“Hazırda mobil kanal marketoloqlar üçün әn önәmli kanallardan biri deyil, ӘN önәmli kanaldır!” Avstraliyalı təlimçi və bloqqer Jeff Bullasın bir neçə gün öncə dərc etdiyi yazısında qeyd etdiyi bu fikir əslində mobil texnologiyanın hazırkı dünyada mövqeyini real şəkildə ifadə edir.
Bir neçə il öncə internet reklamı necə sürətlə yayılır və populyarlıq qazanırdısa bu gün biz həmin mənzərəni mobil reklam üçün görə bilirik. Çünki bəzi insanlar var ki, TV-yə baxmır, radio dinləmir, bəzi insanlar var ki, metrodan istifadə etmir.
Bəzi insanlar var ki, internetə az daxil olur, lakin bu insanların hər biri telefon istifadə edir. Siz internetdə reklam versəniz onu yalnız internetə daxil olan şəxslər görə biləcək. Siz bilbordlarda reklam versəniz onu yalnız sizin reklamlarınızın olduğu bilbordların yanından keçən şəxslər görə biləcəklər, siz radioda reklam versəniz onu yalnız sizin reklam verdiyiniz radio kanallarını dinləyən şəxslər eşidə biləcək. Amma siz mobil reklamdan istifadə etsəniz onu hər kəsin və hər yerdə görə bilmə potensialı var.
Çünki bu reallıqdır ki, mobil telefonlar hazırda bizim həyatımızın ayrılmaz bir parçasına çevrilib. Harda olsaq da, nə işlə məşğul olsaq da telefon yanımızda olur, hətta əksər hallarda yatanda belə, telefonu yanımızda saxlayırıq. “Millward Brown”un araşdırmasına görə bir gündə insan vaxtının 147 dəqiqəsini smartfonla, 113 dəqiqəsini TV izləməklə, 108 dəqiqəsini noutbukla, 50 dəqiqəsini planşetlə keçirir. Hazırda ildə 2 milyarddan çox mobil telefon satılır və bunların əksəriyyəti smartfonlardır.
Qeyd edilənlərin sadəcə fərziyyə kimi qəbul edilməməsi üçün gəlin bir neçə fakta diqqət yetirək.
"Facebook"un son bir ildə əldə etdiyi reklam gəlirlərinə nəzər yetirək. 2013-cü ilin III rübündə reklam gəlirlərinin 45,4%-i mobildən əldə olunubsa, bu-cü ilin III rübündə ümumi gəlirlərin 62%-i mobildən gəlib.
"eMarketer"in araşdırmasına görə 2018-ci ildə mobil reklam xərcləri toplam rəqəmsal reklam xərclərinin Cənubi Koreyada 73,2%-ni, Almaniyada 73%-ni, Norveç və İsveçdə 70,8%-ni, ABŞ-da 70,6%-ni mobil reklam xərcləri təşkil edəcək. Bu da 5 ildə 3-10 dəfə artım deməkdir.
Avropa ölkələrində mobil reklama xərclənən vəsaitin həcmi fantastik şəkildə artır. Bu ilin Sentyabrında aparılan araşdırmaların nəticəsinə görə, Norveçdə mobil reklam xərci bu il 200%, Almaniyada 190%, Hollandiyada 180%, Finlandiya və Danimarkada isə 150% artacaq. Ümumilikdə Qərbi Avropa ölkələrinə nəzərdə yetirdikdə məlum olur ki, 2014-cü ildə artım 118%, 2015-ci ildə 57%, 2016-cı ildə 40% proqnozlaşdırılır ki, bu da çox yüksək göstəricidir.
Ötən il (mobil telefon istifadəçilərinin sayına əsasən) adambaşına düşən mobil internet reklam xərcləri 9,87 dollar təşkil edirdisə, 2018-ci ildə bu göstəricinin 4,5 dəfə artaraq 39.25 dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Sürətlə artan mobil reklam xərclərinin haradan yarandığına baxaq. Bu, bir tərəfdən ümumi olaraq reklam xərclərinin artması hesabına mümkün olursa digər tərəfdən bu vəsait mobil reklamın digər reklam növlərilə rəabətdə qalib çıxması nəticəsində yaranır. eMarketer’in ABŞ bazarını araşdırması nəticəsində məlum olub ki, mobil reklam xərclərini artırmaq üçün marketoloqların 41%-i çap məhsullarını azaltmağı, 34%-i isə TV reklamlarını azaltmağı üstün tutublar. Rəqəmsal reklam xərclərinin, xüsusən də mobil reklamın ənənəvi reklam bazarını sürətlə ötüb keçməsi bütün proqnozlarda və reallıqda baş verən proseslərdə öz əksini tapır. Reklam bazarının hansı istiqamətə yönəlməkdə olduğunu və yaxın gələcəkdə nələrin trend olacağını anlamaq çətin deyil məncə. Söylənilənləri nəzərə aldıqda hər birimizin həyatına daxil olan bu kiçik ekranın reklam dünyasını idarə edəcəyi həqiqəti ortaya çıxır.