Bəlkə də düz eləmirəm, amma yazıya giriş vermədən başlayacam.
Bəlkə biz düz eləmirik Azərbaycanda doğuluruq?
Bəli, bəlkə bu səhvdir? Bəlkə biz bu qədər təbii zənginlikləri olan ölkədə doğulmamalıyıq? Bəlkə belə zəngin keçmiş tarix, zəngin mədəni irs bizə lazım deyil? Bəlkə bunların bizə heç vaxt faydası olmayıb? (olmayacaq).
Bəlkə ilk cumhuriyyətdə doğulmaq düzgün deyil? Bəlkə Şah Xətainin torpağında doğulmaq, Fizulilər, Nizamilər, Cəmil, Cavid, Zərdabilər toprağında doğulmaq doğru deyil bizim üçün? Məhəmməd Əmin kimi öndərin irsi olan yerlərdə doğulmaq doğru deyil bəlkə? Bilirəm suallar çox oldu. Amma onlar var və cavablarını gözləyir. Bu sualları cavablayan, cavablamağa şərait yaradan bütün dostlara salam olsun…
Bəlkə biz düz eləmirik özümüzü və gənclərin, ətrafımızın inkişafı üçün çalışırıq?
Özüm, dostlarım, (dost seçəndə buna çox diqqə edirəm), müəllimlərim və s. Hamısı həmişə özünü inkişaf etdirməyə açıq insanlardır. Onlar daima yenilikləri, bildiklərini paylaşır. Bilmədiklərini soruşur və yeniliklərin ortaya çıxmasına şərait yaradır. Onlar ətrafına yığır və ya ətraflarda toplanmağa kömək edir. Onlar etdiklərindən zövq alır, biz isə onlarla qürur duyuruq. Onlar heç kimdən təklif gözləmir, təklif edir, təklif yaradır. İmkanı da şəraiti də özləri yaradır adətən. Onlar mənim kimi nəsə etməyə çalışan insanların əlindən tutur, onlara yol göstərir. Xəritə olur, kompass olur adətən. Onlar başqalarının qınağından qorxmur, əksinə o qınağı yeni daha faydalı düşüncələrə dəyişməyi bacarır. Onlar Marketinq, biznes, menecment qrupları, saytları, forumları, verilişləri, kitabları, qəzet, jurnalları, blogları yaradır. Başqalarına inkişaf etməyə şərait yaradaraq, özləri də inkişaf edir. Hər bir gördüyü işin uğurunu başqaları ilə paylaşmağı bacarır. Əziyyətdən qorxmur, əksinə əziyyəti öz iradəsi ilə qorxudur. Bütün dostlarıma salam olsun…
Bəlkə düz eləmirik insanların hüquqlarının qorunması üçün nəsə etmək istəyirik?
Əsasən facebook üzərindən olsa da, istənilən halda insanlara öz hüquqlarını öyrənməkdə, o hüquqları müdafiə etməkdə, hüquqların dəyərini yüksəltməkdə, başqa səhv yolda olanları düz yola gətirməkdə kömək edirik. Bəlkə düzgün deyil ki, həmin edilənlər, gündəlik həyatda, şəxsi və ya iş həyatında, ictimai, sosial problemlərin həllində insanlara kömək olur ? Bu işdə də faydası olan bütün dostlara salam olsun…
Bəlkə düz eləmirik kitab, jurnal alıb oxuyuruq?
Soveti görməyən qrupuna aidik. SSRİ dağılanda doğulmuşuq. Bizim üçün kitab, jurnal, qəzet, məktəblərin önündə, şəhərdə, rayonda, parklarda, bazarlarda “semiçka” üçün qab hesab olunub. Ya da məktəbdə bizdən əvvəlki siniflərin oxuduğu, vərəqlərinin küncünü cırıb, iç səhifələrinə lazımsız cızma qara etdikləri kağız parçası olub. Amma biz həyatı həmin kitablardan öyrəndiyimiz üçün, indi o kitab, jurnal, qəzetlər haqqında fikirləri dəyişməyə çalışırıq. Alırıq, alınmasına, satılmasına dəstək oluruq. Kitab cəmiyyətdə haqq etdiyi hörməti görmür. Amma bəlkə biz düz eləmirik ki, bunu dəyişdirməyə çalışırıq? Bu fikri dəyişdirməyə çalışan bütün dostlara salam olsun…
Bəlkə düz eləmirik daha çox ictimai dəyəri olan işlərdə çalışmağa çalışırıq?
İşlədiyim sektor çoxlarının da qəbul etdiyi kimi, çətin, yorucu, bəzən çox darıxdırıcı amma insanlara icitmaiyyətə çox faydası olan sahədir. Tək özümdən deməyəcəm bu sektorda çalışan, əmək sərf edən neçə insanlar var ki, onların tək məqsədi qazanc deyil. Onlar insanlara fayda verməklə qazanc əldə etmək yolunu seçənlər cərgəsindədirlər. Tək səhiyyə sektoru olmasın, tək daimi işi olmasın, bütün faydalı olmağa , insanların həyatını yaxşıya doğru dəyişməyə, onların gündəlik həyatını daha faydalı etməyə çalışan dostlara salam olsun…
Bəlkə düz eləmirik adət ənənəmizə çox hörmət edirik?
Adət ənənimizi bəyənməyənlərimiz də az deyil. Bizim valideynlərimizə hörməti, xanımlara qarşı davranışımızı, müəllimlərə, yaşlı insanlara göstərdiyimiz sayqını qərb insanını yaxşı mənada heyran etsədə, qərbləşək, müasirləşək deyən bəziləri bunun doğru olmadığını iddia edir. Bayrağa, himnə və digər milli dəyərlərə bağlılığımız bəlkə də düz deyil? Bütün mənəvi dəyərlərinə hörmət edən dostlara salam olsun …
Bəlkə düz eləmirik blog yazmaqda tənbəllik edirik?
Bəli, bunu doğurdanda düz etmirik. Axı, qeyd etdiyimiz prinsiplərlə bu addımımız düz gəlmir. Yuxarıda sadalananlar üçün mütləq yazmaq, paylaşmaq, fikir bildirmək, informasiya mübadiləsi şərtdir. Düz eləmirik, düz eləmirik, düz eləmirik. Düz yolda olan bütün dostlara salam olsun…
Öz növbəmdə estafeti Numreddin Hüseynova, Rəşad Hüseynova, Orxan Mirzəyevə və bütün yazma həvəsi olan dəvətsiz qonaq olacaq dostlara ötürürəm…
P.S: Dəvətsiz qonağın salamını alan bütün dostlara salam olsun…