21 Fevral 2015-ci iltarixində "IB Club"un təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilati dəstəyi və LIB dil dərslərinin baş sponsorluğu ilə "Kəpənək effekti 5 vacib" layihəsi təşkil olunmuşdur.



Sayca ikinci dəfə təşkil olunan "Kəpənək effekti" layihəsində 5 müxtəlif sahə – maliyyə, insan resursları, istehsal, menecment və marketinq üzrə karyera qurmaq üçün Gənclərin bilməli olduğu 5 vacib addım ekspertlər tərəfindən təqdim olunmuşdur.



"Kəpənək effekti 5 vacib" layihəsinin ekspertləri qismində Pərviz Məmmədov(Böyük şirkətlər qrupunun birində baş maliyyə direktoru), Namiq Məmmədov(Karyera.biz portalının rəhbəri və Gədəbəy Mineral Suları MMC-nin İnsan Resursları Direktoru), Vüqar Mikayılov(Az-Granata Ağsu Şirə və Şərab Emalı Zavodunun “Alkoqollu içkilər” sektorunun Direktoru), Səkinə İbrahimova(PraysvoterhausKupers Central Asia və Kokakus B.V. Azərbaycan filialında vergi meneceri) və Sənan Orucov(Azərsun Holdinq-də marketinq departamentinin müdiri) iştirak etmişdir.



“Kəpənək effekti” layihəsi Azərbaycan Dövlət İqtisad Universitetinin IV Tədris binasında təşkil olunmuş və 270 nəfərlik auditoriyanı əhatə etmişdir. İştirakın ödənişsiz olduğu layihədə yalnız IB Club üzvləri və ADİU tələbələri iştirak edə bilərdi. Xatırladaq ki, Kəpənək Effekti peşəkarlar tərəfindən Biznes, Karyera, Xaricdə təhsil və eləcə də digər mövzularda bir gün ərzində keçirilən master-klass-lar toplusudur və ildə bir neçə dəfə təşkil olunur.