Bir neçə gün öncə Orxan Rzayevin "Vәfa Quluzadә". Ad brend olduqdan sonra… başlıqlı yazısını oxudum və bu yazını yazmaq qərarına gəldim. Orda “Apple”, “Mitsubishi” kimi brendlərin adının gördüyü işə heç də uyğun olmadığı, lakin düzgün və məqsədyönlü iş sayəsində güclü brendə çevrildiyi vurğulanır. Həqiqətən də, indi heç kim telefonunun adının ALMA, avtomobilinin adının ÜÇBUCAQ olmasından narahatlıq duymur. Bəli, bu brend olmanın verdiyi üstünlükdür. Lakin bu o demək deyil ki, məhsula istənilən adı qoymaq olar.
Doğrudur, adıçəkilən yazıda heç də bu iddia olunmur. Lakin məhsula ad seçimi ilə bağlı bəzi məsələlərə toxunmağı lazım bildim. Həqiqətən də, məhsula qoyulan ad ona uyğun olmaya bilər. Məhsul brendə çevrildikdən, xüsusilə də, qlobal brendə çevrildikdən sonra onun verdiyi məna o qədər də axtarılmır. ƏSAS QURDUĞU KOMMUNİKASİYADIR. Lakin məhsulun həyat dövranının ilk mərhələlərində ad çox ciddi əhəmiyyətə malikdir. Unutmayaq ki, UĞURLU VƏ İŞİN MAHİYYƏTİNƏ UYĞUN AD HƏR ZAMAN KOMMUNİKASİYA ÜSTÜNLÜYÜDÜR!
Qlobal nümunədə baxaq:
"APPLE" adı fərqlilik baxımından uğurludur. Amma kommunikasiya baxımından Windows qat-qat daha uğurlu addır. Çünki işin mahiyyətini bildirir.
Və yaxud "McDonald`s"a nəzərən BURGER KING adı daha uğurlu addır.
Lakin ad hər şey demək deyil və ada görə işi aylarla uzatmağa da dəyməz. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilrəəm ki, ilk mərhələdə çıxan adlar çox zaman daha doğru və daha uğurludur. Təbii ki, söhbət peşəkar yanaşmadan gedir. Adın məhsula yaxın və hədəf kütləyə doğma olması onun qavranılmasına müsbət təsir edir. Məsələn götürək, BARBARİSSO adını. Uşaq bərbərxanası üçün bu adı müştəriyə təklif edəndə 2 məqamı nəzərə almışdıq:
1. Bərbər sözünü
2. Hələ sovet dövründən populyar olan zirinc tərkibli Barbaris karamelini
Məqsəd uşaqların sovet təhsilli valideynlərində (çoxu rusdilli olan) nostalgiya hissi yaratmaq və bərbərxana sözünü adda vurğulamaq idi. Müxtəlif variantlar içərisindən seçim birmənalı olaraq BARBARİSSO oldu. Son dövrlərdə bazara girən KETCHI brendi üçün ad verdikdə isə bunları nəzərə aldıq:
1. Məhsullar tamamilə keçi südündən hazırlanıb. Ona görə də keçini xatırlatmaq lazımdır
2. Gələcəkdə beynəlxalq bazara çıxa biləcək bir ad yaratmaq lazımdır
3. Məhsul bahalı olduğundan onun adı alıcı kütləsinin dünyagörüşünə uyğun olmalıdır
Müştəriyə xeyli ad təklif olundu. Hətta Ağcabədidə fermada da olduq. Müştərinin (daha çox onun Britaniyada təhsil almış oğlunun) təkidi ilə KETCHİ adı seçildi. Beləliklə, müştəri 2014-cü ilin fevralında bu adı "YELLO"dan aldı. Mənim reklamyazan (ingiliscəsi: copywriter) kimi fəaliyyət göstərdiyim müddət ərzində ən uğurlu adqoyma işim hamıya tanış olan KÖZLƏMƏ adıdır. Hər halda, mən belə düşünürəm. Bu ad sözün əsl mənasında trend yaratdı. Məhsul bazara çıxanda bazarda eyni xarakteristikaya malik (his tamı verən) məhsul yox idi. KÖZLƏMƏ adını ortaya çıxarana qədər bir çox adları qeyd elədim. "KÖZLƏMƏ"yə qədər olan variantların heç birini müştəriyə göstərmədik. Yalnız 1 variant göstərdik, o da qəbul olundu. Deyə bilərsiniz ki, burda nə var axı? Addır da! Bu ad necə trend yarada bilərdi ki? Çox sadə. İlk ağlıma gəlib qaralamaya yazdığım və müştəriyə təqdim etmədiyim, hətta agentlikdən kənara çıxmayan bütün adlar daha sonralar rəqiblərin KÖZLƏMƏ tipli məhsulları üçün brend adına çevrildi: Manqalüstü, Tüstüləmə, Ocaq, Təndir və s. Əgər KÖZLƏMƏ olmasaydı, o adlar da olmazdı. Bu, birmənalıdır! Verdiyim adla trendi bax beləcə yaratdım!