İlkin Manafovun 360 dərəcədə brendinq kitabını ilk əldə edən şəxslərdən biri də mən olmuşam. Müəllif öz imzası ilə bu kitabı mənə Milli Marketinq Forumundan öncə spikerlərin görüşündə təqdim etmişdi. Elə zarafatyana bildirdi ki, 4 saat vaxtımız var ki, kitab haqqında fikirlərimizi yazaq. Bu 4 saat müəyyən səbəblərə görə 4 həftəyə yaxın gecikdi.



Amma düşünürəm ki, bu kitab haqqında nə isə yazmaq heç zaman gec deyil. Subyektiv, obyektiv səbəblər sözlərini xoşlamıram, amma burada subyektiv səbəb odur ki, mən həqiqətən kitabı ləng oxuyan insanam. Elə kitablar var ki, bəzən onların 1 absazı haqqında bir neçə dəqiqə fikirləşirəm. Bu kitabda da o qədər belə absazlar var idi ki, onu diqqətlə oxuyub sona çatdırmaq xeyli vaxt aldı. Beləliklə, kitab haqqında fikirlərim və gələcək kitab müəlliflərinə ürək sözlərimi təqdim edirəm.



İlkin olaraq



Əvvəlcə elə ondan başlayım ki, kitabın axıcılığı, brendinq və fərdi inkişaf ilə bağlı birgə konsepsiyası adamı brend menecer olmağa həvəsləndirir.Samir Kərimov da bu kitab haqqında öz fikirlərini paylaşanda bu barədə yazmışdım. Azərbaycan dilində onsuzda biznes kitablarının sayı azdır, bəzi yeni kitablar da tərcümədir. Eybi yoxdur tərcümə edilib, amma elə tərcümələr də var ki, müəllif ora heç cürə öz praktikasının rəngini qata bilmir. Bu kitab isə etdik, sınadıq, bəyəndik, öyrəndik, bəyənmədik, alınmadı, təkrar etdik, alındı, yenisini fikirləşdik, dayandıq, bir daha fikirləşdik, gecikdik, tələsdik, tutdurduq konsepsiyası ilə yazılıb. Sizə məsələn araşdırma şirkəti üçün brifi yazmaq üçün edilən tövsiyyə xaricdə bunu belə edirlər, siz də bir belə edin görün alınacaq ya yox formatında deyil, biz Bakıda, Azərbaycanda bunu bu cür edirik, çünki təcrübə göstərir ki, başqa cür araşdırma şirkəti sizə lazım olan məlumatı təqdim edə bilmir formatında göstərilir. Buna çeyniyib ağzına qoymaq deyilir ki, oxuyana sadəcə udmaq gərəkir.



İlkin kimi düşünmək



Müəllifin bloqunu 3 ildən artıqdır ki, izlədəyimdən yazı tərzinə azdan-çoxdan bələdəm.Kitabda bloqda vaxtilə yayımlanmış yazılar da var. Yerli-yerində istifadə olunublar.Amma kitabın yeni yazılmış hissələrində belə müəllifin fikirlərini bir-iki absaz qabaqdan tutmaq olur.Mən buna İlkin kimi düşünmək deyərdim.Kitabı yazan insan 2-3 gündən bir həm aktual, həm də bloqun konsepsiyasına uyğun fikirlərini oxucularla paylaşır. Facebook statusundan fərqli olaraq bloq post daha geniş əhatəli olur və oxuyan insanın daha çox yadında qalır. Hadisələrə, proseslərə yanaşma tərzi isə insanın alt şüuruna yazılır. Sən artıq müəllifin kitabını oxuyanda onun nə demək istədiyini sona çatmadan başa düşürsən.Nəbilim, əvvələr buna dəsti-xətt deyərdilər. İlkin Manafov da görünür marketinqdə bir dəsti-xətt yarada bilib ki, mən belə düşünürəm. Elə kitabın dili ilə desək, İlkinin yazı tərzinin brendinq elementi kimi biz realistliyi, optimistliyi, özünəinam, səmimilik, özünü uca tutmamaq, faktlarla danışmaq, bildiyini paylaşmaqda xəsis olmamaq, sona həmişə ümid saxlamaq elementlərini görə bilərik. Daha belə bir müəllifin kitabını oxumağa nə var ki? Nə az bildiyinə görə ruhdan düşəcən, nə də çox bildiyinə görə öyünəcən.



İlkin ola bilməyənlər



İlkin bəy Azərbaycanda ən çox postu olan biznes bloqun müəllifidir.Hərdən hansısa bir mövzu haqqında yazanda yadıma salmağa çalışıram ki, bu barədə İlkin bəy hər hansı qeydləri etmişdisə, təkrarçılıq olmasın. Demək olar ki, marketinq və fərdi inkişaf ilə bağlı bütün əsas mövzuları öz yazılarında əhatə edib.Brendinq ilə bağlı Ana dilində ilk kitabı yaza bilməyənlərə isə əminəm ki, müəllif estafeti verməyə hazırdır. Düzdür, inanıram ki, onun tezliklə digər kitablarını da görə biləcəyik. Sadəcə əlini çırmalayıb brendinq və marketinqdən kitab yazmaq istəyən şəxslər marketoloqlar və xüsusən də marketoloq olmayan istəyən gənclər üçün böyük iş görmüş olacaqlar. İntellektual marketinq fəaliyyəti məşğul olmaq istəyən şəxs üçün isə bu həm də vizit kartdır. Milli Marketinq Forumu, internetdə müxtəlif sosial şəbəkələrdə olan müzakirələr, yeni bloqlar və yeni kitablar hamısı bizim marketinq cəmiyyətinin inkişafı üçündür. Kimsə ilkin ola bilmirsə, ikinci və üçüncü olmaqla bu böyük missiyanın vacib tərkib hissəsi olurlar. Kimsə həyatıboyu 500 kitab oxuya bilər amma çox az kitab var ki, insanın karyerasına, düşüncə tərzinə əsaslı dəyişiklik edir. Mən inanıram ki, bu kitab bir çox insanın həyatında TOP 10-da olan kitablardan olacaq və onların həyatını müsbətə dəyişəcək.Təbriklər isə müəllifə düşür.Çünki bu onun kitabı haqqın ilk deyil, artıq neçənci yazıdır.