Əziz dostlar, 21-22 noyabrda facemark.az kollektivi olaraq bu il ilk dəfə İranın paytaxtı Tehran şəhərində keçirilən Global Marketing Summit-də iştirak etdik. Parallel olaraq da facemark.az İstanbulda keçirilən ˝Brandweek Istanbul˝un media partnyoru idi və orada bizi Nümrəddin Hüseynov təmsil edirdi. İran tarixində ilk marketinq festivalı olduğuna görə çox böyük həvəslə mən, Aysel Cəbrayılova, Firdovsi Xəlilov, Nigar Məmmədova Tehran şəhərinə yollandıq. Bu yazıda Sizinlə səfər təəssüratlarımı bölüşəcəm. İlk öncə onu qeyd edim ki, artıq 3-cü ildir ki, facemark.az Pworld-un keçirdiyi marketinq festivallarının media partnyorudur. Bu ildən isə avtomatik olaraq Türkiyə və İrandakı bütün tədbirlərinin media partnyoru oldu. Bununla facemark.az-ın media partnyoru olduğu festivallar dünya üzrə 30-u keçdi.
Tehranda ilk dəfə
Bu mənim İrana ilk səfərim idi və ilk olaraq da ən sevdiyim iş – marketinq üçün İranda olmaq xoş idi təbii ki. Dostlarla, Təbrizi də ziyarət etməyi çox istədik, amma əfsus ki, tədbirin qrafiki və iş imkan vermədi. Tədbir digərlərindən fərqli olaraq şənbə-bazar gününə təsadüf edirdi deyə hamımız üçün sərfəli idi. Sonra bildik ki, İranda 5-ci gün istirahət, şənbə-bazar isə iş günləridir. 5-ci gün təyyarədən düşüb taksi ilə otelə gedərkən şəhəri çox səssiz görməmizin səbəbi də bu imiş sən demə. Şəhər özü düşündüyümdən xeyli müasir imiş. Təbii ki, mən orta statistik azərbaycanlı kimi Tehranı Bakının mərmər parkları, bardurları və avtomobilləri ilə müqayisə edərək müasir demirəm. Ümumən Tehranda az qala hamı ilə ingiliscə nəsə danışmaq olurdu. Sonra da öyrəndim ki, gənclər İranda çox təhsillidirlər. Təhsilə də ciddi önəm verirlər. Bunu oranın adi bir hospitalına girəndə də rahat görmək olurdu. Hər kəs xarici dildə çox rahat danışırdı. Adicə tədbirin keçirildiyi Shahid Beheshti Universiteti öyrəndik ki, İranda top 3-lükdə olan ən prestijli universitetlərdən sayılır. Bakıda bir İranlı dostum hətta dedi ki, İranda valideynlər övladları hazırda işləməsə belə Beheşti Universitetini bitiriblərsə, bununla çox fəxr edirlər. Tehran həm də dünyada ən çox türk yaşayan şəhərlərdən biridir. Hər addımbaşı həmyerlilərimizə rast gəlmək olurdu və bu sevindirirdi təbii ki. Alver alnımıza yazılıb, ən iri ticarətçilər də Tehranda azərbaycanlılar imiş . Taksiçi Müştəbanın bizi ˝qəlyan cürrəməyə˝ aparmasını da unudulmaz xatirələrdən oldu. Dilimizdə xeyli yaxınlıqlar olsa da, güney ləhcəsi daha şirindir. Restoranları isə bizə ən yaxın türkiyədən də zəifdir. Çox geniş və zəngin mətbəxi olmasını demək olmaz, amma bir-iki maraqlı konseptlə restoranlarında olduq və bəyəndik. Təbii ki, orada da bizi öz həmyerlilərimiz yüksək səviyyədə qarşıladı. Şəhər özü isə qarışıq bir yerdir. Taksidə oturub gözləyirdik, önümüzdə duran xanım sürücü avtomobilinə əyləşib geri verib bizi vurdu və sonra heçnə olmamış kimi irəli sürüb yoluna davam etdi. Qəribə odur ki, taksist gələndə və ona hadisəni danışanda O da reaksiya vermədi Sonra bildik ki, burada belə hallar adi şeydi, ona görə əsəblərini korlamırlar. Qurban olum özümüzünkülərə, elə hadisə olan vaxtı birin mantirovka, o birin reqbi taxtasını götürüb düşmədin nə ləzzəti var toqquşmanın Mən hələ semiçka alıb tamaşaya yığışanları demirəm. Otelə gəldikdə isə qiymətləri baha olsa da xidmət və keyfiyyətlərini yüksək qiymətləndirmək olmaz. Bu sarıdan infrastruktur o qədər də inkişaf etməyib. Facebook və youtube kimi sosial şəbəkələr isə qadağandır. Yalnız instagramdan istifadə etmək olurdu. Amma hamı vpn-lər, proxy-lərlə bu işi çözmüşdü deyə, biz də o yolla birtəhər çözə bildik. Nəysə, şəhər haqqında bu qədər. Keçək tədbirin özünə.
Tədbirin ilk günü
#gmsTehran2015-in ilk günündə ənənəvi festival qaydalarına uyğun olaraq qeydiyyatdan keçdik. Onu da deyim ki, hər addımda tədbirdə təşkilatçılığı öz keçirdiyimiz tədbirlərlə müqayisə edirdik. Sonda belə qənaətə gəldik ki, biz az resursla kifayət qədər daha keyfiyyətli tədbirlər keçirə bilirik. Amma təbii ki, elə Tehrandakı tədbirin özündən də öyrəniləsi çox şey vardı və biz mütləq gələcək tədbirlərimizdə onlardan faydalanacağıq.
İlk və son qarşılaşdığımız xoşagəlməz hal facemark.az loqosunun media partnyorlar listində olmaması oldu. Təşkilati komandadan bunun səbəbini soruşanda bildirdilər ki, onlar təkid ediblər, lakin İran tərəfdən başqa ölkədən şirkətin loqosunun olmasını istəməyiblər. Açığı mənim üçün qaranlıq məsələ kimi qaldı, amma belədirsə hətta bu çox da etik hərəkət sayılmaz. Hələ minillik ortaq tarixi olan İran və Azərbaycan şirkətləri arasında olmamalıdır. Nəysə, buna çox da önəm vermədik, hətta adlarımızda hərf səhvlərinin olması belə vacib deyildi, əsas o idi ki, biz gəlib iştirak edirdik və kifayət qədər faydalana bilirdik.
İlk spiker PG korporativ kommunikasiyalar üzrə menecer Alex Malouf idi. PG haqqında ənənəvi məlumatları çıxsaq, ən yadda qalan slaydlar İranın iqtisadi və demoqrafik göstəriciləri ilə bağlı idi. Bu bir daha göstərdi ki, İran özlüyündə nə qədər böyük bazardır. Hazırda isə münbit şərait yaranıb və bir çox şirkətlər əməkdaşlıq üçün əllərindən gələni etməyə hazırdılar. İranda əhalinin 60%-dən çoxu 30 yaşın altında olan gənclərdir. Bazarın böyüklüyünü təsəvvür etmək üçün ciddi statistik göstəricidir.
Daha sonra Unilever Türkiyə marketinq direktoru Alper Eroğlu çıxış etdi. Ən yadda qalan çıxışlardan biri idi. Belə ki, Alper bəy məşhur simalar, selebritilər, blogerlərlə necə işləmək lazım olduğu haqqında təqdimat etdi. Çox şey öyrəndim açığı. Qısa olaraq deyim ki, təqdimatdan məlum oldu ki, promote edilmək istənilən məhsulun xüsusiyyətlərindən və ümumi məqsədlərdən asılı olaraq şirkət 4 tip selebriti kateqoriyası müəyyən edib və hər dəfə məqsədəuyğun olaraq birindən istifadə edir. Geniş şəkildə də hansından hansı vaxtda istifadə edilməli olduğunu da izah etdi. Azərbaycanda məsələn bu sahədə ciddi problemlər var. Məhsula və məqsədə uyğun oldu-olmadı eyni məşhuru hər cür reklamda görmək olur, blogerlərdən demək olar ki, istifadə edilmir, qeyri-rəsmi nüfuzu olan şəxslərdən zəif istifadə edilir. Halbuki bunlar daha çox ˝brand awareness˝yaradır.
Simplify.com, Henkel Beauty Care, The waltdisney-dən spikerlər çox da fərqli informasiyalar sərgiləmədilər. Ümumiyyətlə bu tip tədbirlərdə iştirakçılara maksimum faydalı kontent paylaşmaq lazımdır və izah etmək lazımdır ki, iştirakçı öz sahəsində tətbiq edərsə, faydaları, əldə etdikləri nələr olacaqdır.
Tədbirdə İranda ən məşhur sok sayılan RANİ-nin inkişaf tarixçəsini izləmək də maraqlı idi. Amma hiss olunurdu ki, qablaşdırma ilə bağlı ciddi əskiklər var. Bu arada marketinqlə bağlı İBS – İran Business School ilə danışıqlar apardıq, inşallah yaxında əgər problem olmazsa, yenə ziyarət edə bilərik. Unileverdən Alper bəy isə gələn ilki DMC2016-da çıxış etməyə razılıq verdi. İndidən deyim ki, gələn il DMC-də 2-3 əcnəbi spiker olacaqdır. Aysel spikerlərlə danışıb onları dəvət etmək üçün əlindən gələni edirdi
Tədbirin ikinci günündə isə Saatchi, Bibblio, GoodBrand şirkətlərinin nümayəndələri çıxış etdi. Goodbrand dəyər yaratma, Bibblio brendinq, Saatchi isə effektiv kommunikasiyalar haqqında maraqlı paylaşımlar etdilər. SAP SE nümayəndəsi İrina Paşina isə hədəf auditoriyası ilə effektiv kommunikasiyanın 5 qaydası, customer experience haqqında çox maraqlı məlumatlar verdi. Ümumiyyətlə bu SAP-ın içinə girdinsə çıxmaq olmur. CRM tərəfi daha çox diqqətimi çəkdi.
Bu arada LEGO şirkətinin marketinq direktoru Lars Silberbauer də yaddaqalan təqdimat etdi. Təbii ki, Firdovsinin Lego nümayəndəsinə sualı da zalda maraq yaratmışdı. Firdovsi Larsa Lego reklamlarında və aktivliklərində uşaqlarda loyallığı təmin etmək üçün nə edir deyə soruşdu. Bildiyiniz kimi uşaqlar üçün oyuncağın hansı marka olmasının elə də önəmi yoxdur. Lars da öz növbəsində cavab verdi ki, əslində onlar çalışırlar ki, daha çox ˝customer experience˝-ə nail olsunlar. Parallel olaraq da valideynləri əsas hədəf qruplarından hesab edib loyallığı onlar üzərindən edirlər.
Və 2 günlük tədbir beləcə başa çatdı. İlk olmasına baxmayaraq çox uğurlu saymaq olar. Xeyli yeni dostluqlar, əlaqələr qurduq. İnanıram ki, tezliklə o əlaqələrdən daha faydalı işlər görmək üçün istifadə edə biləcəyik. Bazar böyük və oyunçular da çox deyil. Müştərilərin qəlbini fəth etməyi bacaran işlər, məhsullar üçün ac olan bazardır. Sonda dəstək üçün Pworlddən Lamiyə Korçiyevaya da təşəkkür edirəm.