Fiat, “Chrysler”i tamamilə satın alır. ABŞ-ın avtomobil nəhəngi “Chrysler” italyanların olur. İtalyan avtomobil istehsalçısı “Fiat SpA”, “Chrysler Group LLC”nin hal-hazırda sahib olmadığı 41,5% nisbətindəki səhmlərini satın almaq üçün bir ildən artıqdır davam etdirdiyi müzakirələri müvəffəqiyyət ilə yekunlaşdırıb. “Fiat”, səhmləri cəmi 4,35 milyard dollar qarşılığında satın almaq üçün “United Avto Workers” (UAW) həmkarlar təşkilatı ilə razılaşıb.
Söz mövzusu səhmlər UAW-in nəzarətindəki təqaüd fondu “Veba”nın əlindədir. “Veba”, əlindəki səhmlər üçün 3,65 milyard dolları nağd alacaq. Bu vəsaitin 1,9 milyard dollarını “Fiat”, 1,75 milyard dollarını “Chrysler” ödəyəcək. Satın alma başa çatdıqdan sonra “Chrysler”, üç ildə “UAW”ə daha 700 milyon dollar ödəyəcəkdir. “Fiat” yaydığı açıqlamada satın almanın 20 Yanvar tarixində tamamlanacağını bildirib.
“Fiat” və “Chrysler”in rəhbərliyini icra edən Sergio Marchionne, “Veba”nın əlindəki “Chrysler” səhmlərini almaq üçün uzun müddətdir bazarlıq edirdi. “Fiat”ın 2 milyard dollar qiymət qoyduğu səhmlər üçün “Veba” 5 milyard dollar istəmiş, istədiyi qiyməti ala bilməyincə də səhmləri birjada kütləvi açıq üsulla sataraq “Fiat”ı çətin vəziyyətdə qoymağa çalışmışdı. Bu xəbərin yayıldığı ilk günlərdə, analitiklər bunun, Marchionneni məcbur etmək istəyən “Veba”nın bir taktika oyunu olduğu qiymətləndirməsini vermişdi.