ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və “Coca-Cola” şirkətinin təşəbbüsü ilə “Ağac Əkək Təbiətə Töhvə Verək” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilmişdir.


 


Mərkəzin sədri və ADA Universitetinin beynəlxalq və ictimai münasibətlər fakültəsinin dekanı Elnur Soltanov iştirakçıları salamlayaraq, beş ildə damcili suvarma metodu ilə 100 min ağac əkilməsini nəzərdə tutan, “Ağac Əkək Təbiətə Töhvə Verək” layihəsi haqqında məlumat verdi.


 


Cari ildə 15 minə qədər ağac əkiləcəyini bildirən natiq, burada əsas məqsədin ölkəmizin su sərvətlərinin qorunmasına yönəldiyini vurğuladı. Daha sonra xanım Vəfa Məhərrəmova mövzuyla bağlı təqdimatı nümayiş etdirdi. Tədbirdə müasir dünyanın ekologiya problemləri və Azərbaycanda ətraf mühitin mühafizəsiylə bağlı potensial tədbirlərin təşkili müzakirə olunmuşdur.


 


Görüşün iştirakçıları bu sahədəki dünya təcrübəsini və müxtəlif növ aksiyaların səmərəli təşkili planlarını müzakirə etdilər. Gələcək nəsillərə daha təhlükəsiz və sağlam bir dünyanın miras qoyulması üçün ictimai məsuliyyət hissinin hər bir vətəndaş, xüsüsilə də gənclərə aşılanmasının vacibliyi vurğulandı. Tədbir zamanı iştirakçılar təbii sərvətlərin qorunması və bu yolda göstərilən cəhdlərin davamlılığının təminiylə bağlı fikir mübadiləsi aparmaq fürsəti də əldə etdilər.


 


“Ağac Əkək Təbiətə Töhvə Verək” layihəsi ekoloji məsələlərə ictimaiyyətin diqqətinin çəkilməsi və ölkədə bu sahədə məlumatlılığın artırılması üçün müxtəlif ictimai fəaliyyətlər, eləcə də, tədqiqat işləri və elmi nəşrlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, ağacların əkilməsi prosesinə könüllü gənclərin cəlb olunması və prosesin məhz gənclərə etibar olunması planlaşdırılır. Bu isə adıçəkilən layihənin əsas fəlsəfəsi olan “qızıl üçlük (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam prinsipi” ilə üst-üstə düşür.


 


Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunacaq ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək. “Coca-Cola” şirkəti bu layihəni davamlı inkişaf və ictimai məsuliyyət konsepsiyası çərçivəsində dəstəkləyir.  Ekoloji tələblərə cavab verən yaşıl kampusda fəaliyyət göstərən ADA Universiteti də adı keçən layihəni, öz quruluşundan etibarən həyata keçirməkdə olduğu təbiətə və cəmiyyətə xidmət fəlsəfəsinin tərkib hissəsi olaraq görməkdədir. 


 


“Coca Cola” şirkəti haqqında:


 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com


 


ADA Universiteti haqqında:


 


Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış ADA Universitetinin əsas məqsədi yenilikçi qlobal liderlərin hazırlanması və diplomatiya, ictimai və beynəlxalq məsələlər, biznes, humanitar sahə və elmlər, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə səmərəli əməkdaşlığa əsaslanan tədqiqatın təbliğ edilməsinə yönəlib. ADA öz qapılarını tələbələrə ilk dəfə 2007-ci ildə açmış, 2012-ci ilin sentyabr ayında isə özünün şəhərin mərkəzində yerləşən daimi “yaşıl” və “smart” kampusuna köçmüşdür.


 


Hazırda ADA Universitetində İctimai və Beynəlxalq Məsələlər, Biznes, Humanitar və digər Elmlər, eləcə də Mühəndislik və İnformasiya Texnologiyaları üzrə dörd müxtəlif məktəb fəaliyyət göstərir. ADA Universitetinin gələcəyə istiqamətlənmiş fəaliyyət və strategiyasının əsasında dörd əsas prinsip dayanır: qlobal liderlik, innovativ təhsil, sosial məsuliyyət və daim inkişaf edən məkan. ADA Universiteti haqqında daha geniş məlumat əldə etmək üçün universitetin İnternet səhifəsini ziyarət edə bilərsiniz:www.ada.edu.az.