Yazıma başlarkən öndə gələn şirkətləri və onların “marketing team”lərini gözdən keçirdim. “İgidi öldür, haqqını ver” məntiqi ilə deyə bilərəm ki, son 4-5 ildə marketerlərimiz böyük bir məsafə qət ediblər.
Bir vaxtlar business kart çap edən, xarici qonaqlara bilet alan və reklam çəkilişlərini təşkil edən bir qavramdan, məhsulun hazırlanmasına fətva verən, sifarişlərdə iştirak edən, bazarı araşdıran, tələbi yaradan və ya var olan tələbi artıran, imici yaradan və ya dəyişdirən bir qurum halına gəldilər.
Yaxşı, marketerlərin “günü bacıları” ( günü bacı əvvələr bir kişini iki arvadının bir-birlərinə xitab şəkilidir) PR team haqqında eyni şeyləri demək mümkündürmü? Yəqin çoxunuz da mənimlə razılaşarsınız ki, xeyr. Çox götür-qoy etdikdən sonra qərara gəldim ki, bu yazımda “ PR nədir?” “Hansı işlə məşğul olmalıdır? “Uzun – uzadı namələri aşağıdakı iki səbəbdən yazmayım :
a) Ədəbiyyatda bu barədə istənilən qədər məlumat var
b) Hazırkı vəziyyətdə PR nə olduğundan daha çox onun nə olmadığını yazmaq daha doğru olardı.
1. PR mütəxəsisi telefonla zəng vurub nəyisə satmağa çalışan şəxs deyil. Bir çoxlarınız bu cürə zənglər almısınız: “Salam. Sizinlə danışan XXXXX şirkətindən PR meneceri Şəfa xanımdır, bizim şirkətin yay səyahətlərinə etdiyi endirimlər barədə sizə məlumat vermək istərdim”.
2. PR mütəxəssisi Azərbaycan dilində danışarkən mübtəda ilə xəbərin yerini bilməyən sarışın xanım deyil. Gözəl görünmək, gülərüz olmaq yaxşı keyfiyyətdir, amma PR mütəxəssi olmaq üçün azdır.
3. “PR mütəxəssisi xanım olmalıdır (qadın işidir)” fikri yanlışdır. Ən uğurlu PR adamlarının çoxunun xanım olmadığını nəzərə alsaq, ( Edward Bernays-dan İ. Lee-dən J.Grunig-ə qdər bu siyahını uzatmaq olar ) pozitiv diskrinimasiyanın PR-la yaxından-uzaqdan əlaqəsi olmadığını görərik. Bir PR mütəxəsisinin istifadə edəcəyi onun xanımlıqı, məlahəti, şəvqəti deyil,zehni əməyidir.
4. PR tək məqsədi Press-reliz yaza bilməkdir. Bir PR mütəxəssisinin press-reliz yaza bilməsi müsbət xüsusiyyətdir, lakin yaza bilməməsi onun yaxşı bir PR-çı olmasına maneə deyil.
5. PR pulsuz reklam etmək yoludur. PR aktivitəsi ödənişli və ya ödənişsiz ola bilər.
6. Tamamən süni və mədhiyyəçi insanların etməli olduğu məsləkdir – PR-dakı uğurun ən başlıca hiyləsi düzgünlük və səmimilikdən keçir.
7. “PR çalışanı daha əvvəl jurnalist olmalıdır, TV kanallarından və ya jurnallarda geniş əhatə toplayıb gəlməlidir”. Jurnalistika və PR fərqli peşələrdir. Professional bir jurnalistin PR barədə bilmədiyi bir çox şeylər olabilər. Çünki bu peşələrin vitrin arxası və dünya görüşlərində fərqlər var. Jurnalistika daha çox publisistika, insanların məlumatla xəbərlə təmin olunma xidmətini yerinə yetirirsə, PR-ın vitirin arxasında isə Sosial Psixologiya dayanır, daha çox ictimai rəyi formalaşdırmaq, onu idarə etmək və ya dəyişdirmək üzrə ixtisaslaşır.
8. PR –rəhbərliyi təmizə çıxarmaq sənətidir. Yaxşı PR-çı şirkətinin alacağı strateji qərarların hədəf kütləyə yansımasını əvvəlcədən görməli, ola biləcək hər hansı səhv başa düşülmə barədə xəbərdarlıq etməlidir.
9. Və ən ağrılı məsələ “PR marketingin bir hissəsidir”. – Bəli bir marteting stratejisi zamanı PR tool olaraq istifadə etmək olur. Amma PR hər zaman marketingin bir hissəsi deyildir. Nəzərdən qaçırmayaq ki PR siyasi ola bilər, Non profit ola bilər, amma eyni şeyləri marketinq barədə deyə bilmərik.
Bir qədər də PR barədə ümumi rəydə olan yanlış düşüncələrə toxunmaq istəyirəm.
· “Hər növ media məlumatı yaxşılığa doğrudur” ( reklamın yaxşısı-pisi yoxdur əfsanəsinin bir qoludur ). Bu qənaəti inkar edən çox sayda misallar göstərmək mümkündü ki, bu qəbildən olan informasiyalara qarşı xüsusən də FMCG daha da diqqətli olmalıdır.
· “PR xidməti ucuzdur və asandır” bəzi dairələrdə belə bir təsəvvür var. Əgər PR haqqımda ola müsbət doğruları hədəf kütləmə çatdırmaq və ictimai rəy formalaşdırmaqdırsa, bu işi jurnalistləri dəvət ederək özüm həll edə bilərəm. O zaman belə bir sual bizi maraqlandırır: “hər kanaldan alınan informasiyanı biz qəbul edirikmi?” və ya “hər doğrunu ifadə etmə tərzimizin “doğru” olduğuna əminikmi?” Əgər müəssisə və şəxslər barədə müsbət doğruların çatdırılma kanalı, üslubu, zamanı və yeri doğru seçilməzsə verilən informasiyanın sovet dövrünün illik plan hesabatları məruzələrinə bənzəmə ehtimalı çox böyükdür.
· Yaxşı məhsulun tanıtıma ehtiyacı yoxdur, məni tanıyan onsuz da tanıyır ( kərə yağını reklam etməzlər mentaliteti). Əgər siz özünüz ( şirkət və ya şəxs ) barənizdə olan məlumatları hədəf kütləylə mütəmadi bölməsəniz, hədəf kütlə özü sizin barənizdə olan suallara cavab verməyə başlayacaq ki, bu cavablar da doğru və ya yalnış ola bilər. Verilən hər bir yanlış cavabdan yeni suallar və onların da yanlış cavabları yaranmaqda davam edəcək. Məhs elə bu səbəbdən yaxşı məhsulun, xidmətin və s. daha çox tanıtılmağa ehtiyacı var.
· “PR yalnız Propoqanda vasitəsidir”. Əzizlərim propoqanda tək tərəfli ünsiyyət modellərindən biridir və modern PR-çılar tərəfindən o qədər də üstünlük verilən ünsiyyət modeli deyildir. Qabaqcıl ölkələrin PR “avtoritetləri” yuxarıda bildirdiyimiz “insanların suallarına siz cavab verməsəniz onlar özləri öz suallarının cavablarını verəcək” həqiqətini və etik məqamları nəzərə alaraq maksimum dərəcədə tək tərəfli ünsiyyət modellərindən daha uzaq qaçaraq iki tərəfli modellərə üstünlük verirlər.