Azərbaycan Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Microsoft Azerbaijan” şirkəti və “Nar Mobile” mobil rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turunun başlanmasını elan edib.
"Microsoft Imagine Cup" – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslıi nnovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə ilk dəfə təşkil olunur və milli seçim turu Aprelin 23-dək davam edəcək.
Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “Oyunlar”, “İnnovasiya” və “Dünya vətəndaşlığı”. Müsabiqədə iştirak etmək üçün istənilən “Microsoft Windows”platformaları üzərində orijinal oyun, “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və ya “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq lazımdır.
"Microsoft Imagine Cup müsabiqəsinin məqsədi – innovativ təfəkkür bacarıqları tələbələrə aşılamaqdır. Biz sözügedən müsabiqə vasitəsilə yerli istedadları müəyyən etmək niyyətindəyik və nəticə etibarilə öz həlləri hesabına pul qazanan tələbələri görmək istəyirik", - deyə “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov bildirib.
Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4 tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır. Milli seçim turunun hər bir nominasiyasının qalibi ikinci turda – cari ilin may ayında onlayn keçiriləcək beynəlxalq yarımfinalda iştirak edəcək. Onlayn yarımfinalda qalib gələn komanda “Microsoft Imagine Cup” müsabiqəsinin yekun turunda – bu ilin iyul ayında Sietl şəhərində keçiriləcək finalında Azərbaycanı təmsil edə biləcək. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq.
“Microsoft” haqqında:
1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri.
Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.