Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") illik iclasını keçirərək, yeni prezident və Direktorlar Şurasına altı yeni üzv seçib. "AmCham"ın əsas toplantı iclası Direktorlar Şurasının üzvü Gündüz Kərimov, icraçı direktor səlahiyyətlərini yerinə yetirən Fərid İsmayılzadə və Vergi və Gömrük Komitəsinin sədri Həsən Quliyevin fəaliyyətinin dəyərləndirilməsi və vəzifələrindən ayrılması, o cümlədən Komitənin yeni sədri Bəxtiyar Aslanbəylinin salamlanması ilə başlayıb.



Palatanın Direktorlar Şurasına seçkilərdən sonra keçirilən prezident seçkilərinin nəticəsində yekdilli olaraq "Ernst & Young" şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı İlqar Vəliyev növbəti dəfə Azərbaycanda "AmCham"ın prezidenti seçilib. Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirən İlqar Vəliyev 1994-cü ildə "Ernst & Young" şirkətinə daxil olaraq, beynəlxalq mühasibat şirkətində işləyən ilk azərbaycanlılardan biri olub. 2007-ci ilin yayında İlqar Vəliyev beynəlxalq auditor şirkətindən tərəfdaş vəzifəsi təklifi almış ilk azərbaycanlı olub.



"Ernst & Young"da çalışarkən, İlqar Vəliyev Moskvada birillik təcrübə keçib (1995-1996) və iki il Böyük Britaniyada "Ernst & Young"da işləyib (2001-2003). O, Azərbaycanda lisenziya almış auditordur, "ABŞ"da isə mühasib sertifikasiyasına malikdir. İlqar Vəliyev 2007-ci ilin mart ayından Amerika Ticarət Palatasının Direktorlar Şurasının fəal üzvüdür. Bu müddət ərzində İlqar Vəliyev "AmCham"da bir sıra rəhbər vəzifələr tutub: 2009-cu ilin aprelindən vitse-prezident, 2010-cü ilin noyabrından - birinci vitse-prezident. 2013-cü ilin mart ayından etibarən İlqar Vəliyev Azərbaycanda "AmCham"ın prezidenti olub.



İlqar Vəliyevlə birgə Direktorlar Şurasına yeni seçilmiş üzvlər – KPMG şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Vüqar Əliyev, "Golden Pay" şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, "Azerfon" ("Nar Mobile") şirkətinin baş direktoru Kent Makneli, "Chevron" şirkətinin Azərbaycandakı regional meneceri Erik M. Uolker, "PAŞA Bank"ın baş investisiya inzibatçısı Taleh Kazımov və Şuranın hazırkı üzvləri - PwC şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Mövlan Paşayev, "Societe Generale" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Teybə Quliyeva, "Deloitte" şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Nuran Kərimov və BP-nin biznes xidmətləri üzrə vitse-prezidenti Vilbert Lonq daxil ediliblər. Gələcək aylarda Direktorlar Şurası "AmCham"ın mövcud komitələrinin səmərəliyini artırmaqla Palatanın fəaliyyətinin genişlənməsi istiqamətində işləri davam edəcək.



"AmCham" haqqında:



"AmCham" Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.