Bu gün "IBM" korporasiyası Bakıda yeni ofisinin açılışını elan edib. Artmaqda olan müştəri və tərəfdaş ekosisteminə qabaqcıl xidmətlər göstərərək regionda fəaliyyətin genişləndirilməsi "IBM"in dünya üzrə inkişaf etməkdə olan bazarlarda mövqeyinin möhkəmlənməsinə yönəlmiş təşəbbüsünün bir hissəsidir.
Yeni ofis şirkətin mövqeyini möhkəmləndirmək üçün müştərilərə bulud texnologiyalarının, infrastruktur həllərin, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.
"IBM şirkəti inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayırır. Yüksək inkişaf tempinə və artmaqda olan rəqabətqabiliyyətliliyə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq. Fəaliyyətimizin regional əhatəsinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb" - deyə "IBM"in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib.
2020-ci ilədək dayanıqlı və çoxşaxəli iqtisadiyyatın inkişafına yönəlmiş milli iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan regionda ən sürətlə inkişaf edən bazarlardan biridir. "Azərbaycanın islahatlı iqtisadi inkişafı nəticəsində ölkədə qabaqcıl texnologiyalara tələb artır, belə ki, şirkətlər öz fəaliyyətlərini daha effektiv və rəqabətqabiliyyətli etməyə can atırlar. IBM tərəfindən bu bazarda təklif olunan mütərəqqi məhsullar yüksək tempə malik iqtisadiyyatın inkişafında yeni bir mərhələnin əsasını qoyacaq" - deyə "IBM"in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov əlavə edib.
"IBM-in Azərbaycanda nümayəndəliyinin açılması və fəaliyyət göstərməsi ölkənin İKT sektoruna xarici investisiyaların cəlb olunması üzrə milli strategiyanın həyata keçirilməsinə yardımçı olmaqla yanaşı, yerli və xarici şirkətlərlə əməkdaşlığın genişlənməsinə və gələcəkdə möhkəmlənməsinə təkan verəcək" - deyə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib. IBM şirkətinin Azərbaycanda fəaliyyət göstərən müştəriləri sırasında informasiya texnologiyaları, bank, dövlət sektoru, telekommunikasiya və istehsalat sahələrini təmsil edən şirkətlər var. Bunların sırasında Azərbaycan Beynəlxalq Bankı, "Azersun Holding", "AzeriCard" və s. mövcuddur. "IBM"in Bakı ofisi Nizami küçəsi, 90a ünvanında, "Landmark 1" biznes mərkəzində yerləşir.
IBM şirkəti haqqında:
IBM korporasiyası – baş qərargahı Armonk şəhərində, Nyu-Yorkda yerləşmiş, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli şirkətdir. Dünyanın 170-dən çox ölkəsindən olan korporativ müştərilərlə işləyən IBM müəssisələr, dövlət orqanları və qeyri-kommersiya təşkilatlarının müxtəlif dərəcəli məsələlərinin həlli üçün istedadlı mütəxəssislər cəlb edir. İnnovasiyaların yaradılması – IBM şirkətinin biznes strategiyasının əsasıdır. Korporasiya aparat və proqram təminatının hazırlanması və satışını həyata keçirməklə yanaşı infrastruktur, bulud və konsaltinq xidmətlərinin geniş çeşidini də müştərilərinə təklif edir.
Hazırda IBM strateji fəaliyyətini beş əsas istiqamətdə həyata keçirir: bulud texnologiyaları, iri həcmli məlumatlar, analitika, mobil texnologiyalar, sosial biznes və təhlükəsizlik. IBM-in əməkdaşları şirkətin biznes-konsaltinq, elmi və texnoloji innovasiyalar sahəsində olan təcrübəsinə əsaslanaraq kommersiya təşkilatları və dövlət orqanlarını mühüm analitik məlumatlarla təmin edən cəlbetmə sistemlərinin yaradılması üçün dünya üzrə müştərilərlə qarşılıqlı əməkdaşlıq edirlər. Ətraflı məlumat üçün rəsmi sayta müraciət edə bilərsiniz: http://www.ibm.com/ru/ru/