Yazsam ki, biznesdə uğurun əsas faktorlarından biri şəbəkələşmə tədbirləridir, deyəcəksiniz ki, bunu bilirik. Desəm ki, bu tədbirlərdə çoxumuz özümüzü bəzən çox rahatsız hiss edir və ya bəzən tədbirdən sonar hansısa fürsətlər qaçırdığımızı düşünüb sıxılırıq soruşacaqsınız bəs bunun əlacı nədir? Sözün açığı bu əlacı axtaranlardan biri də özüməm. Bu dəfəki yazıda da qısaca olaraq belə tədbirlərdən maksimum faydalana bilməmiz üçün vacib olan 4 məsələdən danışacağam:



1. Tədbir haqqında öncədən məlumat əldə etməyə çalışın



Çoxlu şəbəkələşmə tədbirlərindəi ştirak etmək yaxşıdır. Elə insanlar var ki, az qala hər gün hansısa şəbəkələşmə tədbirində iştirak edir. Elə işlərini də tədbirdən tədbirdə rahatca düzüb qoşurlar. Amma bəzən tədbir haqqında öncədən məlumatlı olmaqdıqda və təbdirə çatıb yüngül desək şok keçirəndə adamın ilk öncə vaxtına hayıfı gəlir. Tədbir vaxtı isə maraqlı həmsöhbət tapmadıqda, tədbirin formatını bəyənmədikdə mənəvi yük ilə buranı tərk edirsən. Odur ki, maksimum dəvət aldığınız tədbir haqqında öncədən məlumat toplamağa çalışın. Böyük şəbəkələşmə təşkilatçıları onlayn sistemə bütün iştirakçılar haqqında məlumatı daxil edir və onlara bir-biriləri ilə onlayn qaydada öncədən görüş təyin etmək imkanı verir. Qısası vaxtımıza dəyər verərək, hara gəldi getməməliyik.



2. Mütləq hazırlıqlı olun



Hazırlıqlı olmaq sadəcə üstündə biznes kartı daşımaq və ya tədbir haqqında məlumatlı olmaqdan ibarət deyil. Təsəvvür et ki, sadəcə 5 dəqiqən var yazımda insanın özünü təqdim etmək üçün əlinə düşdüyü fürsətlərdə etməli olduğu bəzi məsələləri qeyd etmişdim. Tədbirin formatından, məkandan, iştirakçılardan, keçirilmə vaxtından asılı olaraq özünüz, təşkil etdiyiniz təşkilat və ya öz biznesiniz haqqında hansı məlumatları təqdim etməli olduğunuzu öncədən planlaşdırın. Çünki bəzən sizing çox qısa vaxtınız olur. Bu qısa vaxt ərzində siz gələcək partnyorunuz, rəqibiniz, iş yoldaşınız, müdiriniz, dostunuz ilə əlaqələrin fundamentini qoya bilərsiniz. Tədbirə qatılmaq məqsədinizi tədbir zamanı hər bir görüşünüzdən öncə xatırlayıb nəzərdə tutduğunuzu insanlara çatdırmağa çalışın.



3. Yeni əlaqələr qurmağa çalışın



Bəzən, hansısa tədbirdə sizing öncədən tanıdığınız şəxslər olur. Avtomatik olaraq qaçırıq bu insanların yanında. Əslində burada pis heç nə yoxdur. Çünki dostumuz, tanışımız ilə artıq davam etdirilməli çox söhbətimiz var və yeni mövzu açmaq məcburiyyətində deyilik. Amma sadəcə ürəksiz olub və ya həvəssiz olub şəbəkələşmə görüşlərində yeni əlaqələr qurmamaq bizə sonda könül naxoşluğu gətirir. Ona görə də yuxarıda dediyim kimi yaxşı olar ki, tədbirlərdə görüşləri öncədən dəqiq təyin etmək üçün yardım göstərilsin. Amma nəzərə alsaq ki, axşam ziyafətlərində bu çox çətindir, xüsusən də ayaq üstə olanda ona görə də bu ziyafətlərdən maksimum istifadə edib faydalı əlaqələrinizin sayını artırın. Gördüyüm maraqlı bir təcrübə də var ki, axşam ziyafətində hətta masa arxasında otursaq da, yemək gələnə qədər bir qrup insanla, yeməyi artıq ayrımasada digər qrup insanla, deserti isə başqa bir qrup insanlarla üçüncü Masada yemişdik. Nəticədə daha çox insanla maraqlı ab-havada danışmaq imkanı olmuşdu.



4. Gülün, sadəcə satmaq üçün deyil



Belə görüşlərdə siz çoxlarında ilkin təəssürat oyadırsınız. Məsələn, indiki dövrdə ola bilsin ki, digər insanlar size social şəbəkələrdən tanıyır, amma həyatda ilk dəfədir ki, görür. Bəzi insanların belə mühitdə ən böyük səhvi məhz özünü ciddi göstərmək xatirinə zəhrimar simasına sahib olmaqlarıdır. Elə edin ki, insanlar gülüşünüzə vurulsun, qalanı yaxşı olacaq. Birdə ki, gülüşünüz sadəcə satıcı gülüşü olmasın. Bəzi insanlar hər görüşü satmaq fürsəti kimi görür və başqa mövzulara keçməyi demək olar ki, unudur. Bir dəfə Britaniya rəsmilərinin görüşündə iştirak edirdim. Saatyarım çəkən görüşdə əsas məsələ haqqında 2-3 dəqiqə danışıldı. Qalan vaxtı isə əsas mövzuya fundament qoyuldu.



Özüm bu məsələləri nəzərə alıb görüşlərdən pozitiv ayrıla bilirəm. Xüsusi olaraq bənd kimi göstərmədiyim bir məsələdə mənə kömək edir, belə tədbirlərdə daha çox dinlə.