Bu mənim ilk yazımdır və bloqumun fəaliyyətinin başlanğıcıdır. Bu minvalla özüm özümü təbrik edirəm ki, təbrik etməyənlərə də bir xatırlatma etmiş olum. Rafiq Vəliyev tərəfindən başladılan “BƏLKƏ BİZ DÜZ ELƏMİRİK”? yazısına Ramil Cabbarov və Murad Malik tərəfindən dəvət olundum. Dəvəti qəbul edir, vətənə millətə xeyirli olsun deyib başlayıram:
BƏLKƏ BİZ DÜZ ELƏMİRİK?
Köməkləşirik: Bəli bunu edirik, çünki belə də görmüşük. Biz vaxtilə müəllimlərimiz tərəfindən olan köməyi, marketinq sahəsinə gəlməyimiz üçün dostlardan olan köməyi necə unuda bilərik ki? Əgər bizə kömək olubsa biz də kimlərəsə kömək etməliyik. Ya öyrətməliyik ya da öyrədənlərə kömək etməliyik. Köməkləşirik, çünki güc birlikdədir bilirik. Köməkləşirik, çünki bütün sahələrin bir-birindən asılı olduğunu bilirik. Köməkləşirik, çünki bir zaman bizə kömək olunub və bir zaman da kömək olunmasını istəyirik. Nələrisə tək etməyin çətin olduğunu bilib köməkləşirik. Hərşeyi sadəcə inkişaf naminə etdiyimiz üçün köməkləşirik. Qarşılıqsız, əvəzsiz etdiyimiz üçün köməkləşirik. Amma BƏLKƏ BİZ DÜZ ELƏMİRİK? Bəlkə biz kömək istəyənlərə yox deməliyik, bəlkə biz öyrətməyək özümüz hamıdan çox bilək deməliyik? Bəlkə özümüzün heçvaxt köməyə ehtiyacı olmayacaq? Bəlkə xırda bir köməklik üçün də pul istəməliyik?
Kitablaşırıq: Bu sözü universitet dövründən öyrənməyə başlayırıq: Dərsləri bacardığınız qədər rus kitablarından, lap artıq bacaranlar isə ingilis dilli kitablarından oxusun. Əvvəllər iqtisadiyyat və xüsusilə marketinqə aid olan kitablar olmadığından bu ifadə düzgün idi. Bugün bu söz də öz aktuallığını itirib. Hazırda İlkin Manafov, Seymur Quliyev,Rəhman Ahmadov, Anar Bayramov və s. (adını unutduğum müəlliflər üzrlü hesab etsin) kimi sahələrinin peşəkarı olmuş insanların kitabı qədimi kitabları əvəz edir. İradlar çox olur, hərf səhvi tutanlar olur, boş-boş sözləri ard-arda düzüblər deyənlər olur, amma sual yaranır. Bəlkə doğrudan onlar düz etmirlər, bəlkə doğrudan bu boyda kitablara gedən əziyyət boşuna çəkilib? Bəlkə doğrudan biz ancaq xarici ölkələrin fikrini öyrənməliyik, bəlkə doğrudan biz ancaq başqalarının düşüncəsini oxumalıyıq, bəlkə doğrudan biz ancaq büdcəsi milyardlarla olan şirkətlərin nələr etdiyini öyrənməliyik, bəlkə bizə praktiki bilik lazım deyil, bəlkə biz ancaq nəzəriyyə öyrənməliyik, bəlkə biz ancaq bizə heçvaxt lazım olayacaq xarici ölkələrin nəzəri bilikləri lazımdır?
Yazırıq: Əvvəl düşünürdüm ki, yazmaq gözəldir. Blog yaratmaq, fikirlərini kimlərəsə çatdırmaq, öz fikirlərini indiki və gələcək nəsillərə ötürmək. Gözəl işlərdir bunlar. Yazdım ki izim qala! Amma son dövrlər görürəm ki, bir sıra şəxslər öz düşüncələrini artıq lap irəli səviyyəyə aparıb. Onlar düşünürlər ki, blog üçün, yazmaq üçün, şəxsi düşüncən olması üçün, sənin yaxşı kariyeran, ən azından 2-3 əlavə dil bilgin, şirkətin birində yüksək vəzifən, müəyyən yaş limitin, ən azı 10 ildən çox kariyeran olmaldır. Onlar bunu qəti formada iddia edir amma özləri heçnə etmirlər. Bu mənə bir fikri verdi, BƏLKƏ BİZ DÜZ ELƏMİRİK? Bəlkə biz bloglaşma işini boş-boşuna görürük? Bəlkə kimlərəsə ən azından marağı olan insanları öyrətməməliyik? Bəlkə heç özümüz də öyrənməməliyik ki, 40 yaşımıza çatanda başlayarıq? Bəlkə biz əvvəl pul qazanmalı sonra elm öyrətməliyik? Bəlkə ancaq varlı insanlar öyrədə bilər? Bəlkə ancaq uğur qazanmış şəxslər öyrədə bilər? Bəlkə vaxtımızı əbəs yerə xərcləyirik? Bəlkə bu iradçı, boşboğaz şəxslərin sözünə qulaq asmalıyıq? Bəlkə biz də onlar kimi, sadəcə boş-boş danışmalıyıq? BƏLKƏ BİZ DÜZ ELƏMİRİK?
Reklam edirik: Etiraf edək ki, Azərbaycanda marketinq adına maksimum işlərin görüldüyü bir zamandayıq və inşallah bu daha da artacaq. Şirkətlərin sovet rəhbərləri bu dünyadan getməmiş marketinqin əhəmiyyətini başa düşəcək. Amma bu məqamlarda yuxarıda qeyd etdiyim özlərini iradçı, tənqidçi rolunda hesab edən şəxslər isə digər tərəfə (rəqib gözü ilə baxdığı tərəfə) ÖZLƏRİNİ REKLAM EDİRLƏR deyir. Başa düşmək lazımdır ki, əgər bu işləri marketoloqlar edirsə reklam etmək bizdən ötrü su içmək kimi birşeydir və 1-ci istifadə etdiyimiz taktikalardandır. Adamlarda belə bir düşüncə var: Yaxşı məhsul özünü reklam etməz, müştəri özü seçər məhsulu. Amma hazırda ən bahalı vazgeçilməz markaların marketinq büdcələri digər markalardan daha çoxdur. Bir marketoloqa “ÖZÜNÜ REKLAM EDİR” demək kimi gülməli bişey yoxdur. Amma BƏLKƏ BİZ BUNU DA DÜZ ELƏMİRİK? Bəlkə biz kimlərə qarşılıqsız kömək etməyimizi reklam etməyək, bəlkə biz blog yazdığımızı heçkimə deməyək? Bəlkə biz AİR təlimlərinin faydalı olduğunu deməyək? Bəlkə onlar da sadəcə əllərini qollarını yelləyə yelləyə oturub bizi gözləsinlər? Bəlkə marketinqi sevdiyimizi və sevdirməyə çalışdığımızı deməyək? BƏLKƏ BİZ BUNU DA DÜZ ELƏMİRİK?
Sualların cavabını siz düşünün, düz və ya səhv olduğuna siz qərar verin.
Mənim fikrimcə MARKETİNQƏ OLAN MƏHƏBBƏTİMİZ BİTƏN DEYİL :)
Sonda isə, dəyərli oxucu bu yazını oxuduğun üçün təşəkkür edirəm. Oxuduqdan sonra, öz fikrini və düşüncələrini yazmaq sənin öz qərarındı. Normal Azərbaycan gəncini düşünsək əgər, o öz fikrini yazmazdı. Bilməyini istəyirəm ki, sənin fikrin mənim üçün həm dəyərlidir, həm də köməkdir. Amma məncə sən də yazma, yazmadıqdan sonra isə bir düşün BƏLKƏ SƏN DƏ DÜZ ELƏMİRSƏN?