Bizdə marketinq yoxdur deyən insanlarıq ki, 10 il bundan öncə xit olan mahnının beynimizdəki pozisiyalaşmasını illər sonra dərk edirik. Bizdə PR yoxdur deyən insanlarıq ki, bu mahnının şotuna özü üçün apardığı PR kampaniyası ilə toylarda, tədbirlərdə cibimizə girən insanları hələ də "yaxşı cütlük idi, gərək ayrılmayardılar" kimi xatırlayırıq. Rafiq bəyin, İlkin bəyin, Samir bəyin bloqlarını izləyənlər söhbətin nədən getdiyini yəqin ki, başa düşdülər.
Məsələ belədir ki, sadəcə şəxsi PR-ı üçün deyil, bildiyini paylaşmaq, cəmiyyətə faydalı olmaq istəyən bir neçə insan özü üçün ayıra biləcəyi vaxtı təmannasız olaraq heç dost olmadığı, həyatda tanımadığı insanlara belə həsr edir və özü-özünə düşünür ki, bəlkə bütün bunları etməklə düz etmir? Rafiq bəy və onun yazısına artıq cavab yazan iki müəllifdən sonra mən istəyirəm ki, biz səhv yoldayıqsa kimlərini düz şossedə olduğunu tapım. Beləliklə, növbəti şəxslər düzmü edir, səhvmi edir, bu haqda fikirləşməyi Sizin ixtiyarınıza verirəm:
1. Bloqları uzun-uzadı yazırlar, müzakirələri çox yorucudur, gəncdirlər, təcrübəsizdirlər, ancaq öz əhatələri var. Ona görə də bu insanlardan cəmiyyətə bir fayda gəlməz. Bloq olar 2 absaz. Foruma ki, Avropadan spiker gəlmədi, daha onun nəyi peşəkar forum olur? Elə götürək mənim özümü. Facebook-da Harvard Business Review-nu izləyirəm, biznes onlardadır e. Bunların yazdıqlarını 30 il qabaq deyiblər. O bloqu oxuyana qədər ‘İngiltərədə işçilərin evdə iş ilə bağlı mobil telefondan istifadə etdiklərinə görə boşanmaların artması’ haqqında yazını oxuyaram. 25 yaşında oğlan axı hardan bilə bilər ki, iş yerində təcavüz, ayrıseçkilik nədən qaynaqlanır.
2. Azərbaycan dilində mənə 1 dənə kitab göstər ki, deyim biznesi tam əhatə edir. İnternetdə Rus dilində, İngilis dilində, hətta Türk dilində kitab doludur. Arada eşidirəm ki, Azərbaycan dilində hansısa 1 kitab çıxdı. Lap olsun 2, lap elə 2.5 kitab. Bunlar heç nəyi dəyişməyəcək. Elə götürək mənim özümü. Hər ay İngilis dilində 2 kitab oxuyuram. Məcbur deyil ki, Azərbaycan dilində kitab olsun. Qardaş mənə İngilis, Rus dilində oxumaq daha rahatdır. Xaricdə gedirsən kitab mağazasına bir mövzuya aid 50 fərqli kitab. Kimin uşağı xarici dili bilmir, öz problemidir. Bəhanə edir ki, kursa pulum yoxdur. İstəsən aya 100 manat ayırıb uşağını kursa göndərə bilər. Mən 5-ci sinifdən şəxsi müəllimlə İngilis dilini öyrənmişəm. Bizdə Rus bölməsində oxuduğumuzdan İngilis dilini öyrənməyə kitablar daha çox idi.
3. Elə danışırlar, güya Azərbaycanda yaşamırlar. Havalarda uçurlar. Karyera, nəbilim fərdi inkişaf, marketinqə yerli baxış. Hələ öz təcrübəmiz dediklərini də paylaşılar. Az-çox baxırsan təcrübələri var, amma yenə də götürək mənim özümü. Biz Türk liseyində oxuyanda maksimum şərait var idi, artıq bilirdik ki, məktəbi qurtarıb Türkiyədə oxuyub gedib gələcəyik və burada çox rahat iş tapacağıq. Oxuyarkən Türkiyədə bir qədər işləmək imkanı oldu. Orada çox fərqlidir. Bizdə nə qədər üzərində çalışsan da səni qabağa çəkən olmur. Düzdür, gəlib burada iş tapdım. Amma burada marketinq də yoxdur. Ona yerli baxış etməyin nə mənası var? Şirkətimiz istənilən supermarketdə məhsullarımızı ən yaxşı yerdə yerləşdirir, hansı kanala baxırsan bizim məhsulların reklamlarıdır, amma reklam formaldır, çünki onsuzda hamı bilir ki, biz kimin şirkətiyik. Qablaşdırmanı gözəl edirik, məhsulumuz da keyfiyyətlidir. Deyə bilərsiniz ki, bu marketinqdir, amma bizim şirkətin güclü olması kimin şirkəti olmağımız ilə bağlıdır.
Belə insanların sayı çox ola bilər. Cəmi 3 insan tipi haqqında yazdım. Onlardan biri fikirləşir ki, uzun yazırıq, qoy elə onun acığına bu yazı biraz qısa olsun. Bizə gəldikdə isə, qoy biz elə bağlanmaqla səhv edək. Nar da bağlanır. Nar-ın da konsepsiyası ilə yanaşsaq neqativ mənalı bağlanmaq feli heç də pis bir şey deyil.