IV. Psixoloji motivasiya qaynağı – Az əmək sərf etməklə çox qazanmaq


Tarixin bütün dönəmlərində insanlar çox az çalışıb, daha çox qazanmaq istəyiblər. İnsanların indi zamanı da az, pulu da azdır. Ona görə də istəyirlər ki, az vaxt sərf etməklə çox pul qazansınlar. Onlara gələcəkdə nə qazana biləcəklərini göstərin, qiymətə o qədər fikir verməyin, hətta rəqibinizdən də yüksək qiymət qoyun, problem deyil. Yetər ki, Sizin məhsuldan və kampaniyanızdan istifadə etsə onun nə qazana biləcəyini aydın şəkildə izah edin. Topaz, Azerlotoreya və s. kimi oyunlara fikir versəniz, eyni məntiqlə çalışdıqlarını görəcəksiniz. Və bu tip kampaniyalardan böyük əksəriyyət daha az təminatlı şəxslər istifadə edir. Niyə? Çünki pulları azdır, qısa müddətdə varlanmağın ən rahat yolunu belə görürlər. Və ya operatorların keçirdiyi smslə avtomobil qazan, poz-qazan, 1 sms göndər filan maşını qazan tipli aksiyalar da eyni məntiqlədir. Bu tip reklamları verərkən şirkət qısa müddət üçün yaxşı mənfəət əldə edir. Amma uzun müddətə şirkətin imicinə zərbə vura bilir. Unutmayın ki, məsələn Siz uduşa avtomobil qoymusunuzsa, müştərilər avtomobili udanadək və ya avtomobil udulanadək Sizinlə maraqlanacaqlar. Elə ki, bitdi, onlar da “buxarlanmağa” başlayacaqdır. Ona görə də bu tip aksiyalara çox bel bağlamaq olmaz. Ümumi, geniş miqyaslı bir kampaniyanın bir elementi kimi istifadə etmək olar, amma sırf bunun üzərində kampaniyanı qurmaq o qədər də məsləhətli deyil.



V. Psixoloji motivasiya qaynağı – Xəyalları gerçəyə çevirmək


İnsanlara məhsulları deyil, onların xəyallarını satın. İlk öncə bu xəyallarını öyrənməyə çalışın, daha sonra ona uyğun nə təklif edə biləcəyiniz haqqında düşünün. Yazının əvvəlində də dediyimiz kimi insanlara məhsulun özəlliyi deyil, faydası maraqlıdır. Bu fayda da onların xəyallarında gizlidir. Məsələn, deyək ki, bir nəfər saçı ilə problemi var, tökülür. Normal saçlara sahib olması o an üçün onun ən gözəl arzusu, xəyalıdır. Sizin onun bu hədəfinə çatması üçün bir vasitə təklif edirsinizsə, reklamınızda artıq nəyə vurğu etmənizi artıq müəyyən etmiş olmalısınız. Müştərilərinizin xəyallarını, hədəflərini müəyyən etdikdən sonra ona sata bilməyəcəyiniz şey yoxdur. Dediyimiz kimi insanlar duyğuları ilə alırlar, reklamlarınızda onların duyğularına xitab edin. Bəzən olur ki, adi reklam mətnləri, sms mətnləri elan xarakterli olur. Xüsusən də Azərbaycanda bir çox reklamları bir cümləylə ifadə etsək, yəqin bu söz alınardı – “GƏL, AL”. Reklam mətnlərində emosiya, yumor, istilik, səmimiyyət və yumşaq desək, bir az da kreativlik çatışmır.
Biz yuxarıda insanların alışına əhəmiyyətli dərəcədə təsir edən 5 önəmli psixoloji motivasiya qaynağından söz açdıq. Çalışmaq lazımdır ki, reklamlarda bu 5 prinsipdən kompleks olaraq istifadə edilsin. Onda effekt daha çox ola bilər. Təbii ki, istisna hallar var ki, o zaman hansısa bir prinsipə daha ağır basmaq lazımdır. Aşağıda bu 5 prinspin hər birinin qismən olduğu bir reklama baxaq. Burada həmin 5 prinsipin hər biri qismən istifadə edilmişdir.


Mövzumuz psixoloji amillərdən düşmüşkən Sizə vacib hesab etdiyim bəzi məqamları da aşağıda Sizinlə paylaşmaqda fayda görürəm. Bunları özünüzün, şirkətinizin işində tətbiq etməklə daha çox uğura nail olacağınıza inanıram.
#1. Özünüz bir fərd olaraq həmişə qarşınıza uzun müddətli də olsa, indi əlçatmaz da olsa, hədəflər qoymalısınız. Daha sonra bu hədəflərə çatmaq üçün prinsipiallığı özünüzdə formalaşdırmalısınız. Unutmayın ki, 2 cür insanlar var: Pul üçün iş görənlər və pulla iş görənlər. Pul üçün iş görənlər o pulları qazandıqdan sonra həmin pullara nə edəcəklərini bilmirlər. Nəticədə yenə istəklərini təmin olunmamış hesab edirlər.
#2. Qiymət üzərindən rəqabət etməyin. Qısa müddətdə uğurlu kimi görünsə də, uzun müddətdə şirkəti məhvə aparacaq. Ondansa qiymətinizi stabil saxlayıb, hətta qaldırıb parallel olaraq da servisinizi yaxşılatsanız heç bir qorxusu yoxdur. Unutmayın ki, pul qazandırmayan iş bir müddət sonra nəinki zövq verməyəcək, hətta Sizə stress yaratamağa başlayacaqdır.
#3. Yaxın 4-5 ildə ancaq və ancaq servisinizlə çox sürətli şəkildə irəliləyə bilərsiniz. Mümkün ola bildiyi qədər sevisə və təlimlərə daha çox pul yatırın.
#4. Kommunikasiyanın önəmli olduğu bir dövrdə yaşayırıq. Araşdırmalara görə reklamlarımızda mətnlər, yazılı ifadələr bu kommunikasiyanın uğurunda cəmi 7% paya sahibdir. Səsi də bura daxil edəndə reklama səsin əlavə edilməsi əlavə olaraq 38%-lik pay qazandırır. Geridə qalan 55% isə görüntü sayəsində qazanılır. Bu 3 vasitənin hər birindən istifadə edərkən unutmayın ki, insanlara xitab edirsiniz. İnsanlar isə böyük ehtimalla əksərən duyğuları ilə qərar verirlər. Çalışın, duyğuları anlaya biləsiniz, duyğulara təsir edəcək mesajlar verəsiniz.
Növəbti dəfə daha faydalı olmaq ümidi ilə...