İkicə həftəyə Azərbaycan marketinq icması 3-cü dəfə Milli Marketinq Forumuna toplaşır. Forum haqqında yazılanlar və deyilənlər çoxdur. Təsəvvür etsək ki, bu forum keçirilmir, o zaman ümumi mənzərənin necə olacağının bir neçə bənd üzrə qısaca təsviri bu cür olar:



1. Həyat "davam" edəcək: Doğurdan da ilk baxışdan hər şey olduğu kimi davam edəcək. Arxayınçılıq, olanlarla barışma, bir damla ilə nə olacaq deyənlər cəmiyyətə ətalət gətirir. Bundan da tək marketinq sahəsində çalışanlar deyil, bizim hər birimizin ailə üzvləri, yaxınlarımızın da daxil olduğu müştərilər əziyyət çəkir. Fəaliyyət olmayan yerdə ‘davam’ yerində saymaqdan da betər, geriyə addımlamaq deməkdir.



2. İş görməyib tənqid edənlərin işi azalacaq: Bu mütləqdir. Sözün açığı social şəbəkələrdə marketinq ilə bağlı tanıdığım insanların əksəriyyəti bu forumu dəstəkləyir. Amma ara-sıra bu işlər nəyə lazımdır, nəyə nail olunacaq fikirlərini görmək olur. Tənqid etmək, bəyənməmək o zaman tutarlı olur ki, pislədiyindən daha uğurlu nəyisə ortaya qoyursan. Bu da inkişaf deməkdir. Amma nədənsə ətalətli olub dinamikanı danışmaqda görənlər bu forum olmasın, başqa nələrsə haqqında "gözəl tənqidlər" etməyə davam edəcəklər.



3. Cəmi cümlətanı 1 şəbəkələşmə imkanı olmayacaq: İnsan hər gün şəbəkələşmə imkanı ilə qarşılaşa bilər. İndiki dövrdə sosial media vasitəsilə də şəbəkələşmə hərsaniyə mümkündür. Amma əslində çox az fürsətlər var ki, orada sən gələcək həyatın üçün çox vacib insanlarla tanış olmaq imkanı əldə edirsən. Bu forum da biznes və marketinq sahəsində olan şəxslər üçün ölkədəki tək-tük fürsətlərdəndir. Çünki bura sadəcə əlində bakal tutub ora-bura gəzmək platforması deyil, peşəkarların ehtirasla bilik və təcrübəsini paylaşdığı məkandır. Ona görə də inanıram ki, burada insanlar bir-birilərinin ideyalarını dinləyib daha möhkəm əlaqələr qura biləcəklər.



4. Onlarla potensiallı gənc Marketinq sferasında karyera qurmayacaq: Bu yaxınlarda ACCA hegomonluğu yazımda gənclərin maliyyə və mühasibatlıq sahəsinə "yönəldilməyi" ilə bağlı qeydlər etmişdim. Təhsildən şikayət etməyə haqqımız var. Belə bir mühitdə gənclərə seçim imkanları vermək və belə forumlar vasitəsilə marketinq sahəsinə maraq oyatmaq çox yaxşıdır və şikayətlərdən daha vacibdir. Marketinqə 10 il sonra da reklam kimi baxan insanlar olacaq. Amma bu forum vasitəsilə 10-larla istedadlı gənc qərar verəcək ki, marketinq sahəsində karyera qursun və özünü inkişaf etdirsin. 10 il sonar isə bu gənclər həm bizə, həm də hələ reklam və marketinqin fərqini seçə bilməyənlərə xərüqələr göstərəcəklər.



5. Nəhayət bu forum olmasa paylaşmaq üçün növbəti fürsəti gözləmək lazım olacaq: Mən özüm birinci forumda iştirak edə bilməmişdim. İkinci foruma iştirakçı kimi qoşulmuşdum. Üçüncü forumda isə spiker kimi iştirak edəcəm. Diqqət sual! Növbəti forumda mən hansı rolda olacağam?! :) Zarafat bir qırağa, təşkilatçılara bu forumda mənə çıxış etməyə imkan yaratdıqları üçün təşəkkürlər. Proqrama əsasən mən marketinq strategiyaları panelində olacağam.Strategiyanın yeddi elementi üzrə maraqlı tezislər səsləndirməyə çalışacağam. Forumdakı tezislərim ilə bağlı bir neçə silsilə yazını yaxın günlərdə daha geniş təqdim etməyi planlaşdırıram. Ümumilikdə forumdan ən böyük gözləntilərim digərlərinin paylaşacağı məqamlar olacaq. İnanıram ki, hər bir spikerin və iştirakçının da əsas iştirak motivasiyalarından biri də budur. Məqsədim bu forumu müqəddəsləşdirmək deyil. Onsuz da bu barədə çox yazılır, mən də qısaca fikirlərimi yazdım ki, bütün bu cür fəaliyyətlərin qədrini bilək. Nədəsə, necəsə yardımımız ola bilərsə əsirgəmiyək.