Salam, ey əhlibiznes! Azərbaycan biznesi ilə amerikan biznesini müqayisə etmək kimi fantastik fikrə düşmüşəm. Açığı bu fantastikadan da o tərəfə bir şeydi, amma gəlin bunu belə adlandıraq.



Fevral ayının romantik yarı soyuq gecələrindən birində, daha da dəqiqləşdirməyi arzulasaq, ilk çərşənbəni qarşılamağa hazırlaşdığımız vaxt, baharın artıq ilk ilıqlığını hiss etdiyim Bakının maşın səslərindən uzaq yerində yorğanımı təzəcə qızdırıb, yatmaq istəyirdim ki, beynimdə belə bir sual yarandı.



Bizdə niyə Apple kimi şirkətlər formalaşmır və ölkə olaraq çox şanlı saydığımız tariximizdə də belə bir şeyə rast gəlinməyib? Əslində Apple və rəhmətlik ateist CEO-suyla çox maraqlanmırdım. Rəhmətlik və ateist. Qəribədi. Mənə həmişə elə gəlib ki, Steve Jobs-u xüsusi olaraq PR ediblər və bizlərə sırımağa çalışıblar. Ancaq onunla qiyabi olaraq daha yaxından tanış olduqca, hiss etdim ki, onun fikirləri ilə nə qədər asan razılaşıram.



Məndə bu tez-tez rast gəlinən hal deyil. Çünki mən sadəcə orqanizm deyiləm. Arada bir sorğulayıram. Ancaq Jobs fərqlidi. Ona görə də indi və gələcəkdə ona aid çox misallar çəkəcəm yəqinki. Marketoloqların onu sevməməsinin səbəbini deyəsən onu tanıdıqca daha yaxşı başa düşürəm. Mən amerikanların biznesini özümüzkülərlə müqayisə etmək üçün Steve Jobs-u da Azərbaycanlı kimi və Azərbaycanda yaşadığını təsəvvür etməyə çalışdım . Təxminən aşağıdakı fikirlər formalaşdı:




1) Steve Jobs Azərbaycanlı olsaydı və burda yaşasaydı, universitetdən qovulmazdı. Çünki praqmatik adam idi. Məsələləri çevik və flex yollarla həll edə bilirdi. Bizdə müəllimlərin pulla qiymət yazmasının mümkünsüz bir şey olduğunu dərhal anlayardı. Axırıncı zarafat idi. Universitetdə vəziyyət pisləşən kimi populyar metodlara əl atardı. Amerikada hətta Steve Jobs kimi dahilər universitetlərdən qovula bilirsə, bizdə adını yaza bilməyənlər də oranı bitirə bilir. Heç bir problem yaşamadan. Sonra da bizneslərə kadr lazım olanda axtar ki, tapasan. Hardan tapacaqsan?




2) Steve Jobs Azərbaycanlı olsaydı və burda yaşasaydı, biznesə heç vaxt qarajdan başlamazdı. Özünə yaxşı pul qazanacağı (yaxşı maaşlı yox ha, yaxşı pul qazanacağı) dövlət işi axtarardı. Çünki bizdə varlanmağın və biznes qurmağın yolu burdan başlayır. Amerikada dayanıqlı bizneslər qarajdan, Azərbaycanda isə day-daydan və dövlət işindən başlayır. Əlbəttə söhbət kiçik bizneslərdən getmir. Özünüz bilirsiz hansı həcmli bizneslərdən danışıram.Münbit biznes mühitində ideyalar, yaxşı mütəxxəssislər, texnoloji yeniliklər axtarılırsa, sizcə bəs “krışa” hansı mühitdə axtarılır?




3) Steve Jobs Azərbaycanlı olsaydı və burda yaşasaydı, biznesə heç vaxt elektronika sahəsində başlamazdı. Çünki, heç bir kadrın hazırlanmadığı sahədə təkbaşına nə edə bilərdi ki? Politexnikin “əlaçı” məzunları ilə işə girməyəcəkdi ki. Elektronika sahəsində biznesə başlamazdı ona görə ki, uzun müddətli investisiya və əmək tələb edən, texnoloji yeniliklərdən maksimum asılı olan sahədənsə, daha əlverişli yollarla pul qazana biləcəyi sahələr var burda. Amerikada bizneslər daha uzun müddətli qurulduğu, kadr tapmaq daha asan olduğu halda, bizdə bizneslər qısa müddətə qurulur. Çünki hər an hər şeyini əlindən ala bilərlər. Buna görə çox uzağı düşünmək yersizdir. Kimlərin biznesin tutub əlindən almayıblar ki? Kadrdan heç danışmağa dəyməz.




4) Steve Jobs Azərbaycanlı olsaydı və burda yaşasaydı, biznesi inşaat sahəsində qurardı. Çünki, burda hər hansı bir kəşf lazım deyil, texnoloji yeniliklərə də ehtiyac yoxdur. Kadr hazırlamaq da gərəkmir. Sadəcə dövlətin irihəcmli sifarişlərini yerinə yetirib milyarder olardı. Dövlətin iri həcmli sifarişlərini yerinə yetirə bilmək üçün dövlətə yarınmaq lazımdı, dövlətdə güclü adamın olmalıdı deyə düşünürsüzsə, bunu Jobs-dan yaxşı kim edə bilərdi ki? Dövlət Sovetskini söküb yerində möhtəşəm park salmaq istəyirsə, hansısa yolla tenderdə qalib gəl, işləri üzərinə götür və varlan. 1 manatlıq layihəni 5 manata yerinə yetir 4 manatı sənə qalsın. Nə bazarı araşdır, nə texnoloji yeniliklərə baş sındır, nə müştəriləri tanımağa çalış, nə Samsungla, Nokia ilə, nə Sony ilə rəqabətə gir, nə brendinq dərdinə düş, nə müştərilərin nazı ilə oyna. Kef elə özünçün.




5) Steve Jobs Azərbaycanlı olsaydı və burda yaşasaydı, Apple yəqinki ən uzağı, bizim Akkord olardı. İri dövlət sifarişləri üçün belə bir korporasiya mütləq lazımdır. Hətta əgər bu qədər nəhəng layihələr həyata keçirirsənsə, öz materialını da özün istehsal edə bilərsən. Sementi, kərpici niyə özün buraxmayasan? Çünki Apple əlbəttə ki, mənfəət məqsədli qurulmuş şirkətdir. Telefon istehsalındansa, kafel metlax buraxardı, sement istehsal edərdi. Dövlətə yaxın media vasitələrində də deyərlərdi ki, regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində filan kərpic sexi açılmışdır.




Əslində fikirləşdikcə gedib çox daha ciddi makro məsələlərə dirənirəm. Ancaq çox zilə qalxmaq istəmirəm. Bu əhvalımın yaxşı olduğu baharın astanasında ölkəmin inkişafını əngəlləyənləri düşünüb, qanımı qaraltmaq istəmirəm. Məlum olur ki, inkişafa mane olan biznes subyektləri yox, sistem və o sistemi formalaşdıranlardır. Mən Azərbaycanın qlobal brendlərə sahib olduğu vaxtları görmək ümidi ilə yaşayıram. Buna ürəkdən inanıram.



Heç olmasa, Vestel kimi, Arçelik kimi, Lada kimi brendlərimizin olması üçün hansı millətlərdən əskiyik ki? Ukrayna İndesiti dünyada mövqeləndirə bilibsə, biz niyə bunu edə bilməyək ki? Onlardan zəifik, ya bacarıqsızıq? Azərbaycan kimi maddi cəhətdən demək olar ki, hər imkana sahib olan bir ölkənin heç olmasa bircə dənə dünya səviyyəsində markası niyə olmasın? Rodilər, Kiğılılar, Çinicilər, Ustoplar, Colinslər ölkəsi olmağımız üçün pambığımız yoxdu, yoxsa modelyer və dizaynerlərimiz? Bəlkə fabrik qurmağı bacarmırıq? Bəlkə......nə isə.




Müşfiq Zərbəli


Bir Bəndə-i Marketinq