Əslində bu məsələ sadəcə bizim ölkədə deyil, bir çox ölkələrdə bu problem mövcuddur. Əsas problem isə bu sahənin çox yeni olması, vəzifə və öhdəliklərinin çərçivəsinin tam olaraq müəyyən edilməmiş olmasından qaynaqlanır. Hansı bacarıqların bu işi görəcək olan şəxsin məhsuldarlığı üçün əsas olduğu da tam olaraq müəyyən edilməyib. Vakansiyalara göz gəzdirsək görürük ki, əsas tələb olaraq "Sosial Medianı aktiv olaraq istifadə etməyi bacarmaq" qeyd edilir.
Ən əsası bunu fərqləndirməyi mütləq bacarmaq lazımdır, bütün günü "facebook"da, "instagram"da, "twitter"də oturan, status, şərh yazıb, şəkil paylaşan çox sayda insanlar var, amma bunu edən hər insanın Sosial Media marketinqi apara biləcəyi dəqiq deyil. Mütləq bunu nəzərə almalıyıq ki, bu işi görəcək insana Facebook, Instagram, Twitter, Youtube səhifəsini deyil, markamızı əmanət edirik. Qısacası bu insanın mütləq marketinq, müştəri davranışları, brend menecmenti biliyinin olması mütləqdir. Belə bir sual yaranır, bəs yaxşı sosial media ekspertini sosial media istifadəçisindən ayıran əsas xüsuiyyətlər hansılardır?
Kontent marketinq bacarığı
Sosial media üçün hazırlanacaq kontentlər markanın mesajını, markanın məhsul və ya xidmətlərini sadə formaqda ötürməkdən artıq olmalıdır. Şirkətin sosial mediasini idarə edən insan qeyri-adi, yaradıcı kontentlər yaratmalı, insanların marağını çəkməli, onları danışdırmalıdır. Bunu edərkən də auditoriyasını çox gözəl tanımalıdır və markaya zərər verəcək şeylərdən uzaq durmalıdır.
Qrafik dizayn biliyi
Araşdırmalara görə gözəl vizual olan postlar digərlərinə nisbətdə 94% daha çox kliklənir. "Wishpond"un araşdırmasına görə isə maraqlı vizuallar aktivliyi 120% artırır. Məhz bu səbəbdən sosial media menecerinin gözəl qrafik dizayn biliyinin olması çox faydalı olacaqdır.
Copywriting bacarığı
Markanın sosial media hesablarını idarə edəcək olan insanın ölkənin diliyini mükəmməl bilməsi, onu səlis və bacarıqlı formada istifadə etmə bacarığının olması son dərəcə zəruridir. Bəzən bir sözün hər şeyi nə qədər dəyişdirdiyini çox gözəl bilirik...
Brend kommunikasiyası və stretegiya
Hazırda yaşadığımız dünya tam olaraq "Brend müharibəsi"dir. Bu səbəbdən brendimiz möhkəm strategiyaya sahib olmalı, digərlərindən öndə olmağa çalışmalı və brendin strategiyası bütün kanallarda öz əksini tapmalıdır. Yəni brendin sosial mediasını idarə edən şəxs brendini çox gözəl tanımalı, strtegiyasını dəqiq bilməli və sosial media strategiyasını qurarkən bunları nəzərə almalıdır.
Reklam menecmenti
Ümumiyyətlə Sosial Media üçün reklam büdcəniz yoxdursa, sosial media kanallarının heç bir mənası yoxdur, ilk öncə bunu qeyd etməliyik. Reklam büdcəniz varsa, onu mütləq gözəl şəkildə dəyərləndirməyi bacarmaq da lazımdır. Sosial Media Meneceri büdcəni elə şəkildə bölüşdürməlidir ki, maksimum geridönüş əldə edilə bilsin. Misal üçün: 26 İyun Silahlı Qüvvəl günü münasibətilə yerləşdirdiyimiz postu 2 iyula qədər reklam etməmək lazımdır. (Bir şirkət bunu etmişdi).
Analiz və reporting
Sosial medianın ən əsas xüsusiyyətlərindən biri budur ki, demək olar hər şey "göz qabağındadır". Datalar rəqəmlər formasında təqdim edilir, bu rəqəmlər analiz edilməli, uğurlar və uğursuzluqlar barədə rəhbərliyə hesabat verilməldir.
Bəlkə də insan resurlarımızı seçərkən düz etmirik..?