulması zamanı onların Xəzərin sahilinə tərəf yönləndirilməsi üçün təşviqat və həvəsləndirici şərtlər təşkil etmək lazımdır. Çünki, bizim əsas dayaq yerimiz dəniz-günəş turizmidir. Qəbələ, İsmayıllı, Qax, Lerik, Qusar yaxşı rayonlardı, ancaq orda açılacaq bütün müəssisələr dəniz olmadığına görə regional qalacaq.
İkincisi İNSAN FAKTORLARINI təhlil edək.
Azərbaycan, Qazaxıstan, Rusiya, İran və s. bunun kimi eynitipli turizmi zəif olan region ölkələrində insan faktoru ilə bağlı 2 əsas problem var: 1) Müştərilərin turizmçilərə münasibəti (turizmçi deyəndə əslində sırf xidmət edən personalı nəzərdə tuturam, menecerlərin müştərilərlə birbaşa ünsiyyətdə demək olar ki, olmamaları səbəbilə) 2) Turizmçilərin ümumi münasibəti.
Müştərilərin Turizmçilərə münasibəti. Azərbaycan kimi, xidmət anlayışı inkişaf etməmiş ölkələrdə əsas səbəb mənə görə həm də elə insanların özüdü. Ona görə ki, onlar xidmət edən şəxslərə yaxşı baxmırlar. Mən özümnən misal çəkim. Tələbə vaxtı və əsgərlikdən təzə gələndə fikrim turizm sahəsində çalışmaq və gələcəkdə özümə böyük bir turizm işlətməsi (otel, restoran və ya böyük bir gecə klubu) açmaq idi. Ümumiyyətlə deyim ki, təcrübəsiz işçilərin iş tapması çox çətindi, Azərbaycanda. Əsgərlikdən gələndə bir az iş axtardım və 5 ulduzlu otellərdən birinə məni ofisiant götürdülər. Ancaq nə oldusa, ondan sonra oldu. Evdən bildilər ki, mən ofisiant işləyirəm, ilk danlağı onlardan eşitdim. Elə qəbul etdilər ki, nəsə yaraşmayan bir işlə məşğulam. Sonra dostlar, qohumlar məni atəşə tutdular ki, ali təhsilli, savadlı, nə bilim hamımızın fəxr etdiyi adamsan sənə yaraşar gedib ofisiant işləyəsən? Sənə iş yoxdu? Bəzi yaxşı vəzifələri olan qohumlar da mənə "dövlət işi" təklif etdilər. Bəzi dost-tanış eşidəndə ki, mən ofisiant işliyirəm, mənimlə əlaqəni soyutdular (Allah canların sağ eləsin). Sonra gördüm ki, mən biraz da işləsəm tamam "hörmətdən düşəcəm". Sonra bu sahədən əl çəkdim. Turizm yaxşı xidmət etməyi bacaran birini itirdi (bu barədə təvazökarlıq gözləməyin məndən). Mənim kimi cəmiyyəti çox az vecinə alan adam belə etdisə, başqalarını siz düşünün. Turizm ölkələrində isə 50-60 yaşlarında ofisiantlar var ki, bu sənəti bir incəsənət kimi qəbul edirlər. Türkiyədən və İtaliyadan neçəsini özüm şəxsən tanıyıram.
Turizmçilərin ümumi münasibəti. Azərbaycan kimi xidməti inkişaf etməmiş ölkələrdə əsas problemlərdən biri də, təhsili aşağı olan xidmət adamları sayəsində turizm və iaşə xidmətçiləri haqqında çox pis imic formalaşmasıdı. O xidmət adamları müştərilərə xidmət etməyi bacarmırlar. Müştərilərdə özləri və sahələri haqqında çox pis imic formalaşdırırlar. Bu təcrübəsizliyin əsasında isə yenə insanların pis münasibəti dayanır. Hətta avqustun 20-də ölkədə sayılıb seçilən məkanların birində dostlarımızla görüşürdük. Məkana baxanda fikirləşirsən ki, burdan yoxdu. Ancaq bircə xidmətə başlamayalar. Bütün düşüncələrin alt üst olur. Yuxarıda 50-60 yaşlı ofisiantlardan danışmışdım. Bizdə isə 20-25 yaşdan yuxarı adamlar artıq xidmət etməyi özlərinə ayıb bilirlər. Bizdə 50-60 yaşlarında ofisiant tapmaq demək olar ki, mümkün deyil. Çünki onlar 30 yaşından yuxarı ofisiantlığa davam etsə, bizim kimi xidmət baxımından geridə qalmış ölkələrdə onu belə demək mümkünsə, "adam yerinə" qoymazlar. Hər kəs düşünər ki, özünə hörmət eləmir. Hansı ki, bu inkişaf etmiş turizm ölkələrində belə deyil. Eləcə də digər turizm xidmətçiləri (housekeeper, barmen və s.) Bir xidmət adamını yaxşı yetişdirməkdən ötrü illər lazım olur. Ancaq tam xidmət eləyə biləcək səviyyəyə çatmışkən o sənəti tərk edir. Yerinə yenə də təcrübəsizləri gəlir və bu türklər demişkən kısır döngü kimi davam edir. Xidmət sektorunun ən vacib amili insandır.
Bu insan faktoru ilə bağlı problemləri aradan qaldırmaq və MARKALAŞMA yolunda addım atmaq üçün ən effektiv yol təbliğatdır (təhsil deyil) . İlk olaraq xidmətə olan münasibəti beyinlərdə dəyişmək lazımdı. Sonra o dəyişmiş beyinlərə təhsil vermək. Çünki o beyinlər dəyişməyibsə, təhsilin heç bir önəmi yoxdur, o yenə gedib başqa sahədə çalışacaq. Daha prestijli olduğunu düşündüyü işlərə yönələcək. Məsələn, mənə Azərbaycan Turizm İnstitutunda mükəmmələ yaxın təhsil veriblər, sağ olsunlar. Ancaq mən hal-hazırda turizm sahəsindən çox uzaqlaşmışam. Turizmin marketinqi üzrə yox, sadəcə marketinq üzrə çalışmışam. İndi isə öz biznesim üzərində işləyirəm. Mənim yerimə isə digər sahələrdə işləri alınmayanlar və ya tamamilə başqa sahədə təhsil almış adamlar çalışır. Çünki mən də xidmət etməyi özümə sığışdırmıram (obyektiv və subyektiv səbəblərdən). Və yenə çünki xidmət edənlərə münasibət yumşaq desək, yaxşı deyil cəmiyyətimizdə. Təbliğat üçün turizm nazirliyinin dəstəyi ilə xidmət festivalları təşkil etmək sadəcə variantlardan biridir. Bu festivalda isə, həm ölkənin ən peşəkar xidmət adamları, həm də məşhurlardan ibarət qrup iştirak edə bilər. Bu məşhurlar isə cəmiyyətə nümunə ola biləcək şəxslər olmalıdır. Məsələn, Turizm Nazirinin özü həmin festivalda xidmət edən rolunda iştirak etsə, kiməsə özü şəxsən xidmət etsə, cəmiyyətdə turizmin xidmət adamlarına münasibət dəyişməyə və stereotiplərin yox olma prosesi başlaya bilər. Çünki belə millətlər baxıb hərəkət eləməyi xoşlayır. İnsanlarımızın xidmət adamlarına "yuxarıdan-aşağı" baxmasının qarşısını ala bilməsək, bizdə turizm olmayacaq. Əgər kiminsə bu tədbirləri görməyə gücü varsa, kiminsə gücü ilə yanaşı ciddiliyi də varsa bu barədə, gəlsinlər onlara 10-a yaxın buna bənzər ideyalar verim, millətin beyni tamamilə dəyişsin. Sonra da ən təəccüblüsü odur ki, bu insanların özləri yaxşı xidmət görməyəndə şikayət edirlər. Bəs siz xidmət adamlarına "yuxarıdan aşağı" baxanda bilmirdiz, heç kim xidmət etməyi özünə sığışdırmayacaq və sizə pis xidmət edənlər çoxalacaq?
Sonda gəlin MAKRO MƏSƏLƏLƏRDƏN danışaq.
İlk olaraq bu məsələlərə başlamazdan əvvəl bunu demək istəyirəm ki, bir ölkədə mükəmməl bir təsis və təkcə o təsisdə mükəmməl personal ola bilər. Bu Azərbaycanda da belədir. Məsələn, Four Seasons otelini misal çəkə bilərəm. Ancaq bir ölkənin imici yumşaq desək, yaxşı deyilsə, oraya turist gələn deyil. Məsələn, sizə iki təklif versələr və desələr ki, birincisi Madagaskar respublikasında 5 ulduzlu otel var və düz Hind okeanının kənarındadı, personalı da Avropada yetişdirilib və mükəmməl səviyyədədi, ikincisi isə İspaniyadadı, 2 ulduzlu otel, Aralıq dənizinin sahilindədi və personalı da yerli kəndlilərdi və elə də peşəkar deyillər. Siz hansı ölkəyə getməyi seçərsiz? Madagaskara, yoxsa İspaniyaya? Mən İspaniyanı seçərəm. Bu ölkənin imicinin nə qədər önəmli olduğunu göstərir. İkinci bir tərəfdən isə əgər siz turizmi çox inkişaf etmiş bir ölkənin hansısa otelinin xidmətindən razı qalmasaz, bu günahı yalnız o otelə aid edirsiz. Gələn dəfə yenə o ölkəyə gedirsiz, ancaq oteli dəyişirsiz. Ölkədən yox, oteldən narazı qalırsız. Çünki siz məsələn Fransadakı xidmət haqqında pis fikir söyləsəniz, bilirsiz ki, sizinlə razılaşmayanlar çox olacaq. Bu brendin gətirdiyi üstünlüklərdi. Mən Fransada pis xidmət görsəm və gəlib desəm ki, Fransada xidmət aşağıdı, mənə gülərlər. Çünki ən çox turist qəbul edən ölkədi dünyada. Ona görə də oteli pisləyə bilirəm ancaq. Çünki brend kütləvi istehlakçılar tərəfindən rəğbətlə qarşılanan markadı. Ancaq dünyadakı imici elə də yaxşı olmayan bir ölkənin otelinin xidmətindən narazı qalanda isə bu ölkəni günahkar çıxarırsız. Qayıdanda deyirsiz ki, bu ölkədə xidmət belədir. Bu oteldə yox haa, bu ölkədə. Əgər biznes məqsədilə deyilsə, ora çox nadir hallarda təzədən gedirsiz. İmicin nə qədər vacib olduğunu bundan sonra söyləməyə ehtiyac yoxdu məncə.
Makro məsələsinə giriş etdikdən sonra başlayaq.
Makro faktorlar sırf dövlət siyasəti nəticəsində turizmin inkişaf etməsi və ya geri qalmasını yaradan səbəblərdi. Bəs yaxşı biz Azərbaycanı bir turizm markası kimi tanıtmaq və brend etmək üçün nələri etmişik, nələri etməmişik və ya nələr edə bilərik?
İlk öncə etdiklərimiz:
a) Beynəlxalq festivallarda iştirak. Eurovision mahnı müsabiqəsində yüksək səviyyəli iştirak və qalibiyyət. Dövlət Allah bilir bunun üçün nə qədər pul xərcləyib SMS-lərə. Olimpiadada yüksək səviyyəli iştirak. Bəzən idmançılarımız qızıl medal almaq üçün oyunları "alır", ancaq bu ölkənin tanıtımına nisbətən kömək edir. Neftçi APOEL ilə oyunu "almışdı". Lakin bunun mənfi tərəfləri də var ki, onları aşağıda izah edəcəm. Necə ki, Rusiya 2008-ci ildə Uefa kubokunu "almışdı". Zenit-Bayern oyunu indiki kimi xatırımdadı. Yarım final oyununu 100% almışdılar.
b) Sponsorluq fəaliyyəti. Atletiko Madrid formasının üzərindəki Azerbaijan Land of Fire yazısı. Ancaq məncə bu Real Madrid və ya Barcelona olsaydı daha yaxşı olardı.
c) Müxtəlif dünya və Avropa səviyyəli tədbirlərə ev sahibliyi. Məsələn, Olimpiadalara ev sahibliyi təşəbbüsü, Elton John-un 2007-ci ilin sentyabrında Bakıya 5 milyon dollar qarşılığında gətirilməsi, Eurovision mahnı müsabiqəsinə ev sahibliyi, Müxtəlif idman yarışlarına ev sahibliyi və s. Ancaq təəssüf ki, belə yerlərə pul xərcləmək ölkəni tanıtsa da, pulu olub ağılı olmayan ərəb milyarderləri imici yaradır. Guya biz zəngin neft ölkəsiyik, savadımız yoxdu, ancaq pulumuz var və hara oldu xərcləyirik. Yəni bir sözlə kef üçün yaşayırıq.
d) İnfrastruktur layihələrinin və şəhərlərin (xüsusilə Bakının) estetik gözəlləşdirilməsi layihələrinin həyata keçirilməsi. İndi Bakını Paris ilə, Madrid ilə müqayisə edənlər də var.
e) Hava limanlarının sayını çoxaltmaq və mövcud olanların capacity-sini artırmaq və standartlarını yüksəltmək (upgrade etmək)
f) Yüksək səviyyəli turizm təhsili verə biləcək Azərbaycan Turizm İnstitutunun formalaşdırılması
g) Yeni dəniz vağzalının layihələşdirilməsi sayəsində Bakının Xəzərin ən böyük portu halına gətirilməsi
Bu bizim indiyə kimi makro səviyyədə görə bildiyimiz turizm adına müsbət işlərdi.
Nələri etməliyik:
a) İlk olaraq Xəzərin həm statusu, həm imici üzərində dərindən işləmək. Yuxarıda bildirdiyim kimi, Xəzər çirkli dəniz kimi tanınır, bura ona görə öncül seçim deyil turistlər üçün.
b) Xəzər sahili ərazilərdə turizm müəssisələrinin, xüsusilə də resort otellərin tikintisini təşviq etmək. Orada vergi endirimləri etmək və ya müvəqqəti olaraq tamamilə azad etmək, kommunal xərclərin bir qismini dövlət hesabına ödəmək təşviqat üçün ilk ağıla gələnlərdi. Eyni zamanda bu otellərdə yer bron edən turistlər üçün visa şərtlərini maksimum asanlaşdırmaq da daha bir seçimdi.
c) Ticarət turizmini inkişaf etdirmək üçün Sədərək və Binə ticarət mərkəzləri formatında amma Mall böyüklüyündə ticarət zonaları formalaşdırmaq (Dubai modeli). Bura kütləvi ticarət turistlərinin axınını təmin etmək üçün qanunvericiliyin və nəqliyyat (xüsusilə hava) sisteminin düzənlənməsi
d) Təhsillə yanaşı təbliğat işlərinin sürətləndirilməsi, turizmin bir ümummilli sərvət olduğunu hər kəsi inandırmağa çalışmaq. Bunun üçün yuxarıda daha öncə danışmışdım.
e) Olimpiada stadionu tikməklə yanaşı və ya onun yerinə dünyada səs gətirə biləcək memarlıq və mühəndislik layihələrini reallaşdırmaq. Məsələn Palm İseland kimi, Bürc-Əl Ərəb kimi, Eyfel kimi. Maliyyə krizisi başlamazdan əvvəl (2008-dən əvvəl) Zira İseland layihəsi vardı, onu həyata keçirmək əla olardı. Çünki turistlər belə layihələrə böyük maraq göstərirlər. Bu layihələr ölkənin dünyadakı imicini çox yuxarı çəkir.
f) Dəniz-günəş turizmi üçün gələn turistlər böyük ehtimalla bizim digər sərvətlərimizlə də maraqlanacaqlar. Meşəyə getmək istəyəcəklər, tarixi abidələrimizi görmək istəyəcəklər, maraqlı yerlərimizi görməyi arzulayacaqlar. Bunun üçün də həmin yerlərin turistlər üçün hazır hala gətirilməsini təmin etmək lazımdır. Ancaq bu böyük ölçüdə dövlətin vəzifəsidi. Çünki muzeyşünasa 120 manat maaş verməklə ondan 3 xarici dil bilməyini tələb edə bilmərsiz, Yanardağda aylıq 100 manata işləyən birindən Avropalıları yola salmağı tələb edə bilmərsiz. Hansı ki, onların maaş səviyyəsini on qat artırmaq üçün, indiki zamanda xərclənən pulla müqayisədə simvolik rəqəmlər kifayət edir.
Nəticə
- ƏGƏR turizmin inkişafı sadəcə təbiətin gücü ilə olsaydı, onda Keniya turizm nəhəngi olmalıydı, Cənubi Amerikanın gözəl təbiətli, okean sahili və il boyu yay olan mükəmməl iqlimli ölkələri də turizm nəhəngləri olardı.
- ƏGƏR turizm qədim tarixə malik olmaqla başa gəlsəydi Misir sadəcə Şarm Əl-Şeyxdən ibarət olmazdı (Şarm Əl-Şeyx də İsrail-in nəzarəti altında olarkən turizm baxımından inkişaf edib),
- ƏGƏR turizm sadəcə insan faktoru ilə əlaqəli də olsaydı, Tailand, Tayvan, Cənubi Koreya və qonaqpərvərliyi ilə məşhur olan Sintsan-Uyğur da turizm ölkəsi olardı.
- ANCAQ təəssüf ki, turizm bütün faktorların bir araya gələrək yaratdığı biznes sahəsidir. Burda şərtləri ən yaxşı şəkildə təmin edən ölkə turizm nəhəngi ola bilir.
- İnşallah vətənimiz Azərbaycan da bir gün turizm nəhəngi olacaq və bu sahədə MARKALAŞACAQ. Uzun yazı alındı, ancaq bu demək istədiklərimin ən qısa forması idi.
MuZ
Bir Bəndə-i Marketinq