Hərənin bir air-i var, bizim də airimiz ˝paylaşmaqdır˝. 3 il öncə məhz belə deyib çıxmışdıq yola. Bugünlərdə "Marketing AİR"in yaranmasının 3 ili tamam oldu. Hələ təlim başlayan ərəfədə ˝3 qaranın sirri˝ adlı bir yazı yazmışdım. Orada addım-addım nəyin necə baş verdiyini yazmışam. Bu gün isə İlkin müəllimin də çox sevdiyi 3-lər yan-yana gəldiyindən bu yazını yazmaq qərarına gəldim. Nə də olmasa, yubileydir axı. Özü də bu dəfə elmi-deduktiv nəticələr, təhlillər falan aparmayacam, sadəcə ötüb keçənləri yada salıb Sizlə söhbət etmək istəyirəm. Bəli, sadəcə söhbət.
3 qara adamın təsis etdiyi marketinq təlimi 3 ildir ki, artıq 7-ci dəfə praktik marketinq təlimi keçirir. Sizə zarafat gəlməsin. Bu illərdə nə təlimlər açıldı bağlandı, xarici Bakıya gətirən, Bakını qərbə aparandan tutmuş daha nələri gördü bu qara sifətimiz. Könül istərdi ki, onlar da bu yolda ardıcıl olsunlar, uğurlu olsunlar. Aralarında uğurlu olanları da olub, təbii. Amma Siz də bilirsiniz ki, bu iş bir az iradə tələb edir, təmənnasızlıq tələb edir və ən əsası zəhmət tələb edir. Zəhmətsiz böyüyən istənilən iş sabun köpüyüdür. Ən zəif külək belə onu dağıdacaq, necə ki, dağıtdı da neçələrini. Amma bu həyatdır, hamı mübarizə aparır. Adam Smitin görünməz əldi, ya görünməz ayaq prinsipidi nədir bilmirəm, orda deyir ki, daha doğrusu nə deyir o da yadımda qalmayıb, amma sözündən belə çıxır ki, kim nə edirsə özünə edir, bunu edərkən də özü də bilmədən başqalarına faydalı olur. Vallah, elə bizdə də elə oldu desəm, yanılmaram. Yalandan deyim ki, ay biz istəyirdik xalqımızın nər oğul və qızları maariflənsin, bunun üçün dağ yaraq, külüng çalaq – yox. Yenə Anar bəlkə belə missiyaya razı olar, amma Siz də bilirsiniz ki, aramızda 1 nömrəli qara, İlkin müəllim çox praqmatik adamdır, onu belə ˝krokodil gözyaşları˝ ilə aldada bilməzsiniz. İlkini tanımayanlar üçün deyim ki, o bloqerdir, biznesmendir, phd-dir və ən asası da Yevlaxlıdır. Özü çıxışlarında həmişə deyir ki, əvvəlki cümlədə sadaladığım birinci ifadəni sonuncu ifadəyə borcludur. Onun bütün uğurularının kökündə xalqımıza neçə-neçə igidlər bəxş etmiş Yevlax durur. Mövzudan uzaqlaşmayaq.
Bəli, ˝biz paylaşırıq˝ seçdik sloqnımızı və 3 ildir də adım kimi əminəm ki, bu sloqana özünə yox a, yəni sözlərin cəminə yox, onun mahiyyətinə sadiq qalmışıq. Əlimizdən gəldiyi qədər marketinqin inkişaf etməsində, ona yenilik gəlməsində maksimum cəhd göstərib dəyərli dostlarla birgə gələcəkdə xoş xatırlana biləcək işlər görmüşük desəm, yəqin ki, çox şişirtmərəm. Mən Sizə indiyədək heç yerdə yazmadığımız bir-iki faktı demək istəyirəm. Anar müəllim də, İlkin müəllim də, mən də AİR haqqında çox yazı yazmışıq, amma yəqin ki, aşağıda deyəcəklərim heç yerdə deyilməyib.
Yəqin ki, bir çoxlarınız bilmirsiniz ki,
1. Bizim 27 AİR"in hamısının maliyyə direktoru Anar müəllimdir. İlkin də, mən də bu çətin işi ona həvalə etmişik. Demək ayıb olmasın, bu mövzuda ona inanırıq deyə, çox da sıxmırıq onu. O da sağ olsun, vaxtlı-vaxtında hesabatları zadı edir, göndərir. "Excell"in bəlli xanalarını hərdən də bold edir. Bir sirr də açım ki, hərdən İlkinlə mənim kefim olmayanda başımızı qatmaq üçün Anara ya zəng edirik, ya mail yazırıq ki, "qaqa, bizə son 3 ayın iştirakçı siyahısını göndər, nə bilim bizə son "AİR"in maliyyə hesabatını göndər, amma uzun-uzadı yazma xahiş edirik, excell cədvəlindəki axırıncı SUMM sütunundakı rəqəmi göstər kifayətdir". Aramızda ən kompromisə gedən adam Anardır dediyim kimi, etiraz etmir heç vaxt, göndərir. Amma son dəfə bölgüdə 2 əvəzinə 3 yazdığına görə mən hələ də onu bağışlamıram. Ümidvaram bu dəfə elə etməyəcək. Bu belə.
2. Bizim hər 3-müzün AİR-ə bir nəfər pulsuz adam qəbul etmə ixtiyarımız var. Bu o deməkdir ki, hər AİR-də minimum 3 nəfər ödənişsiz iştirak edir. Bunu fərqli kriteriyalara görə edirik. Bəzən adamın özünün də xəbəri olmur heç. Kiçik sirr kimi onu da deyim ki, 3 nəfərdən əlavə kimə pulsuz iştirak imkanı yaranıbsa, onun xərci 3 yerə bölünüb həmişə. Düzdür, bu məsələlərdə hərdən İlkin üzərində düşən məsuliyyətdən boyun qaçırmaq istəsə də, bir-iki cəhdə onu haqq yoluna gətirə bilirik. Yuxarıda dediyim kimi AİR bizim üçün həm də hobbidir, biz bu işdən heç bir işdən almadığımız həzzi alırıq, inanın. Bunu İlkindən icazə alıb inanım səmimiyyətimə deyirəm. Ona görə də maddiyyat heç önəmli deyil. Bəlkə də buna görə AİR heç vaxt güclü BİZNES olmayacaq, amma Allahın köməkliyi ilə bu gedişlə AİR bir cərəyan olacaq, bir YOL olacaq. O YOL ki, orada heç kimə xəyanət etmirlər, heç kimdən heç nə ummurlar, dayanmadan fasiləsiz olaraq az bildiklərini insanlar paylaşır, məzun müəllimə qarışır, müəllim məzunə və hamı bir icma olaraq cəmiyyətə bəlkə də özü də hiss etmədən faydalı olur.
3. Bizim yaxın məqsədimiz AİR 11-ə qədər çalışıb salamat qalmaqdır. Allah izn versə, gücümüz qaldığı müddətcə AİR-i davam etmək istəyirik. Amma yaxın hədəf AİR 11-dir. Bilirsiniz niyə? Ona görə ki, bu şərəfli tapşırığı bizə Teymur Paşamız verib. İndi içə bilməsə də, bir dəfə görüşlərimizin birində azca qarnını qabağa verib, əlindəki pivəyə uzun-uzadı baxıb xəyala daldı və dedi ki, ˝mən arzu edirəm ki, Siz AİR 11-i də qeyd edəsiniz beləcə. Və bununla Siz Yeni Ulduz layihəsinin rekordunu qıracaqsınız˝. O gün bu gün özümüzə söz vermişik ki, paşanın sözü bizim üçün qanundur və əməl etməliyik, ən az 11-ə çatdırmalıyıq.
4. Steinbeis universiteti, IMlead metodudur zaddır, bunlar boş şeydir. Biz onların hamısını aldıq, baxdıq, gördük ki, bizim ölkə üçün deyil. Özümüz öz bazarımıza uyğun bir şeylər hazırladıq. Ona görə də əmin olun ki, Marketing AİR 100% yerli brenddir. Həmçinin yəqin bunu da bilmirsiniz ki, Marketing AİR loqosunu dizayner hazırlamayıb. İdeyasını biz vermişik dizayner olmayan bir nəfər dostumuz onu indi gördüyünüz formaya salıb. Səbəb də odur ki, o zaman dizayner üçün əlavə pul yox idi, amma bir an öncə başlamalıydıq. İndi sübut etdik ki, loqo zad mahiyyət olmadan boş şeydir. İşin mahiyyəti güclüdürsə, Nike kimi altdan yuxarı bir xətt də kimlər üçünsə dahi loqo görünə bilər.
5. Biz indiyədək ən unudulmaz AİR-i 1-ci AİR hesab edirik. 1-ci təlimdə biz çox şey öyrəndik. Ən uğursuz hesab etdiyimiz isə AİR++ olan AİR 4 idi. Sonra anladıq ki, kinoteatr təlim üçün çox da uyğun deyil, ən əsas gücümüz olan community imkanı çox zəifdir. Bu arada AİR-in indiyədək keçirildiyi IB CLUB, 28 Cinema, Marketinq Cəmiyyəti və Dəmirçi Plazaya sonsuz təşəkkürlər. AİR1-də eyni təlimi hər 3-müz 2 dəfə verirdik. Zülmlə Caspian Plazaya gəlmək, gecə 11-ə kimi bəzən təlimdə olmaq və gözəl insanları tanımaq çox xoş idi. Ondan sonra 5 dəfə təlim olsa da, həm yerimiz, həm şərtlərimiz daha da yaxşılaşsa da AİR 1 unudulmazdır. Yalnız AİR 1 2 qrupa bölünmüşdü – işləyənlər və tələbələr. Aşağıda Sizə AİR 1-in hər iki qrupunun hazırladığı xatirə videoları təqdim edirəm. Mən baxanda çox duyğulandım şəxsən. Siz də baxın.
"Marketing AİR"in ən dəyərli xəzinəsi onun məzunu olmuş 300-dən çox dostumuzdur. Bu gün onların hamısı olduqları sahənin aparıcı qüvvəsidir. Bu gün onların hər birinin bəlkə də ən yaxın dostları artıq "AİR"dən olan məzun yoldaşlarıdır, bəlkə. Hər dəfə onlardan hər hansı birinin ciddi uğurunu görəndə inanın ki, insanın uçmağa qanadı olmur. Hərdən İlkin müəllim qanadsız da uçur, amma biz o saat onu endiririk yerə ki, təhlükəlidir. Allah şahiddir ki, hər 3-müz özümüzün ən vacib işimizdə belə ağız açmaq istəmədiyimiz adamlara ancaq AİR məzunları üçün məmnuniyyətlə edirik. Biz onların hər birinin səsinin yüksəklərdən gəlməsini istəyirik. Biz isteyirik onlar bilsinlər ki, biz onlara heç nə öyrətməmişik, sadəcə paylaşmışıq az bildiklərimizi və ən əsası onları bugünkü dostları ilə tanış edən platforma vermişik, sadəcə vasitəçi olmuşuq. Bizi indi də elə gələcəkdə vasitəçi olaraq xatırlamaq yetərlidir.
Marketing AİR 7 gəlir
İndi isə 01 Oktyabrdan artıq 7-ci marketing air gəlir. Düz 2 ay 3 fərqli istiqamət üzrə hərəkət edəcəyik. Bu dəfəki sloqanımız "Davam edir daha ciddi"dir. 37-ci il repressiyalarına aid Xəlil Rzanın yazdığı "Davam edir 37, daha kəskin, daha ciddi" frazasından götürmüşük. Biz hər "AİR"də bir öncəkindən daha çox çalışıb, daha yaxşı etməyə cəhd edirik. Bu dəfə də elə olacağına əminik. Bu təlim də öncəki kimi Dəmirçi Plazada keçiriləcək. İşdən sonra arzu edən bütün menecerlər qatıla bilər. Qeydiyyat üçün sadəcə bu linkə daxil olmanız kifayətdir – http://marketingair.facemark.info. Gəlin, tanış olaq.
Bax belə. Necə deyərlər, "harda air, orda xeyir"