Əziz dostlar, tarix üçün 1 il çox qısa olsa da, bizim üçün əhəmiyyəti böyükdür. Bu dəfə MMF2014 haqqında bəzi nüansları düz 1 il aradan sonra qeyd edirəm.
MMF2013 haqqında yazımı maraqlı olsa, buradan oxuya bilərsiniz - MMF2013-də 30 manatın sirri. Bu dəfə MMF2014 haqqında Sizlərə aşağıdakı məlumatları paylaşacağam:
1.MMF 2014 bu il nə ilə fərqlənəcək?
2.Rəsmi təqdimat faylımız necədir?
3.MMF2014-ə necə dəstək olmaq olar?
4.Bu dəfə hansı sahələrdən spikerlərimiz olacaq?
MMF2014 bu il nə ilə fərqlənəcək?
Ən gözəl təcrübə başa gələndir deyirlər. Biz də keçən ilki forumdan sonra bir xeyli səhvlərimizin olduğunu gördük və buna görə də bu il inşallah onları təkrarlamamağı düşünürük. Bu il bizim təşkilati komandamız 30 nəfərdən artıqdır. Səhnə tərtibatımız xüsusi olaraq hazırlanacaq. Həm izləyicilər, həm də spikerlər üçün rahat bir şəraitdə müzakirələr apara biləcəyik. Bütün texniki nüansları aradan qaldırmaq və ya ən az minimuma endirmək üçün ayrıca texniki heyət formalaşdırılıb.
Onu mütləq şəkildə qeyd edim ki, bütün təşkilatçılar maksimum həvəs və səylə təmənnasız olaraq ölkə səviyyəli belə bir tədbirin keçirilməsi üçün çalışırlar, buradan onların hər birinə sonsuz təşəkkürlərimi çatdırıram. Keçən ildən fərqli olaraq 6 önəmli istiqamət üzrə 30-a yaxın fərqli sferadan olan şirkət nümayəndəsi spiker və moderator rolunda çıxış edəcək. Spikerlərin mövzuları çox diqqətlə seçilib və bu il Siz çıxışlardakı keyfiyyəti özünüz rahatlıqla hiss edə biləcəksiniz.
Bundan əlavə biz bu dəfə bir az fərqlilik edib MMF2014-ün xatirə hədiyyələrini hazırlamaq istəyirik. Bura MMF2014 loqolu fincan, köynək, açarlıq və s. bu kimi promo məhsullar daxildir. Bunlar simvolik qiymətə satışda olacaqdır. Öncə dediyimiz kimi bu dəfə baş sponsor qəbul etmədiyimizə görə bu kimi promo məhsulları alaraq da Siz foruma öz dəstəyinizi göstərə bilərsiniz. Tvitter həştəqimiz dəyişmir #mmf2014 - bura elə indidən öz fikirlərinizi yaza bilərsiniz. Nə qədərki vaxt var, təkliflərinizi alıb daha da keyfiyyətli iş ortaya qoymağa çalışacağıq.
Rəsmi təqdimat faylımız necədir?
Mmf2014 - II Milli Marketinq Forumu from Facemark Face of Marketing
Yuxarıdakı faylda Siz bu ilki forumun fəlsəfəsi, mahiyyəti və niyə "Trend Ovunda" sloqanını seçməyimiz haqqında biləcəksiniz. Eyni zamanda bütün forum haqqında demək olar ki, 90% informasiya bu təqdimatda yer alır.
MMF2014-ə necə dəstək olmaq olar?
Forumumuz dediyimiz kimi bir çox dostlarımızın ortaq əməyi nəticəsində başa gəlir. Biz təşkilatçılar olaraq başa düşürük ki, kimsədən kömək gözləmədən də bu ölkədə bir çox işlər görmək olar. Bunu biz eynilə MMF2013-də də sübut etdik. O dönəm üçün bildiyiniz kimi bu forum ölkə üzrə ilk bu cür geniş miqyaslı forum idi. İnşallah artıq forumumuz ənənə şəklini alar və Allah (C.C.) bizə bundan sonra daha neçə MMF20...-lər görməyi, iştirak etməyi nəsib edər.
Mən əminəm ki, gün gələcək və elə dostlarımız olacaq ki, icazə verin bu dəfə biz təşkil edək və fərqi görün deyəcəklər və biz o vaxtı səbrsizliklə gözləyirik. Və əslində də belə olmalıdır. Hər kəs üzərinə düşən missiyanı yerinə yetirib daha yaxşıları üçün də yol açmalıdır deyə düşünürük. Amma nə qədərki canımız suludur əlimizdən təkcə gələnləri deyil, gəlməyənləri də etməyə çalışacağıq. Gələk dəstək məsələsinə. Bu çox sadədir.
1.Bizə ən böyük dəstək hər kəsin cəmi 1 bilet almasıdır. İnanın ki, bundan böyük dəstəyə heç lüzum da yoxdur. Qiymətimiz isə yaxın günlərdə elan olunacaq və Sizi əmin edirəm ki, hər kəs üçün çox sərfəli olacaqdır.
2.Bizə ən böyük dəstək hər kəsin mümkün olduqca MMF2014 cover şəkilləri öz fb profilində istifadə etməsidir.
3.Bizə ən böyük dəstək yaxın dost, tanışlarınıza, bu sferada çalışanlara bu barədə deməniz və onları da iştiraka təşviq etmənizdir.
4.Hər birimiz müxtəlif sahələrdə çalışırıq. Bizə ən böyük dəstək hərənin bacardığı qədər yumşaq desək, resurslarını səfərbər etməsidir.
5.Və son olaraq təqdimat faylında baş sponsor kimi yox, amma ümumi sponsor və dəstəkçi qismində iştirak etmək istəyən şirkətlər üçün təklifimiz var.
Bu dəfə hansı sahələrdən spikerlərimiz olacaq?
Yuxarıdakı təqdimatın 7-8-9-cu səhifələrində Siz bu ana olan və demək olar ki, 95% dəqiqləşdirilmiş spikerlərin siyahısını görə bilərsiniz. Əlavə şərh vermədən Sizə onları diqqətlə incələmənizi tövsiyyə edirəm. Bircə onu qeyd edim ki, bu il spiker sayımız çox olduğundan spikerlərin üzərin daha da ağır iş düşür. Onlar çox qısa müddət ərzində (təxmini 15 dəqiqə) Sizi öz çıxışları ilə təəccübləndirməyi və faydalı olmağı bacarmalıdırlar. Sonda bir daha qeyd edim ki, bu ilki forum haqqında istək və təkliflərinizi tvitterdə #mmf2014 həştəqi istifadə edərək göndərə bilərsiniz.
MMF2014-ə 38 gün qalır.