Çox çox üzr istəyirəm, başlığın adında hərf səhfi var. Əslində Qərbə yaxın olmaq olmalı idi. Bu gün sizin başınızı şəbəkə marketini ilə ağrıdacağam. Amma həqiqətən də ağrıdacağam, çünki bir çoxlarımız mənim əldə etdiyim nəticələrə məyus olacaq.
İlk sualım belədir: Niyə görə bizim şəbəkə marketinq alətindən istifadə edən modellərimiz çox zaman acı nəticələnir? Səbəbləri aşkar etmək üçün gəlin bir-bir bu alətin modellərini müzakirə edək. İlk növbədə qeyd etmək istəyirəm ki, mən şəbəkə marketinginin 2 formasına toxunacağam:
· Fiziki;
· Online və inteqrə olunmuş modellər.
Yuxarıda qeyd etdiyim “çox zaman acı nəticələnir” modellərindən istisnalar da elə çox zaman fiziki formalarda olur. Hamımızın aşikar bildiyi Oriflame bu tipə aiddir. Uğurludur, söz yox. Lakin Oriflameə bənzər bir çox layihənin şahidi olmuşuq ki, bunların sonu fəsadlarla sonlanıb. Yadınızdadırmı “muncuq” şəbəkəsi? Azərbaycanımızın bir çox şəhərlərində minlərlə vətəndaşımızın məyus olması ilə sonlanmışdı. Və ya hazırda sarı brendləri (adını çəkmək istəmirəm) dəyərindən çox daha baha qiymətə satan şirkət kimi.
Ümumiyyətlə bu bazara baxdıqda həmin şəbəkələrin elementlərinin bir çox vaxt ixtisaslaşmamış kadrlar, ev qadınları kimi seqmentin olduğunu görürük. Bu o deməkdir ki, şəbəkənin top management`ində dayananlar istəmirlər ki, altlarındaki işçilər ağıllı kadrlar olsunlar. Və ya onlar bir çox vaxt cəmiyyətin daha “zəif” fərdlərindən istifadə edirlər. “İpə muncuq düz gətir və əvəzində pul qazan” – sizcə də məntiqsiz deyilmi? Əlbəttə ki, burada sağlam fəaliyyət göstərən modellərdə vardır, hansı ki, mən onların da sonlarının uğursuz olacağına inanıram. Səbəbləri isə fikrimcə aşağıdakılardır:
Yerli bazarlar bu kimi şəbəkələr üçün çox dardır - eyni model bəlkə Türkiyə bazarında tətbiq olunsa daha doğun nəticələr verər, lakin hazırda Azərbaycan üçün deyil bu. Burada biznes modelinin istifafə fərdlərinin azlığından tutmuş, onların yalnız bir neçə şəhərdə cəmləşməsinə qədər həqiqət payı var;
Dünya inkişaf etdikcə insanlar alışlarında daha tutarlı davranmağa başlayırlar - başqa sözlə şəbəkə marketinqi alətini tətbiq edən modellərin təklif etdiyi məhsullar maraqsızlaşır.
İnternet “partlayışı” amili - bu zəmanədə istehlakçıları aldatmaq çətindir, təklif olunan məhsul və xidmətlərin təqribi də olsa qiymətlərindən istehlakçıların xəbərləri vardır.
Azad seçim istəyi - google korporasiyasının nüvəsindəki məntiq. İnsanlar alacaqları, istifadə edəcəkləri xidmətlərdə azad olmaaq istəyirlər. Lakin şəbəkə marketinq alətindən istifadə edən modellərdə çox zaman bu müzakirə mövzusu deyildir;
İndi isə bir az da online və inteqrə olunmuş modellərdən danışaq. Bura mən endirim kartları, bonus kart və elektron sistemləri, qrup satışları, təklif-bid resursları kimi sistemləri aid edirəm. Dostlarım, hələ belə bir biznesiniz yoxdur o deməkdir ki, siz artıq qazanclı sayılırsız. Yox əgər varsa o zaman vaxt itirmədən o biznesi başqa bir formaya adaptə edin. Bilirəm ki mən yazdıqlarım bir çox oxucumuza xoş gəlmir, lakin mən bunları qeyd etmək məcburiyətindəyəm. Azərbaycanda bu zamana qədər bir çox (10-30 arası) azad endirim kartları layihəsinə start verilmişdi. Heç biri də bu zaman qədər tutmayıb. Bu layihələrin xarici ölkələrdə uğurlu olduğunu görənlər, burada da eyni adaptasiyanı etməyə çalışıblar lakin alınmayıb. Səbəblərini isə mən belə səciyyələndirirəm:
Endirim kartları - ən birinci səbəb bizim mənsub olduğumuz xalq, 10-15% endirim alacaq deyə cibindən əlavə bir kart çıxartmağı özünə ar bilir.
Bonus kart və sistemləri - fikir verin bir çoxunda təklif olunanlar məhz xidmət sahəsində olan obyektlərdir. Əlbəttə ki, fitnes salonuna 60% endirim vermək reallıqdır, lakin satış sahəsində olan obyektlər üçün böyük endirim payları qeyri realdır. Bunu yalnız az sayda və ələlxüsus satış şəbəkəsi geniş olan, bir neçə satış nöqtəsi olan şəbəkələr edə bilir, hansı ki, o da ölkəmizdə çox azdır. Düşünə bilirsizmi ki, hansısa telefon mağazası yeni çıxmış APPLE telefon modelinı 60% endirim edir.
Qrup satışlarının (grouponi məntiqi) nüvəsində say dayanır - Göstərilmiş sayı əldə etmədikdə biznes uğurlu sayıla bilməz. Və burada da qarşımıza çıxan problem hazırda Azərbaycanda o lazımi qədər iştirakçı ola biləcək istifadəçi yoxdur. Təklif (bid məntiqi) sistemlərini də buraya daxil etmk olar. Düşünməyin ki, hər hansı bir məhsul üzrə qrup satışlarının təşkili perspektivli etmək mümkündür, əsla. Tekstil, elektron ev alətləri və ya qıda sahələrinin hər hansı birində hansısa məhsul uğurlu ola, bilər lakin bu bir biznesin inkişafı üçün zəmin deyildir.
Dil problemləri - eyni dili danışan dünya üzrə götürsək çox az istifadəçi var (bu fikri dilimizə hörmətsizlik kimi düşünməyin, mən fəxr edirəm ki 5000 dil sahibi xalqdan, öz ölkəsini formalaşdıra bilmiş 200 xalqdan birinə mənsubam)
Bir çox başqa səbəblər də vardır ki, bu tip bizneslərin inkişafına manə törədir, lakin müxtəlif araşdırmaçılar, yazarlar, qələm və söz sahibları bu mövzuları dilə gətirsələr belə yenə də bu işdən faydalanamaq istəyənlərin sayı azalmır. Bu bəlkə də “easy money” sindromudur, bunu deyə bilmərəm. Həqiqətən də bu tip bizneslərdə varlanmaq asan görünür. Məhz o səbəbdən ki, bizlərin resurslarda oxuduqları, loyalty proqramlar, discount cartlar, qruponillər, bonuslar və s. lər öz minlərlə rəqibləri arasında uğur əldə etmiş biznes modelləridir. Lakin gəlin unutmayaq ki, qərbə yaxın olmaq lazım olduğu qədər, qəlbə də yaxın olmaq lazımdır. Qərbdən gələn ideyaları ən azından öz yerli bazarlarda necə tətbiq edəcəyimiz və ya tətbiq etmənin lazım olub olmadığı haqqında da düşünməyin xeyri olacağına inanıram.