Real problemleri həll etməkdən çox uzaq olan, tədbirlərdəki boşluqları dolduran "Startuplar" artıq inkişafına yeni bir metod daxil edib. Qısaca buna "adını dəyiş özünü dəyişmə" metodu deyə bilərik. Çünkü dünyada bənzəri görülməmiş bu cür inkişaf şəkli ancaq bizim "girişimcilər" tərəfindən kəşf oluna bilərdi. Hər il ölkəmizdə iri miqyaslı Startup tədbirləri keçirilir. Dəvət olunan xarici qonaqlar o ki var danışır (ama nə fayda). Tədbir yekunlaşanda "xaricdən ideyası dilimizə tərcümə olunmuş" layihələrdən biri qalib seçilir.



Qalib gələn Startup komandasına (çox vaxt eyni adamlardı) planşet və yaddaş kartları hədiyyə edirlər ki, "Startup"ın inkişafında istifadə etsinlər. Çünkü qalib gələn Startup komandasının danışdığı qədəri ilə ehtiyaclarının ancaq "flaşkadan" ibarətdir. "Flaşka" hədiyyəsini alan komanda artıq dünya turuna hazırdır. Tədbir tədbir gəzib flaşkanın içərisindəki o çox yenilikçi, problemləri həll edən "power point" məhsulunu "Seed" üçün "investorlara" göstərir. Bu tədbirlərdə iştirak edənlərin investordan daha çox başqa tədbirin təşkilatçılığını edən insanlar olduğu üçün, "Startup"ı başqa tədbirdə investorlara göstərməyini təklif edir. Nəticəsi olaraq "Power Point" Startupı "qanqren" dövrünə girir. İnsalar artıq bu "Startupı" tədbirlərdə görməkdən bezirlər. Vəziyyətdən çox narahat olan "girişimcinin" ağılına çox cincə bir fikir gəlir. "Startup"ın adını dəyişib tədbirlərdə təzə tura qatılmaq. Aylar keçir, illər keçir yənə "qanqren" dövrünə girən "Startup"ı artıq "girişimcisi" öz cin fikirləri ilə xilas edə bilmir. Geriyə qalan yaxşı limonlu çaydan alınan rahatlama, uyğun zamanda istifadə edəbiləcəyi paz kimi loqo.



Uğurlar arzulayıram. Atalı analı böyüsün.