Reklamı çox şeyə bənzətmək olar. Ancaq mən onu yağışa bənzədərdim. Müxtəlif mövsümlərdə, müxtəlif cür yağan yağışa…
LEYSAN – efiri dolduran, hər tərəfdən hədəf kütləni, hətta hədəf olmayan kütləni belə bombardman edən reklam leysan yığışı kimidir. Hamını isladır. Çox az adam ondan ləzzət alır. Ancaq susamış torpaq kobud şəkildə olsa da, öz nəsibini götürür…
NARIN YAZ YAĞIŞI – bu, estetik cəhətdən gözəl olan, insanlara xoş təsir bağışlayan, medianı bormbardman etməyən, daha çox məlumatvermə və ya xatırlatma özəlliyinə sahib olan reklamdır. Torpaq üçün ən faydalısı odur…
QASIRĞALI YAĞIŞ – bu o reklamdır ki, qısa müddətdə hamını bezdirir. Hər yanda insanlar onu təkrar-təkrar görür. Hətta film və ya radiospot bir reklam blokunda 5 dəfə çıxır. Hər 500 metrdən bir bilbordu olur, bir vebsatyda 2-3 bannerdə görünür. Az sonra isə heç yerdə olmur. Necə ki, qasırğadan sonra dağıntılar qalır, belə reklamlardan sonra da beyinlərdə onun buraxdığı zədə, xoş olmayan təəssüratlar qalır…
NARIN PAYIZ YAĞIŞI – daha çox məlumatvermə və ya xatırlatma xarakterli reklamlardır. Bombardman etmir, zəhlətökən tərzdə deyil. Lakin çox uzun davam etdiyi üçün insanlar ondan bezir. Eyni reklam filminin 6 ay dayanmadan efirdə olması kimi. Onlar ilk başlarda torpağı qidalandırır. Lakin uzun müddət davam etdiyi üçün torpaq suya çox doyur və ordakı bitki kökləri çürüməyə başlayır. Ya da, mamır, yosun tipli istənilməyən bitkilər bitir…
QISA SÜRƏN NARIN YAZ VƏ YA YAY YAĞIŞI – Belə reklamlar qısa müddətli aksiyalardır. Onun “göy qurşağı”-sı isə inteqrasiyalı olmasıdır. Məsələn, kampaniyaya uyğun BTL aksiyaları, online aksiyalar, əyləncəli festivalar və s. Bütün bunlar bir qısamüddətli kampaniyaya bağlıdır və həmin müddət ərzində səliqəli və hərtəfəli şəkildə auditoriyaya çatdırılır. Nəticədə topraq həm qidalanır, həm də gübrələnir. Məhsuldarlıq artır.
DAŞQINLA NƏTİCƏLƏNƏN LEYSAN – Belə halda reklam hər tərəfdə və çox sıx intervalla yayımlanır. Hamı xəbərdar olur. Üstəlik, kreativi də yaxşı olsa, insanları cəlb edir. Nəticədə tələb artıqlığı yaranır. Reklamverən daşqına məruz qalır. Bəzən güclü, bəzən zəif. Zərərini isə uzun müddət görür. Torpaqlar şoranlaşır. Drenaj xətləri isə çox xərc aparacaq…
Mən reklamları mümkün qədər yağışa paralel şəkildə müqayisə etməyə çalışdım. Düşüncəm odur ki, istənilən cür reklam yağışın hansısa bir yağma formasına, hansısa bir yağma tempinə oxşardır. Bəzən sözlə ifadə etmək mümkün olmasa belə… Bu, mənim düşüncəmdir. Bir az fərqli yanaşma, təbiətə bağlama istəyimdir. Hər halda, reklamı yaradan insanlar da təbiətin bir parçasıdır. Fikri qəbul edib etməmək isə əlahəzrət oxucunun keyfinə bağlıdır. Onun keyfi necə istəyirsə, elə də etsin.
Təki keyfi xoş olsun!