Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) və Azərbaycan Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Vergi Sistemində Şəffaflıq və Əməletmə" mövzusunda VI illik vergi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan “AmCham”ın Prezidenti İlqar Vəliyev tədbir iştirakçılarını salamlayaraq vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığın genişlənməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyini vurğulayıb.
Vergi sistemində aparılan islahatların və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlərin biznes dairələri tərəfindən diqqətlə izləndiyini qeyd edib. Qeyd edilib ki, maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin keçirilməsinə xidmət edən vergi konfranslarının təşkili artıq ənənəvi xarakter alıb.
İ.Vəliyev sözügedən konfransın əsas məqsədinin vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılması olduğunu bildirib. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə elektron hökumətin qurulmasının iqtisadi sistemin şəffaflaşmasına xidmət etdiyini vurğulayıb, vergi inzibatçılığının təkmilləşdirilməsinin təkcə vergi orqanlarının fəaliyyətinə deyil, ümumilikdə vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin artmasına müsbət təsir etdiyini bildirib.
Konfransda çıxış edən Azərbaycanın vergilər nazirinin müşaviri Akif Musayev ölkənin vergi sistemində aparılan islahatlar haqqında məlumat verib. “AmCham” və digər ictimai təşkilatlarla keçirilən işgüzar görüşlərin əhəmiyyətini qeyd edən Z. Səmədzadə əvvəllər keçirilən konfranslarda biznes strukturlarının və onların ictimai təşkilatlarının qaldırdığı bir çox məsələlərin ətrafında aparılmış müzakirələrin ölkədə biznes mühitinin təkmilləşməsinə yardım etdiyini bildirib.
Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov Nazirlər Kabinetinin bu sahədəki fəaliyyətinin təşkilində özəl sektor nümayəndələri ilə əməkdaşlığının vacibliyini vurğulayıb,bu konfransın sektorlararası dialoqun inkişafına xidmət etdiyini əminliklə qeyd edib. Sonra konfrans işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergi siyasəti və harmonizasiya, korporativ uyğunluq: beynəlxalq təcrübə və Azərbaycan, vergi sistemində modernizasiya məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov və özəl sektorun nümayəndələri çıxış ediblər. “PASHA Bank”, “EY Azerbaijan”, “Deloitte & Touche”, “KPMG Azerbaijan”, “PwC Azerbaijan” və “Synergy Group”un dəstəyi ilə təşkil olunmuş konfransda Milli Məclisin və Nazirlər Kabinetinin, eləcə də dövlət və özəl sektorun digər nümayəndələri iştirak ediblər.
“AmCham” haqqında:
Azərbaycanda Amerika Ticarət Palatası – “AmCham” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.
“AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.
Web: www.amchamaz.org
Mail: chamber@amchamaz.org