Manads şirkəti yeni keyfiyyət səviyyəsinə keçilməsi, şirkətin miqyasının və xidmət sferalarının genişləndirilməsi, həmçinin Türkiyə bazarına çıxması, yeni auditoriyaya açılması səbəbilə rebrendinq edib. Şirkətin loqosu olduğu kimi qalsa da, qara-sarı rənglərdən imtina edilərək, ağ-mavi rənglər seçilib.



Tətbiqin dizaynı isə tamamilə dəyişdirilib. "Nağdlaşdırma", "Xəbər lenti", "Virtual kart" kimi yeni səhifələr yaradılıb, "Virtual kart" vasitəsilə istifadəçilər gündəlik xərcləmələrindən endirim və "cashback" əldə edə biləcəklər.



Manads öz istifadəçilərinə verdiyi xidmətin əhatə dairəsini genişləndirib. Belə ki, bundan sonra istifadəçilər telefonlarına zəng gəldikdə yalnız reklam məhsullarını deyil, həmçinin ən son xəbər və yenilikləri ən sürətli şəkildə əldə edə biləcəklər. Üstəlik, istifadəçi istədiyi zaman Xəbər Lenti səhifəsinə daxil olub, daha öncə izlədiyi reklam və xəbərləri yenidən nəzərdən keçirə biləcək.



İndiyədək Nağdlaşdırma funksiyası yalnız Manads.az saytı vasitəsilə mümkün olurdusa, tətbiqin yeni versiyasında istifadəçilər Nağdlaşdırma səhifəsinə daxil olaraq, birbaşa tətbiq vasitəsilə sifariş verə biləcəklər. Tətbiqi istifadəçilərə daha maraqlı etmək üçün şirkət Reytinq sistemini də genişləndirib. Bundan sonra istifadəçilər yalnız topladıqları xallara görə reytinqi deyil, həmçinin dəvət etdikləri dostlarının sayına və Facebook dostları arasında olan reytinqlərini də görə biləcəklər.



Manads şirkətlər üçün də yeniliklər tətbiq edib. Belə ki, indiyədək şirkətlər reklam posterlərini istifadəçilərə göstərə və veb-səhifəyə yönləndirmə edə bilirdilər. Tətbiqin yeni versiyasında şirkətlər Facebook səhifəsini bəyənmək (like), səhifəni və ya statusu paylaşmaq (share), həmçinin Twitter profilini izləmək (follow), tvitləri paylaşmaq (retweet) kimi funksiyalardan istifadə edə bilərlər.



Xüsusən, Azərbaycan ərazisi üçün “Twitter”də reklam yerləşdirmək mümkün olmadığı bu zamanda “Manads”ın bu yeniliyi şirkətlər üçün faydalı olacaq. Şirkətlər yeni xəbər və məlumatlarını həmçinin tətbiqin Xəbər lenti səhifəsində də istifadəçilərinə göstərə bilərlər. Manads tətbiqinin yeni 3.0.0 versiyasının yaxın günlərdə “Play Store”da yenilənəcəyi bildirilir.