Bu günlərdə social mediada Bakı metropoliteni tərəfindən metropolitan ərazisində "özünü düzgün aparmaq, mütailə etmək, böyük-kiçik yeri bilməklə" bağlı maraqlı sosial reklamların metro stansiyalarında yerləşdirilməsi ilə bağlı xəbər yayıldı.



Bu xəbərə ən çox sevinən şəxslərdən biri də mən oldum. 2012-ci ilin payızında bir təşəbbüs qrupu kimi Social Advertising Azerbaijan Facebook səhifəsini yaradarkən məqsədimiz dünyadan və Azərbaycandan maraqlı social reklamları paylaşmaq və özümüzün və səhifəni izləyənlərin az da olsa ətrafımız haqqında düşünməyimizə nail olmaqidi.



Düzdür səhifə cəmi 1 il müddətində aktiv oldu, amma bu müddət ərzində onlarla maraqlı foto, video və məqalələr paylaşıldı. Amma əsas məqsədimiz daha çox Azərbaycanda bu tip reklamların və fəaliyyətlərin genişlənməsinə dəstək olmaq və milli təcrübəni paylaşmaq olduğundan və təəssüf ki, ölkəmizdən paylaşılası çox az nümunələr tapdığımızdan səhifəni də maraqlı etmək çətin oldu. Fürsət düşmüşkən istərdim ki, social reklam barəsində bəzi fikirlərimi sizlərlə paylaşım:



Sosial reklam kimə və niyə lazımdır?



İlk öncə ondan başlayaq ki, social medianın inkişafı google axtarışları zamanı social reklam axtarışları Facebook reklamı ilə qarışır. Biz qarışdırmadan bildirmək istəyirik ki, dədə-babadan social reklamlar cəmiyyətdəki müxtəlif problemlər, həyəcan təbilləri haqqında düşündürücü reklamlar olub ki, onların da məqsədi insanların gündəlik həyatlarında daha məsuliyyətli olmalı, hərəkətlərində tək özlərini deyil, ətraf mühiti də nəzərə almaqlarına təsir etmək olub.Sosial reklam sadəcə siqareti çəkməməyə, içkili avtomobil sürməməyə, yaxud da hansısa heyvan növünün kəskin azalmasına aid olmur, bu aydındır ki, insanların həyatlarına, sağlamlıqlarına, yaşayışına, bir sözlə narahatçılığa səbəb olan istənilən bir məsələ ilə bağlı maarifləndirmə, düşündürmə mesajlarıdır ki, adamlar adam olsun. Sosial reklamları tək qeyri-hökumət təşkilatları hazırlamır, eyni zamanda hökumətlər də müxtəlif təbliğatlar üçün social reklamlar sifariş etdirir və onu yayırlar. 100 ildən artıqdır ki, bu cür çağırışlar dünyada yayılıb və sovet dövründə də olan bəzi reklamlar yəqin ki, ara-sıra indi də qarşısınıza çıxır:


https://www.youtube.com/watch?v=JrsmuYmiZ80



Bəs o əjdaha bizdə niyə tək başlıdır?



Məsələ ondadır ki, bizdə o əjdahadan var, amma ki bu əjdahanın ola-ola uzağı 1 ya 2 başı.Yuxarıda da qeydetdiyim kimi biz milli social nümunələri çətinliklə tapırdıq. Ara-sıra bəzi qeyri-hökumət təşkilatları, hökumət qurumları təhsil, təhlükəsizlik, sağlamlıqla, fiziki qüsurlarla bağlı müxtəlif tip reklamlar hazırlayıb yayımlayıblar. Özəl təşkilatlar da fərdi qaydada bu cür fəaliyyətlər həyata keçiriblər. Məsələn, hazırda 107.7 FM Avto FM maraqlı sosial radio reklamlar təqdim edir. Bir neçə il qabaq BP də Bakı-Ələt yolunda uşaqların çəkdiyi rəsimlərdən ibarət billboard-lar yerləşdirib sürəti azaltmağı təbliğ edirdi. Amma yaxşı olar ki, qeyri-hökumət təşkilatları, hökumət və özəl təşkilatlar arasında bu barədə daha effektiv əməkdaşlıq olsun.Özəl təşkilatlar bu tip layihələrə maliyyə ayırmaqda maraqlı olsun, eyni zamanda hökumət qurumları bu layihələrə, kampaniyalara peşəkar reklam şirkətlərini cəlb edib daha maraqlı və düşündürücü kampaniyalar həyata keçirsin. Evdən çıxarkən qazı söndürməyi hər birimiz unuda bilərik, “AzəriQaz”da unutmamağı təbliğ etməyə çalışır. Amma “AzeriQaz”-ın mesajını daha çox auditoriyaya düzgün və effektiv məhz peşəkar reklam şirkəti çatdıra bilər.



Sosial məsuliyyətli şirkətlər



Qeyri-hökumət təşkilatları bu məsələdə aktivdirlər. Amma bazarda görünən vəziyyət odur ki, özəl şirkətlər bu məsələdə ən zəif tərəfdirlər. Korporativ social məsuliyyət çərçivəsində hansı istiqamətdə layihər reallaşdırırsınız reallaşdırın, amma social reklamları da unutmayın. Xüsusən də artıq öz brendini sevdirə bilmiş şirkətlər. Hansı sasosial reklamda sevimli bankdan, mobil operatordan dəstək gördükdə kütlə bu reklam asıradan bir reklam kimi baxmaz. Həmçinin, siz dəstəyi sonradan bu reklamı öz peşəkar reklam şirkətinizlə geniş kütləyə daha rahat yaya bilərsiniz ki, bundan da ən çox qazanan cəmiyyət olacaq. Sosial reklamların əhatə edə biləcəyi sahələr o qədər genişdir ki, sizə maraqlı ola biləcək istənilən bir istiqamət üzrə reklamların hazırlanmasına dəstək ola bilərsiniz. Mənim siqareti tərgitməyə və ya avtomobil sürərkən təhlükəsizlik kəməri taxmağı təbliğ etməyə nə aidiyyətim var deyib üstündən keçməyin.



Buradakı ən güclü kreativlik səmimiyyətdir



Məhsul, xidmət reklamı abstract və reallıqdan uzaq ola bilər. Hansısa avtomobil markası reklamında maşını dərələrdə-təpələrdə uçan quşa bənzədib şüuraltı sürəti təbliğ edə bilər. Amma social reklamın üstünə düşən yük daha ağırdır. Siz sadəcə insane maşının uça bilməcəyinə görə sürəti azaltmağa inandırmamalısınız, bu sürətin onu və digərlərini öldürəcəyini göstərməyi bacarmalısınız. Buradakı kreativlik auditoriyaya səmimi və real mesajı daha maraqlı çatdırmaqdan ibarətdir. Düzdür, narkotikin bir insanı zəbtetdiyini ən gözəl nümayiş üsullarından biri məhz onu şpristin içinə salıb reklam etməklə göstərmək olar. Sosial reklamlardakı məcazlar çox effektiv olur, amma yenə də vurğulamaq istərdim ki, social reklamlar da kreativlikdən artığı səmimilik və reallıqdır.



“PR”sız olmaz



Reklam reklamdır. Kreativ oldu olmadı. Hansı reklam kanalından istifadə olunmasından asılı olmayaraq. Vacib olan onun ictimai kommunikasiyasıdır. Sosial reklam məsələsində ən böyük dəstək məhz mediadan gəlməlidir. Bəzi ölkələrdə hökumət mediadan social reklamları təmannasız yerləşdirməklə bağlı öhdəlik də alır. Bizdə medialar bu cür təşəbbüslərə inanıram və görürəm ki, biganə qalmırlar. Əslində belə də olmalıdır. Xəbər lentində gündə 100 xəbər yerləşdirən xəbər portalı, günün 1 saatını reklam göstərən TV-lər, hər saata az qalsın 12 dəqiqə reklam verən radiolar social reklamları tək çap etməli, göstərməli və səsləndirməməli, eyni zamanda təbliğ etməli və ondan çox danışmalıdırlar. Bilirik ki, social mediadakı məşhurlarımız və özünü məşhur sayan şəxslərdə hər hansı bir milli təşəbbüsü paylaşanda ondan çox danışılır və reklam və kampaniya hazırlayanlar da hədəflərinə çata bilirlər.



Adamın özündən çox şeyasılıdır



Təşəbbüs olsun, şirkətlər dəstəkləsin, yaxşı reklam ortaya çıxsın, onu da media və insanlar PR etsin. Amma informasiya bolluğunun elə bir dövründəyik ki, qorxuram bu cür reklamlar görəndə “nə qəşəng reklamdır, kreativdir, aktyor çox professionaldır, elə bil bir qədər uzundur, bunu gərək ağ-qara çəkərdilər, bunu xaricdən oğurlayıblar, nəhayət bizdə də maraqlı reklam çəkdilər” kontekstində düşünüb özümüzü “ağıllı” aparıb mahiyyətdən çox uzaqlaşaq. Hər dövrün öz SOS məqamları olur. Hamı öz dövrünü çətin və keşməkeşli sayır. Reallıq da elə budur. Üzərimizə düşən social məsuliyyətli olmaq və ən azından özümüzü düşündüyümüz qədər ətrafı da düşünməyimizdir. Əks halda özümüzdə SOS düyməsinə basmayacağıq, digərlərinə də mane olmuş olacağıq.