2013-cü ilin Fevralıydı...



Ancaq virtual olaraq tanıdığımız, realda bir dəfə də görüşmədiyimiz Rafiq Hunaltay "Facebook"un çatı vasitəsilə (Təxəllüsü məndə həmişə qəribə təəssürat yaradırdı. Fikirləşirdim ki, yaxşı at çapa bilir J) bizə 27 Fevralda marketinq əhlini 28 "Cinema"da, "Mümkünsüz" adlı filmin baxışını bəhanə edərək bir araya toplamaq istədiyini bildirdi. Bunu etmək üçün Marketinq Azərbaycan qrupuna bir "cover" hazırlamaq lazım idi.



Biz də filmin adını istifadə etməklə maraqlı hesab oluna biləcək bir facebook örtüyü hazırladıq. Kino maraqlı oldu. Lakin kinodan sonra "Blackberry" kafesində çay süfrəsi ətrafındakı söhbət ondan da maraqlı oldu. Bu, Rafiqlə ilk əyani tanışlığım idi. Daha sonra Novruz Bayramı ərəfəsində "Azure"dakı "Şəki" restoranındakı yeyib-içmək (bunun başqa adı yox idi, elə zır yeyib içmək idi) mərasimində bir qisim iştirakçılar formatdan narazılıq bildirdi. Bu narazıların içində mən də var idim, Yello-nun digər təsisçisi Azər də. Burda biz bu ənənənin gözəl olduğunu, amma daha ciddi formata, məsələn, foruma keçirmək lazım olduğunu vurğuladıq. Və o söz elə ordaca unuduldu. Hər halda növbəti 2 həftə ərzində mən belə düşünürdüm...



Lakin Aprelin əvvəllərində Rafiq bizə yazdı. Sonra zəng elədi. Forum eləmək fikrində olduğunu, dəstək lazım olduğunu söylədi. Bir marketinq-kommunikasiya agentliyi olaraq YELLO burda nə edə bilərdi? Əlbəttə ki, kommunikasiya həllini təşkil etmək lazım idi. Qollarımızı çirmələdik və başladıq. Verilən 3-4 ad variantı içindən 3P (Problem, Praktika, Paylaşma) bəyənildi. Təşkilatçılar tez-tez görüşməyə başladıq. Mən, Rafiq Vəliyev, Anar Bayramov, Azər Nəcəfov, İlkin Manafov, Anar Mustafayev, Şahnaz Fərəczadə və bir daha neçə dostla az qala hər gün görüşürdük. Numrəddini də burda tanıdıq. Mən ona zarafatyana "nomer odin" deyirdim. Adam diribaşlığı ilə həqiqətən də Nömrə 1 idi. Elə indi də dəyişməyib.



Sponsorların və dəstəkçilərin sayı hər gün artırdı. Buna uşaq kimi sevinirdik. Axı ölkənin ilk "Milli Marketinq Forumu"nu keçirmək istəyirik və bu deyəsən alınacaqdı. Azərbaycan Marketinq Cəmiyyətinin də dəstək verəcəyini biləndə "bu iş oldu" dedik! Spikerlər siyahısını çox çətinliklə hazırladıq. Daha doğrusu siyahı uzun idi. Amma gəlmə istəyən demək olar ki, yox idi. Heç kim reputasiyasını "olmayacaq bir iş üçün risk altına atmaq" istəmirdi. Bütün bunlara baxmayaraq kifayət qədər maraqlı spiker siyahısı formalaşırdı. Kommunikasiya paneli üçün spikerləri müəyyənləşdirəndə bir reklam agentliyinə ehtiyac var idi. Çox reklam agentliyinə müraciət olundu. Cavab ya "Yox" idi, ya da, sadəcə yox idi. Belə olanda Rafiq mənim spikerliyim məsələsini önə çəkdi.



Təklif mənə öncə bir az qəribə gəlsə də (həm təşkilatçı, həm spiker) razılaşmaq üçün çox düşünmədim. Əslində təklif ürəyimcə idi. Deyiləcək çox sözüm vardı...Cəmi 3 gün sonra mövzumu müəyyən elədim: REKLAMDA DİL PROBLEMİ Nəhayət forum günü gəlib çatdı. Saysız-hesabsız texniki problemlər, təqdimatı forum zalında hazırlayan spikerlər və digər xoşagəlməz hallar fonunda forum baş tutdu. Hətta ilk dəfə üçün çox uğurlu bir şəkildə baş tutdu! Mənim təqdimatım da forumun ən bəyənilən təqdimatlarından oldu. Çünki çoxlarının demək istədiyini dedim. Həm də yetərincə sərt və ironik şəkildə... Arada 1 illik fasilədən sonra yenə də doğma forumumuzda spikerəm. Bu dəfə müştəri davranışlarından danışacağam. Daha maraqlı olacağına inanıram və çalışıram!



"MMF 2015"də görüşənədək...