Müasir dövrdə supermarketlərdə məhsul çeşidlərinin sürətlə artması həm satıcılar,həm də alıcılar üçün əlavə çətinliklər yaradır. Müştərilər axtardıqları məhsulları tapa bilməməkdən, şirkətlər isə, məhsullarının diqqəti cəlb etməməsindən şikayət edirlər. Belə olduqda, supermarketlərin müəyyən bölmələrinin və müəyyən rəflərinin önəmi artır. Şirkətlər bu strateji nöqtələrin hər qarışı, hətta, hər santimetri uğrunda mübarizə aparırlar.



Son illərdə, merçendayzinqin önəmini anlamış olan bəzi Azərbaycan şirkətləri də supermarketlərdə məhsullarının merçendayzinqi üçün xüsusi fəaliyyətlər həyatə keçirirlər. Bir sıra böyük istehsalçılar, əvvəlki məqaləmizdə toxunduğumuz merçendayzinq qaydalarını tətbiq edirlər. (baxın, “Merçendayzinq ilə satışlarınızı artırın”) Bu dəfəki məqaləmizdə merçendayzinqin digər üç vacib qaydasını nəzərdən keçirəcəyik:



4. Məhsulların rəflərdə yerləşdirilmə qaydası:



Tutaq ki, bir şirkət olaraq məhsulumuzun həm istehsalı, həm də satışı ilə məşğuluq. Supermarket ilə razılıq əldə edib, əvvəlki üç qaydaya-qızıl üçbucaq, bölümlər və rəf səviyyəsi qaydalarına uyğun olaraq məhsulumuz üçün rəf seçmişik.İndisə,qarşımıza yeni bir sual çıxır. Məhsullarımızı rəfin hansı hissələrində yerləşdirilməliyik? Məhsullarımız rəfin başlanğıcında,sağ tərəfdə, bu mümkün olmadıqda isə,rəfin düz mərkəzində yerləşdirilməlidirlər. Çalışmalıyıq ki,rəfdə rəqib məhsuldan əvvəl, yəni rəqibdən sağda, öz məhsulumuzu yerləşdirək. Əgər, yeni və ya az satılan məhsulumuz varsa onu ən çox satılan məhsulumuzdan sağda yerləşdirməliyik. Əgər məhsullarımızı rəflərə şaquli olaraq düzürüksə,rəfləri bərabər hissələrə bölməli, sağdan birinci, ya da mərkəzdəki, bu mümkün olmayanda isə, aralarındakı hissəni və ya hissələrdən birini seçməliyik.



5. Məhsulun rəfdə tutduğu məsafə qaydası:



Müştərilər üçün məhsulu tapmaqda çətinlik yaradan problemlərdən biri də, bəzən məhsulun strateji olaraq düzgün bölümdə və düzgün rəfdə, əl və ya göz səviyyəsində yerləşdirilməsinə baxmayaraq, rəfdə tutduğu yerin az olması nəticəsində baş verir. Bunun üçün də aşağıdakı suala cavab tapmaq lazımdır. Məhsullarımız rəflərdə nə qədər yer tutmaqla yerləşdirilməlidirlər? Merçendayzinq mütəxəsisləri arasında bir sıra müxtəlif fikirlər səslənsə də, mənə görə,optimal variant, ən az 20-40 sm olmaqla, məhsulumuzun rəfdə düzülməsidir. Bu müştərilərin diqqətini cəlb etmək üçün lazım olan minimal məsafədir. Əlbəttə ki, supermarketlərdə məhsullarımız nə qədər geniş yer tutsa, o qədər yaxşıdır. Lakin, bəzən strateji nöqtələr uğrunda rəqabət o qədər güclü olur ki, həmin rəflərdə ən az 20 sm yer tutmaq belə, məhsullarımızın satışında artışa səbəb olur. Şəxsən mənim fikrimi soruşsanız, indiyə qədərki məqalələrimdə söz açdığım qaydaları tətbiq etməklə marketin strateji nöqtələrində 20 sm yer tutmaq, müştərinin diqqətini cəlb etməyən rəflərdə bir neçə metr yer tutmaqdan daha parlaq nəticələr verir.



6. Növbəti qaydamız Feysinq qaydasıdır:



Feysinq ilk baxışdan sadə bir xırdalıq kimi görünsə də, merçendayzinqin ən vacib qaydalarından biridir. Belə ki, rəflərdə məhsulun üzü, müştərilərə tərəf olmalı və məhsulun adı rahatlıqla oxunmalıdır. Tədqiqatlar göstərir ki, müştərilərin 91% məhsulun üzünü, 42%- i isə həm üzünü, həm də arxasını oxuyurlar. Burada, bir başqa məqama da toxunmaq istəyirəm. Təəssüf ki,bəzi istehsalçılar məhsullarının ambalajındakı məlumatları aşağı punktlarda və olduqca sıx yazırlar. Nəzərə alsaq ki,bir çox müştərilərin, xüsusən də, 50 yaşdan yuxarı yaşda olanlarının, görməklə bağlı problemləri olur, bu halda, bu yaşdakı müştərilərin məhsulların üzərindəki yazıları oxuyarkən nə qədər çətinlik çəkdiyini başa düşmək çətin deyil. Buna görə də, məhsulların ambalajlarının üzərindəki yazıları mümkün qədər böyük punktla və aydın yazmaq sizə satış zamanı əlavə üstünlük qazandıracaqdır.



P.S. Merçendayzinq qaydalarının davamını gələcək məqalələrdə oxuya bilərsiniz. Suallarınız və təklifləriniz üçün ruslan.suleymanli@gmail.com ünvanına yaza bilərsiniz.