İyul ayının ilk günündə həmkarım Rafiq Vəliyev biznes blogerlər arasında yeni trend başlatdı. "Bəlkə biz düz eləmirik?" sualına elə İlkin Manafov da olmaqla, özümüz cavab verməyə çalışdıq. Estafet isə mənə dəyərli həmkarım Samir Kərimovdan gəlib və məmnuniyyətlə fikirlərimi oxuyucularımla bölüşürəm. Müxtəlif sektorlarda marketinq fəaliyyəti ilə məşğul olduğum zaman əslində mənfi nüansları sezib, bunları aradan qaldırmağa çalışırdım. Bir müddət keçdikdən sonra starteji baxımından bir çox məsələlərin həqiqətən düz etmədiyimi aşkar görürdüm. Bəs ümumilikdə biz nəyi düz eləmirik?
1. Öyrətmirik
Bu sözümdə iddialıyam. Sabahın mütəxəssisini bu gün hansı səviyyədə hazırlayırıq? Türkiyədə Hocam ilk dərsində: "4P'yi öğreten hocalardan uzak durun!" demişdi. Və haqlıydı. Nə qədər ki, təlimlərdə, seminarlarda, dərslərdə xarici brendlərdən bəhs edəcəyiksə, biz Azərbaycan bazarı üçün heç bir marketoloq yetişdirmirik.
2. Paylaşmırıq
Marketinqdə ən əsas məsələlərdən məhz təcrübə paylaşımıdır. Paylaşırıq? Hadi ordan! Sizin, bizim, mənim paylaşdığım səhnənin görünən tərəfidir. Bir tibb məntəqəsinin gündəlik pasient sayının 40 nəfərdən 460 nəfərə qaldırmağı sizə niyə anladım ki? Zatən, ölkədə 320-dən çox tibb mərkəzi var. Sabah işsiz qalma ehtimalım olsa belə, konsultasiya verməyə sözüm olmalıdır ya yox?!
3. Biz bazara yox, bazar bizə yön verir.
Peter Fisk “Marketing Genius” kitabında yazır: “Bazar biznesi idarə edir, buna baxmayaraq marketoloqlar hələ də sükan arxasında deyillər. Marketinq hələ də periferik funksiya, əlavə xərc, satışa dəstək kimi qəbul edilir”. Adam haqlıdır. Bazara biz yön verməkdən, bazar bizə diqtə edir. Marketoloq olaraq gözləyirik ki, dollar nə zaman düşər, bəlkə bazarda canlanma olar. Nə zamana kimi Novruz, Yeni il, 8 mart, Sevgililər günü gözləmək olar? “Karolina Valiant”ı yayın cırhacırında, “Bakılı Qız” dondurmasını qışın oğlan çağında sata bilənə və satdırana eşq olsun! Bəs içərimizdə kimlər süni tələb yaradıb?! Bəlkə “qırmızı makasin” xaricində ciddi trendlər yarada bilmişik?! Yaratdıqlarımızın ancaq 1 mövsümlük canı olub.
4. Kor xəlifə
Marketinq bir şirkət fəaliyyətinin görünər tərəfidir. İşlərin görünən edilməsi də marketoloqun işidir. Vay o gündən ki, marketoloq “burda mənəm, mən” deyən olsun. Şirkətin uğurlarını öz ayağına yazmaqla komanda ruhunu yerin dibinə basdırmış olur.
5. Başa düşmürük
Əksər hallarda “müştəri” ilə “istehlakçı” arasında fərqi görə bilmirik. Bizim məhsulu istehlak edə bilən hər kəsi müştəri görürük. Ov torumuzun ölçüsünü nəzərə almamaqla, bəli, biz düz eləmirik.
6. Biznes görüşlərin təşkili
Milli Marketinq Forumu konsepsiya baxımından uğurlu adlandırmaq olar. Amma bəzi çıxışçıların özlərini TEDx-də hiss etmələri və uğur hekayələrini danışmaları MMF brendinə zərər vurur. Forumda milli bazar şəraitində – böhran ərəfəsində marketinq fəaliyyətini təhlil edilib, çıxış yolu göstərilməlidir. Networking yaxşıdır, amma məhsuldar networking daha yaxşıdır. Mənim deyəcəklərimin sadəcə bir qismi bu qədərdir. Blog`un başlığındakı “Şok açıqlama” və “+18″ isə yerli saytlarda ən çox rast gəlinən taktikalardandır. Bax elə burda biz həqiqətən də düz eləmirik!
Estafeti marketinq üzrə ekspert Rəhman Əhmədov`a, retail sektoru üzrə marketoloq Tural Abdullayev`ə və marketoloq dostumuz Rəşad Hüseynov`a verirəm.