Bu yazıya başlamaq olardı ki, şortiki ilk dəfə Amerikada geyiblər, sonra Magellan onu Avropaya gətirib. Amma bloqda nağıl yazmadığımdan Avropadan da şortiki Azərbaycana bir balıqçının gətirdiyini yazmayacağam. Zarafat bir qırağa fiziki olaraq şortiki Azərbaycana bu kişi gətirməsə də, şortik geyənlərin sayının artmasında onun əvəzsiz rolu olacaq. Zarafat deyil ömründə şortik görməyən adam da gedib alacaq ki, görəsən bu necə şeydir?
Qəzetdə nə yazırlar?
Səhər tezdən gəlib "Facebook"da "Kontakt Home"un reklamını gördüm. Nə gizlədim bəyəndim də, paylaşdım da. Bir az sonra görürəm ki, əməlli başlı bu məsələ müzakirəyə çıxıbdır. Fikirləşdim ki, ilk baxışdan sevgiyə inanıram prinsipi ilə bu ideyaya vurulmağım ilə bağlı birbloq yazaram, gördüm ki, məni artıq qabaqlayanlar da oldu ;) Samir bəy və Namiqbəy lazımi fikirləri yazdılar. Mənə qalan da məsələyə bir balaca zarafatla yanaşmaq olacaq.
"BEGOC"a düşünülmüş kampaniya? ;)
Baku 2015 Əməliyyat Komitəsində çalışan bütün əməkdaşlara və bütün könüllülərə verilən şalvarlar sehirli idi. Belə ki, dizdən yuxarı hissəsində "zamok" gizləşdilmişdi. Əgər bundan xəbərin olardısa şalvarını şortikə çevirmək olardı. Mənim sözün açığı bundan xəbərim olmayıb. 1 ay şalvarda gəzmişəm. İndi ki mənim bu kəşfimdən sonra digər xəbərləri olanlar da üzlərini bu mağazaya tutub endirimlərdən yararlana bilərlər. Mənə hətta elə gəlir ki, bu kampaniya oyunlarda əziyyətlə işləyənlərə bir lütfdür.
Həqiqətən bekarıq
Dünən gecə Qarabağın oyununu audio yazısına canlı qulaq asırdım. Sağ tərəfdəki çatda daha nələr yazılmırdı. Səviyyəsiz lağlağalar və küçə söyüşləri ilə dolu çat. İş o yerə çatmışdı ki, danışanı da söyürdülər. Həvəs və vaxt yoxdur ki, hazırda bu şirkətin "Facebook"da paylaşdığı fotonun altındakı 841 şərhi oxuyum. Amma təcrübədən duyuram ki, yenə insanlar iki qrupa bölünüb. Şortik geyməkdə ayıb nə var deyənlər, bu gün şortik geyinən sabah epilyasiya edəcək deyənlər. Facebook və sosial medianın ən böyük bəlası da özünü ifadə adı ilə insanları belə mənasız müzakirələrə cəlb etməsidir.
Bu ki lap əsl virusdur
Adətən hekayələr sonradan formalaşır. Ola bilsin, Kontakt Home da artıq hekayəni qurub ki, biz bunun viral marketinq olacağını bilirdik, hər detalı nəzərə almışdıq. Təki elə olsun. Amma əsas olan odur ki, vaxtında olan bu addım 19 saat ərzində 773 dəfə paylaşılıb. Narxanım moddan düşdü, Yavər. Xeyirli olsun. Bilən varmı, "Music Gallery"in "get haradan bizdən ucuz tapırsan al gətir üzümüzə vur" kampaniyası qüvvədədirmi? Qüvvədə deyilsə onlar da havanın temperaturuna uyğun endirim təklif edə bilər. Bu gün rahatca 41 % endirim təklif etmək olar. Onda bilirsiniz nə qədər adam çıxıb deyəcək ki, siz hava ilə ayrı seçkilik edirsiniz. Soyuq havaya niyə hörmət etmirsiniz, ay özünə ağıllı deyib müasir düşüncəli olub başqasını bəyənməyənlər.
Əşi, kaşdərdimiz elə şortik dərdi olsun. Görüm tapsam Magellanın şortikilə şəkilini də "Facebook"da qoyacağam ;)