Bu aralar marketerlər arasında ən çox müzakirə mövzusu Milli Marketinq Forumu 2015-dir. İlin ən böyük marketinq hadisəsi olan MMF2015-ə hazırlıqlar demək olar ki, yekunlaşıb. Təşkilatı komanda artıq var gücü ilə forumun digər xırda detallarını həll etməklə məşğuldur. Fevral ayından başlayan hazırlıq prosesi 4 ay ərzində yalnız və yalnız faydalı olmaq uğrunda daima çalışır. Foruma 20 gündən bir az çox vaxt qalır. Bu il də keçən il olduğu kimi MMF2015-də bilməli və faydalanmalı olduğunuz ən vacib 10 məlumatı Sizinlə paylaşmaq istəyirəm. Maraq üçün keçən ilki yazıya buradan göz ata bilərsiniz. Beləliklə,



1. Forumun saytı və facebook səhifəsi



Əziz dostlar, bu gündən forumun rəsmi saytı – millimarketinqforumu.com artıq tam olaraq ixtiyarınızdadır. Sosial şəbəkələrdən tez-tez forumda kimlər olacaq, necə olacaq tipli suallar verilirdi. Saytımızda artıq bu haqda tam olaraq məlumat yer alır. Siz buradan forum haqqında, forumun proqramı, spiker və moderator siyahısı, iştirak etmə şərtləridəstəkçilərimiz haqqında məlumat ala bilərsiniz. Dəstəkçilərimiz demişkən, xüsusilə qeyd edək ki, mmf2015-in baş sponsoru dostumuz28cinema-dır. Bu aralar kiçik bir sirr də açım ki, forumun rəsmi facebook səhifəsini “itirmişdik”. Necə olmuşdusa, bütün admin dostlar silinmişdi və biz məcbur qalıb 2 illik arxivi göz görə-görə böyrü üstə qoyub, yenisini yaratmalı olmuşduq. Amma şükürlər olsun ki, əvvəlki səhifəni bərpa edə bildik və gördüyünüz kimi aktiv olaraq bütün məlumatlar burada paylaşılır. Əgər Siz hələ də forumun rəsmi facebook səhifəsini izləmirsinizsə, o zaman buyurun – MMF2015 fb səhifəsi. Qeyd edim ki, Siz bütün sual və təkliflərinizi elə birbaşa fan səhifəmizdən də verə bilərsiniz.



2. #MMF2015 twitter həştəqi yenə də trend olmağa iddialıdır



Bildiyniz kimi forum ən böyük təsir gücü sosial mediadır. Çünki əsas hədəf kütləsinin demək olar ki, hamısı sosial şəbəkələrdən aktiv istifadə edir. O səbəbdən hələ 2013-cü ildən başlatdığımız ənənəni bu il də davam etdirmək istəyirik. İstər forum günü, istər forumdan əvvəl #mmf2015 həştəqi ilə twitterdə öz suallarınızı, sizi maraqlandıran istənilən şeyi yaza bilərsiniz. Forum günü isə monitorla forum gedə-gedə də yayımlayacağıq. Bu halda sual verməyə çəkinənlər, buna imkanı olmayanlar, canlı iştirak etməyənlər, hətta fürsətdən istifadə edib reklam xarakterli paylaşım edənlər də istifadə edə bilər. (P.S. Xahiş edirəm forum günü reklam xarakterli paylaşım etməyin, çünki iştirakçılar özü də reklamçılardır, təsir etməyəcək :) )



3. Biletləri necə əldə etmək olar?



Həmişə olduğu kimi bu il də biletləri 28cinema-nın kassalarından və ya online olaraq sayt vasitəsilə bu linkdənəldə edə bilərsiniz. Bu günə artıq 187 yer boşdur. Amma tələsməyinizi tövsiyyə edirik. 1-ci ona görə ki, sona doğru bilet bitə bilər, 2-ci də istədiyiniz yeri almaq üçün öncədən almaqda fayda var. Vaxta hələ 20 gündən çox var, Sizə rahat olan istənilən üsulla biletləri əldə edə bilərsiniz. Biletlərin qiyməti 40 azn-dir. 40 manata əldə etdiyiniz biletlə 2 bütöv gün yararlana bilərsiniz.



4. Forumdan nəcə faydalanmaq olar?



Bu ilki forumun faydasına keçməmişdən öncə bildirək ki, bu il əsas konseptimiz “Olimpə Doğru” sloqanı üzərindədir. Lakin bu il əvvəlkilərdən fərqli olaraq mövcud hər panel üzrə sub-mövzular, yəni istiqamətlər də müəyyən də etmişik. Bu il 6 panelimiz var, onlar 1) milli keyslər 2) marketinq kommunikasiyaları 3) marketinq strategiyaları 4) müştəri davranışları 5) karyera 6) pərakəndə ticarət-dir. Gördüyünüz kimi 2 yeni panel əlavə etmişik, bunlar karyera və marketinq strategiya panelləridir. Bu ilki formatımızda panellər üzrə alt mövzu istiqaməti iqtisadi çətinlik, böhran şəraitində atılmalı olan addımlar, mövcud problemlər və onların çıxış yolları olacaq. Təbii ki, bütün bunlar da bir məqsədə xidmət edir ki, aidiyyatı olduğumuz xidməti və ya şirkəti “olimpə doğru” necə aparaq. Anlayacağınız Siz hər paneldə fərqli yanaşma tərzi görə biləcəksiniz. Forumda 30 spiker və moderator hər biri müxtəlif şirkətləri təmsil edir. Siz burada həm də bir-birindən fərqli bu şirkətlərin yanaşmasını öyrənə biləcək və onu özünüz üçün uyğunlaşdıra və ya müvafiq dərsləri çıxara biləcəksiniz. İnsaf naminə 2 gün ərzində 40 manata bu qədər insanı bir yerdə harada görmək olar, təkcə görmək də yox onları minimum 15 dəqiqə fikrini almaq da var. Forumda maksimum 260 nəfər iştirak edə bilər. Və iştirakçıların 95%-i demək olar ki, ancaq şirkət çalışanlarıdır. Forumun bir digər faydası da Sizin çevrənizin genişlənməsinə xidmət etməsi, Sizə yeni-yeni tanışlıqlar və fürsətlər qazandırma imkanıdır. Və nəhayət forumun ən böyük faydası onun MİLLİ olmasıdır. Siz qalaq-qalaq kitablar oxuya bilərsiniz. Çoxlu xarici keyslər bilə-bilərsiniz, amma özünüz də bilirsiniz ki, yerli bazarda yerli qaydalar hakimdir. Məhz bunun üçün MMF2015 əvəzsizdir.



5. Təşkilatçı komandamızı tanıyaq



MMF2013-dən bəri forumun özək təşkilatçı komandası dəyişmir. Bu il də onların bir çoxu 4 aydır ki, gecə-gündüz demədən, iş və qeyri-iş vaxtı demədən bu işə könül veriblər. Təbii ki, dəstəkçilərimiz çoxdur, amma onları koordinasiya edən dostlara daha çox əziyyət düşüb. Aysel Cəbrayılova, Murad Malik, Nümrəddin Hüseynov-un rəhbərliyi ilə bütün komandaya təşəkkür edirik. Bu insanlar Azərbaycanda marketinqin tarixini yazan insanlardır. Təbii ki, kreativ konsept tərəfdaşımız Yello AD, bu ilki ən maraqlı yeniliyimizi icra edən BrandUp-ı da qeyd etmək vacibdir. Ümumən isə 40-a yaxın insan bu proyekt üzərində tamamilə təmənnasız çalışmaqdadır. Bu arada könüllülər içərisində bu il İqtisad Universitetindən olan 20-dən çox tələbəni xüsusi qeyd etmək istəyirəm. Onlar üçün MMF2015 bəlkə də gələcək karyeralarının ən maraqlı başlanğıcı, bir parçası olacaq. İnanıram ki, çox yaxında onların arasından gördükləri işləri ilə fəxr edəcəyimiz marketoloqlar yetişəcək. Marketing AİR nümunəsində belə faktlarla tez-tez rastlaşırıq və bu bizi olduqca sevindirir. Aşağıda Sizə təşkilatı komanda adından maraqlı video müraciəti paylaşıram:






6. MMF2015-də ilk dəfə qısa video müraciətlər



Bu il ilk dəfə olaraq forumdan öncə təşkilatı komandanın və spikerlərin qısa video çağırış və müraciətlərini hazırladıq. Belə ki, Siz hər spikerin bu tip müraciəti ilə onların nədən danışacağı və nə tövsiyyə etdiyini biləcəksiniz. Onlardan yayımlananlarının linklərini aşağıda Sizinlə paylaşıram. Baxmayanlar üçün maraqlı ola bilər.















7. Spiker, moderatorlar və forumun aparılma formatı



Yuxarıda dediyimiz kimi forumda 6 panel üzər 30 çıxışçı olacaq. Onlardan 6 nəfər moderator və hər panel üzrə 4 spiker olmaqla, toplam 24 spiker olacaq. Moderatorlar ilk olaraq söz alıb panel haqqında ümumi məlumat verəcək, panelin mövzusu üzrə iştirakçıları tanış edəcək və eyni zamanda spikerlərini səhnəyə dəvət edəcək. Daha sonra panel üzrə 4 spikerin hər biri 15 dəqiqəlik təqdimatla çıxış edəcək. Bütün spikerlər çıxış etdikdən sonra zalda oturanlar suallarını verə biləcək. Sual-cavab üçün maksimum 30 dəqiqə vaxt ayrılır. Beləcə bütün panellər öz işini davam etdirəcək. Sualları yuxarıda dediyimiz kimi həştəq vasitəsilə də verə bilərsiniz. Sual-cavabda aktiv olmanızı xahiş edirik. Zalda 4 nəfər mikrofonla sual verənlər üçün gözləyəcək. Bir sözlə, texniki cəhətdən heç bir axsaqlıq yaşamayacağımıza inanırıq. Bu arada onu da deyim ki, bu dəfə əvvəlki illərdən fərqli olaraq səhnəni də işıqlandıracağıq. Ona görə hər kəs tərəfindən maksimum şəkildə görüntü olacaq.



8. Foruma dəstək olanları tanıyaq



Bu günə olan dəstəkçilərimizin loqolarını aşağıdakı şəkildə Sizə təqdim edirəm. Forumun başlanmasına hələ var, ona görə siyahı yenilənə bilər. Bu arada onu da bildirim ki, böyük ehtimal bütün tv kanallarımız forum haqqında sujet hazırlayacaqlar. Eyni zamanda bir çox informasiya, xəbər portalları da forum haqqında məlumatları paylaşacaqlar. Hər kəsə dərin təşəkkür edirik.





9. Nahar qaydaları, forumun başlama-bitmə vaxtları



Qeydiyyat 26-27 may tarixlərində saat 09:30-dan başlayacaq və forum 18:00-da bitəcək. Biletsiz giriş qadağan ediləcək. Hər kəs ilk öncə 28cinema 5-ci zala girməmişdən öncə qeydiyyat masalarına yaxınlaşaraq qeydiyyatdan keçməlidir. Özünüzlə bol vizit kartı gətirməyi unutmayın. Bir-birinizi yaxından tanımaq üçün sizə faydalı ola bilər. 2 gün ərzində təxminən 8 saat ərzində 260 nəfərlik auditoriya, menecerlər, marketerlər, şirkət sahibləri, tələbələr və s. bir yerdə həm öyrənəcəyik, həm ünsiyyət quracağıq, hətta nahar da edəcəyik :))) Belə ki, hər gün 12:30-dan 14:00-a qədər nahar fasiləsi olacaq və nahar fasiləsi elə 28cinema ərazisində olacaq. Fürsətdən istifadə edib baş sponsorumuz 28cinema-ya da buradan yaratdıqları şərait üçün təşəkkür edirik. Mən deyərdim ki, forumun saat yarımlıq nahar fasiləsi bütün aktiv marketerlər üçün əla fürsət olacaq.



10. Brandwall önündə şəkil, video çəkiliş, promo materiallar və s. haqqında



Foyedə 2 ədəd böyük brendvolumuz olacaq. Siz də ildə bir dəfə ilin ən böyük marketinq hadisəsindən xatirə qalsın istəyirsinizsə, brendvol önündə şəkil çəkdirməyi unutmayın. Bu arada forum günlərində məlumat üçün bildirim ki, 4 professional fotoqraf və 2 video kamera olacaq. Texniki cəhətdən çox ciddi fikir veririk ki, hər şey əla olsun. Mərkəzi səs sistemi və işıqlandırmada da yeniliklər etmişik. Bu işdə dəstək olan ÖzFilm-ə də xüsusi təşəkkür düşür. Eyni zamada forumda qeydiyyatdan keçən hər kəsə mmf2015 loqolu qələm, bloknot, çanta və digər promo məhsullar veriləcəkdir.



P.S. Bir çox yeniliklərimiz də olacaq ki, bunları forum yaxınlaşdıqca elan edəcəyik. Onların arasında maraqlı sürprizlər də var. MMF2015 bu il hamı üçün faydalı olacaq. Məncə, bir ömür faydalanmaq üçün ildə bir dəfə iştirak etməyə dəyər.