İngiltərə bankı HSBC-in İngiltərədəki fərdi və ticarət bankçılıq bölməsinin səhmlərinin 30 faizə qədər hissəsinin ilkin kütləvi təklifini (İPO) nəzərdən keçirir. Səhmlərin ilkin kütləvi təklifilə İngiltərədə bankların fərdi bankçılıq vahidlərilə bağlı nəzərdə tutulan yeni tənzimləmələrə uyğunlaşmanın təmin edilməsi məqsəd qoyulur.



Səhmdarların və vergi mükəlləflərinin qorunması məqsədilə hazırlanan yeni qaydalar, bankların fərdi bankçılıq bölmələrinin daha riskli olan sərmayə bankçılığından ayrılmasını nəzərdə tutur. Bu öhdəçiliyin yerinə yetirilməsi üçün səhmlərin ilkin kütləvi təklifi məntiqli bir addım kimi qiymətləndirilir. HSBC 200 milyard dollarlıq bazar dəyəri ilə Avropanın ən böyük bankıdır. Bankın İngiltərədəki bölməsinin bazar dəyərinin 20 milyard sterlinq (32.7 milyard dollar) dəyərində olduğu təxmin edilir.