Yazmaq növbəsini mənə ötürdüyü üçün Xanım Aysel Cəbrayılovaya təşəkkür edirəm, elə mövzunu da növbələrdən başlayacağam.
Bəlkə biz düz eləmirik, növbədə özümüzü azərbaycanlısayaq aparmırıq?
Biz, yəni mən və mənimlə yol yoldaşı olan Dürdanə və ya Ülkər. İki dəfə Gürcüstandan qayıdanda sərhədi keçəndə əməlli izdihamlı növbələrə düşmüşük.
Hamı da az qala bizi tapdalayıb keçib, qızlara deyirəm ki, gəlin biz də cəld tərpənək heç olmasa, boşluq olanda bir az qabağa gedək (mən bəlkə də tipik Azərbaycanlıyam), hər iksi də deyib, onda “tənqid etdiklərimizdən bizim nə fərqimiz?”. Mənə maraqlıdır, bəlkə biz düz eləmirik, axı Azərbaycanda elə Azərbaycan qanunları (Meşə qanunları da demək olar, güclülər qalib gəlir, zəiflər məhv olur) ilə davranmaq lazımdır. Atalarımız deyib – Bacarana can qurban! Hələ növbələrdə, insanların min-bir bəhanə ilə növbəsiz keçməyə çalışması, “qadınların sadəcə yaşlarına və çəkilərinə arxalanaraq həyasızlıq etməsi”, “üzə salması”, vəhşicəsinə pəncərələrə və qapılara çırpması... Fikirləşirdim ki, bir iki belə mənzərəyə şahid olan Avropalıya min dəfə Avropa Oyunlarından danış, xeyir etməz… Biz hara, Avropa hara...
P.S. 1. Mən inana bilmirdim ki, sərhədi keçəndə, terror və ya qırğın törətmək üçün necə gözəl fürsət var, nə qədər insanı bir anda öldürmək olar. Özü də sərhədçilərin bir addımlığında, nəfəs almaq mümkün olmayan uzun dəhlizdə.
P.S. 2. Nəfəs almağa hava olmayan bir yerdə, kişilərin siqaret çəkməsini ümumiyyətlə heç bir məntiqə sığışdırmıram?... İnsanlar udmağa oksigen tapmır...
Bəlkə yox, biz həqiqətən də, düz eləmirik ki, müştərimizi sevmirik!
Razılaşaq ki, şirkət olaraq, hamı daha çox müştəridən nəsə qoparmağa çalışır, nəinki nəsə verməyə və müştəri ilə münasibət çox soyuqdur. Bəlkə də kimlərsə bu fikirlə razı olmayacaq, amma mən müştəri olaraq, çox az şirkətin sevgisini hiss etmişəm, ya da heç hiss etməmişəm. Halbuki mən yaxşı müştəriyəm – ən azından kreditlərimi gecikdirmirəm. Müəyyən qədər loyalam, özü də necə... Hətta şikayət etməyi bacarmayan bir müştəri seqmentini təsəvvür edin. Bir situasiya xatırlayıram ki, bir gün Bakıda hamının adını əzbər bildiyi bir restoranlar şəbəkəsində yeməyimizdən şüşə qırıntısı çıxmışdı, yəni qırıntı dediyimi adamın mədəsini deşəcək və ya dil dodağını kəsəcək qədər böyük. Amma ki, mən şikayət etməkdən heç xoşlanmıram deyə, yanımdakına (yenə də yanımda Dürdanə idi) imkan vermədim ki, heç olmasa bunu bizə xidmət edən personal üzvünə söyləsin...
Həmin yerə getməyə yenə də davam edirəm…
Dəfələrlə bu halla rastlaşmışıq ki, personal kiminsə şifarişini unudur, sonra xatırladırsan və gözləyirsən, hamı yeməyini yeyir – qurtarır, sənin yeməyin gəlib çıxmaq bilmir. Bunun əvəzində üzrxahlıq etməyi də yaxşı bacarmırıq. P.S – bir dəfə eyni situasiya ilə xarici qonaqlarımızla birlikdə olanda baş vermişdi. Yəni qonaqlardan birinin sifarişi təxminən 1 saatdan da çox müddətə ləngimiş və gələndə soyuq gəlmişdi. Lakin əcnəbi qonaqlar bunu cavabsız qoymadı, administratoru çağırtdırdılar və ürəklərini boşaldıb, narazılığını bildirdilər. Onlar deyir ki, əgər bu Avropada baş versəydi, bundan sonra sifariş edəcəyin hər şey sənə pulsuz gələrdi. Yəni istəklərinə nail oldular, administrator hər kəsə müəssisənin hesabına xüsusi sərin kokteyl gətirtdi. Amma mənə görə bu da müştəri məmnuniyyəti deyil – sonradan atılan daş, topuğa dəyər.
Müştərimizi sevmirik, ona özəl davranmırıq, şablon email və smslərlə onu yükləyirik. Onu gülərüzlə qarşılayıb, gülərüzlə yola salmırıq. Problemlərini öz problemimiz hesab etmirik... P. S – Bank sahəsində daha çox yazdığım üçün, məncə banklar problemli müştərilərə ayırdıqları enerjinin (vəsaitin) bir qismini loyal müştərilərə ayırsalar daha çox xeyir taparlar. Məmnun bir müştəri, 10 yeni müştəri deməkdir.
Bəlkə biz düz eləmirik , dilənməyi paylaşmaqdan daha çox sevirik
Mən əminəm ki, çoxları bu fikrimlə də razı olmayacaq. Amma bizim bir çox adətlərin kökündə sanki “pul dilənmək” dayanır. Şirinlik istəyirik, muştuluq istəyirik, qapı-kəsdi, qazan açdı, paltar biçdi, xələt verdi və s. Xüsusi ilə də toy, nişan və s. mərasimlərlə bağlı o qədər adam səndən “pul dilənir ki” bilmirsən ki, toyunu edəsən, gələn adamları doydurasan, ya öz həyatını qurmaqla məşğul olasan. Hətta bizim Novruzda, Kosa və Keçəl kimi qapı-qapı gəzib, dilənməklə məşğul olan obrazları sevməyimiz absurddur. Məsələn, müqayisədə Şaxta baba və ya Santa Klaus paylaşmaqla məşğuldur.
Biz adətlərin, Qurbanlığın, ehsanın iftarın mahiyyətinə varmırıq, paylaşmaq tərəfəni unudub, “özünü göstərmək” tərəfini şişirdirik. Biz düz eləmirik ki, özümüzü adətlərin, situasiyanın qurbanına çevirir və kimlərsə nəsə düşünər deyə, öz xırda – ülvi arzularımızdan imtina edirik. Azərbaycan üçün daha qlobal olan təhsil problemindən yazmıram... Çünki bu ayrıca bir postun mövzusudur.
Aysel xanıma bir daha təşəkkürlər.