Sosial media ilə çox sıx əlaqədar birisinizsə, Pinterest adını bu ərəfələr daha çox eşitmiş olmalısınız. Elə biz də son zamanlar çox eşitdiyimizdəndir ki, bu haqda yazmaq istədik. Facemark olaraq bu haqda ilk dəfə aznetdə məlumat verdiyimizə görə də çox sevincliyik.
Bəs, sürətlə inkişaf edən sosial media şəbəkəsi Pinterest nədir?!
Pinterest haqqında onun 2012-ci ilin sosial media bombası olacağını deyirlər, özü də qadınların liderliyi ilə. Çünki üzvlərinin əksəriyyəti qadındır. Pinterest virtual bir lövhədir. O lövhədə qeydiyatdan keçən üzvlər sevdikləri şəkilləri özlərinə aid hissədə paylaşırlar. Qısa desək, sayt şəkil sancaqlama, yapışdırma (pinboard) saytıdır. Şirkət olaraq 2010-cu ildə yaranmış, 2011-ci ilin yanvar ayında böyük rezonansa səbəb olmuşdur. 2012-ci ilin yanvar ayı statistikalarına görə isə şəbəkə 140% artımla irəliləyir. Qeyd edək ki, sayt fotoqraf və dizaynerlər üçün portfolio lövhəsi kimi də istifadə edilə bilər.
Əslində bu sahədə, yəni şəkil paylaşımı sahəsində Pinterest ilk deyil. 2-3 il öncə Visualize məşhur idi. (vi.sualize.us) Orada da hər hansı bir saytda bəyəndiyiniz şəkil olardısa, onu visualize-də saxlaya bilər və ya elə saytın özündə faydalı və keyfiyyətli şəkillər tapa bilərdiniz. Pinterestin fərqi isə şəkili kateqoriya çərçivəsində paylaşmanızdadır. Yəni müxtəlif kateqoriyalı lövhələr açırsınız və paylaşdığınız şəkillər o lövhədə yayımlanır və bundan da başqa paylaşdığınız şəkilə qısa izah da yaza bilirsiniz. Sevdiyiniz yemək reseptləri, kitabları, yazınızın linkini, şəkil kaaloqunuzu, portfolionuzu və s. bir çox şeyləri paylaşa bilirsiniz. Bir sözlə Pinterestin ən önəmli faydalarından biri digər saytlara yönləndirmə imkanı ilə hamin saytın trafikini artırmağa kömək etməsidir. Saytın özəlliklərindən biri üzv olarkən məcburi olaraq ya twitter, ya da facebook hesabından daxil olma məcbiryyətidir. Hesabın hər hansı birindən daxil olarkən sayt özü sizin məlumatları avtomatik alır. Görünür ki, saytın məqsədi bütün dünyadakı sosial şəbəkələri bir yerə yığmağa nail olmaqdır. Şəbəkənin ən böyük gəliri isə saytın GİFTS bölməsindəki məhsulların affilate sistemi ilə təqdim olunmasıdır.
Necə üzv olmaq olar?
Pinterest üzv olma sahəsində maraqlı sistemlə çalışır. Üzv olmaq üçün buraya üzv olmuş dostlarınızdan dəvət almanız lazımdır. Yəni dostlarınız Sizin mailə dəvət göndərə bilərlər. Əgər Pinterestə üzv olmuş dostunuz yoxdursa və ya dəvətiniz yoxdursa, o zaman facebook və ya twitter hesabınızdan sistemə daxil olmalısınız. Bundan sonra təxminən 1 həftə ərzində Sizə cavab yazırlar və bundan sonra həqiqi üzv olursunuz.
Necə işləyir?
Üzv olduqdan sonra veb brauzerinizə “Pin it” düyməsini əlavə edirsiniz və saytlarda gəzişərkən bəyəndiyiniz hər hansı bir şəkili bu düymənin vasitəsilə “pinləyirsiniz”. Bundan sonra pinlənmiş şəkil həmin an pinterestdəki lövhənizdə avtomatik yayımlanır. Siz pinlədiyiniz şəkili dostlarınızla da paylaşa bilərsiniz.
Brauzerlər üçün fərqli və gözəl dizaynlı düymələr də maraqlıdır. Hətta artıq iphone və android üçün hazır aplikeyşnləri də var ki, Siz telefonunuzdan da eyni şeyləri edə bilərsiniz.
Lemon.ly adlı marektinq şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ortaya çıxan nəticələr əminik ki, Sizi də çox təəccübləndirəcək.
Pinterest haqqında şübhəsiz ən maraqlı məlumat 10 milyon üzvü olan sayt olmasına baxmayaraq cəmi 16 işçisinin olmasıdır. Digər maraqlı məlumat isə saytın ABŞ-da ayda 10 milyon aktiv istifadəçi sayına ən tez gəlməsidir.
Pinterestin aylıq 12 milyona yaxın aktiv istifadəçisi olması ilə yanaşı 10.4 milyon da qeydiyyatlı üzvü var. Pinterestin Facebookla əlaqəsinə diqqət edilsə, saytın üzvlərinin 9.5 milyonu həm də facebook istifadəçisidir.
Sayt haqqında daha bir maraqlı məlumat isə saytın facebook səhifəsini bəyənən (like) 1 milyondan çox insanın 97%-nin qadın olmasıdır. Əlavə olaraq Pinterestin digər saytlara yönləndirdiyi ümumi tarfikin Linkedin, Google+ və Youtube-un birgə trafikindən daha çox olması da diqqət çəkicidir.
Pinterestin üstünlüklərindən biri də odur ki, üzv olarkən siz maraq dairənizi qeyd edirsiniz və bundan sonra lövhənizdə maraq dairənizə uyğun olan dostlarınızın şəkillərini görürsünüz.
Pinterest haqqında daha ətraflı məlumatı aşağıdakı şəkildə görə bilərsiniz.