Bir neçə gün öncə "Manads"dan sonra ikinci iddialı layihəmiz "MobChannel" ictimaiyyətə təqdim olundu. Manads tətbiqi reklam izləmək, pul/xal qazanmaq sistemindən ibarətdirsə, MobChannel tam fərqli, müxtəlif sahələrə aid informasiyanı bir mənbədən izləmə imkanı verən platformadır. Əksər xəbər saytları, həmçinin sosial şəbəkələrdə status yazan dostlar platforma haqqında "Bütün xəbərləri bir mənbədən oxumağa imkan verən platforma" olaraq qeyd etsələr də, nəzərə çatdırmaq istəyirəm ki, bu platforma 15 kanaldan ibarətdir və Xəbərsadəcə bu kanallardan biridir.
Sistemdə Maraqlı, Kino, Səyahət, Kampaniya, Əmlak alqı-satqısı, Avtomobil alqı-satqısı, Vakansiya və s. kimi kanallar mövcud olacaq (hazırda 6 kanal aktivdir). Başqa sözlə desək, MobChannel xəbər mənbələrini yox, informasiyamənbələrini özündə birləşdirən platformadır. Xəbər mənbələrini toplayan platformalar kifayət qədərdir. MobChannel təkcə xəbər portallarını əhatə etsəydi rəqabətə tab gətirə bilməzdi, çünki dünyaca məşhur bu tip platformalar var. MobChannelin əsas fərqi xəbər kanalından əlavə 14 müxtəlif informasiya kanalını özündə cəmləməsidir. Yəni, siz tətbiqə daxil olub, "Xəbər" kanalında, deyək ki, "Siyasət", "İdman", "Texnologiya" kateqoriyalarını seçirsiniz.
Daha sonra "Kino" kanalına daxil olub, "Komediya", "Macəra" kateqoriyalarını seçirsiniz, "Tədbirlər" kanalında "Konsert", "Sərgi" və "Təlim" kateqoriyalarını seçirsiniz, "Avtomobil" kanalında "Mercedes", "C-Class", "2000-2002", "benzin", "gümüşü" açar sözlərini daxil edirsiniz. Bundan sonra siz Kanal Lentinə daxil olduqda ən son siyasət, idman və texnologiya xəbərlərini, komediya və macəra janrında olan film anonslarını, yaxınlaşan konsert, sərgi və təlimlər haqda məlumatları, görə bilirsiniz. Və əgər hansısa avtomobil elanı saytına gümüşü rəngli, benzinlə işləyən, 2000-2002-ci illər istehsalı olan Mercedes C-Class avtomobil əlavə olunubsa, bu barədə "MobChannel"dən sizə bildiriş gəlir. Bunun kimi digər kanalları da şəxsiləşdirirsiniz və yalnız sizə lazım olan informasiyadan sürətli şəkildə xəbərdar olursunuz.
Bu, vaxt itkisinin qarşısını inanılmaz dərəcə almaq deməkdir. Siz hər gün avotmobil elanı saytlarında, ev elanı saytlarında, vakansiya saytlarında, online alış-veriş saytlarında sizə lazım olan məhsulu tapmaq üçün axtarış etmək məcburiyyətində qalmırsınız. Axtardığınız məhsul hansısa saytda çıxanda proqram özü bu haqda sizə məlumat verir. Son bir ildə dünyada 300 milyondan çox yeni vebsayt yaranıb. Azərbaycanda da saytların sayı sürətlə artmaqdadır. Bu da informasiya xaosuna doğru gedirik deməkdir. Birazdan lazımı məlumatı tapmaq vaxt itkisi baxımından bizə böyük problemlər yaradacaq.
MobChannel qarşılacağımız bu problemi indidən həll edir. Siz bu andan etibarən MobChannel tətbiqini yükləyib, şəxsiləşdirilmiş məlumat əldə edə bilərsiniz. Üstəgəl hazırda siz təkcə Azərbaycan üzrə deyil, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna və Qlobal mənbələr üzrə informasiya əldə edə bilirsiniz. Bu həm də o deməkdir ki, Türkiyədə, Rusiyada, Qazaxıstanda və Ukraynada yaşayan insanlar da bu andan etibarən MobChannel’i yükləyib həm öz ölkələrinin mənbələrini, həm də adıçəkilən ölkələrin və ümumən qlobal informasiya mənbələrini izləyə bilərlər. Zamanla platformanın əhatə dairəsi genişlənəcək.