Marketinq indiyədək bildiyimiz kimi nəzəri və praktik baxımdan 5 mərhələ keçib. Onlardan 5-cisi sosial-etik marketinqdir. Hətta bir az irəli gedən marketinq quruları son dövrlər marketinqdə yeni era – Relationship Marketing (qarşılıqlı münasibətlər marketinqi) başlanğıcını qeyd edirlər. Bu da o deməkdir ki, hər hansı bir şirkət artıq müştəriləri ilə, onu əhatə edən mühitlə "GƏL-AL" tərzində danışa bilməyəcək. Danışar, amma çox qabağa getməz, getsə belə ətraf mühitdən rəğbət görməz.



İndi elə bir mühitdəyik ki, çalışıb ətrafımıza faydalı olmalı, təkcə pul qazandığımız deyil, həm də kobud desək pul qazanmadığımız işlər görməliyik. Bu girişi Bank of Bakunun #meydanoxu sosial layihəsi üçün verdim. Bu haqda digər dostlarımdan bir az gec yazsam da, fikirlərimi mütləq paylaşmalı idim. Çünki bu layihə ilə onlar cəmiyyətdə bank deyərkən ağla gələn assosasiyaların əksinə olaraq müsbət bir imic yaratmağı bacardılar. Bundan öncə də bankın "Ana hədiyyəsi", "Əsgər Marşı" kimi sosial, maarifləndirici layihələrindən xəbərdar idim. O ərəfələr yadıma gəlir biz hansısa tədbir üçün marketerlər olaraq tez-tez yığışırdıq. Həmin görüşdə o vaxt BOB əməkdaşı olan dostumuz Aysel Cəbrayılovanın həvəslə və çox həyəcanla bu layihədən danışması, daha yaxşı olması üçün əlindən gələni komanda olaraq etdikləri barədə eşitmişdim. Eynilə "meydanoxu" layihəsi barədə də hələ avqust ayında DMCBAKU hazırlıqları vaxtı eşitmişdim. Etiraf edim ki, çox təəccüblənmişdim ki, bir bank hazırlıq və proses sonrası işləri də nəzərə alsaq, "pul qazanmadığı", amma olmasa ən az 3 ay vaxtını sərf etdiyi bir proyektə bu qədər önəm verər. Nəinki, önəm verər, hətta edər. Amma nəticə artıq ortadadır. Bu haqda bir az sonra. Hələliksə, deyim ki, bir marketer olaraq Azərbaycan bankının fiziki məhdudiyyətləri olan şəxslərə xüsusi qayğısını çox təqdir etdim. Əminəm ki, bu layihədən sonra bir çox şirkətlərimiz bu və ya bunabənzər təşəbbüslərlə çıxış edəcəklər.



Məlumatsız olanlar üçün deyim ki, 4 fərqli istiqamət üzrə fiziki məhdudiyyətli dostlarımıza tam 1 ay müddətində təlimlər keçirilirdi. Nəticədə onların işlə təmin olunması üçün həm şərait yaradılır, həm də real iş təklifləri edilirdi. 30 noyabr tarixində isə Hilton otelində Azərbaycanda ilk dəfə bir bank tərəfindən fiziki məhdudiyyətli dostlarımız üçün karyera sərgisi keçirildi.



"Məhdudiyyətlərə Meydanoxu" layihəsinə isə BOB marketinq komandasının rəhbəri Nigar Tahirova tərəfindən təlimçilərdən biri olaraq dəvət aldım. Dəvəti facebookdan alıb telefon danışığı ilə tamamladım :) Və təbii ki, ilk təklifdəcə qəbul etdim. Bloqçuluq istiqaməti üzrə dostlarımızla 2 gün görüşdüm. Görüşə xüsusi hazırlaşmışdım, amma necə deyərlər mən xüsusi hazırlaşmışdım, amma həmişəki kimi oldu. :) Necə keçməsi haqqında iştirakçılar daha yaxşı fikrini söyləyə bilər. Auditoriya mənim üçün yeni idi. İndiyədək çoxlu sayda auditoriya önündə çıxışlarım olsa da, bu dəfəki hiss tamam fərqli idi. Əgər bu hissi bir cümlə ilə ifadə etməmi istəsəniz, ancaq bunu deyə bilərəm – "maksimum faydalı olmağa, maksimum daha çox danışmağa çalışırdım". Çox gözəl dostlarla tanış oldum. Bu gün onların əksəriyyəti ilə facebookda da dostuq və mütəmadi olaraq bu və ya digər məsələlərlə bağlı məsləhətləşirik. Aralarında əvvəllər yazılarını sevərək oxuduğum Orxan Adıgözəli görmək də çox xoş idi. Qazandığım yeni dostluqlara görə təbii ki, bu işi təşkil edənlərə, bu işə ürək qoyanlara xüsusi təşəkkür edirəm. Xeyir bir işə vəsilə olmaq özü çox gözəldir. Mən bir daha proyektin müəlliflərinə, BOB komandasına, rəhbərliyinə təşəkkür edirəm, yenə edin deyirəm, tez-tez edin deyirəm və çoxlu çox sağ ol deyirəm.



Sonda bu layihədən təsirlənərək bloqu oxuyan hər kəsə aşağıda dediklərimi unutmamağa çağırıram.



Əziz dostlar, dost şirkətlər və s. UNUTMAYIN Kİ,



Gələcəyi görmək olmaz, amma ona hazır olmaq olar. Bizi gələcəyə hazır edən isə əməllərimizdir. Çalışın nə qədər canınız sağdır, ağlınız və məntiqiniz iradənizə tabedir, xeyir işlər görün, xeyirə vəsilə olun, faydalı olun. Vallah, həyat çox qısadır və Siz bu qısa həyatdan ancaq 2 metr uzunluğunda bir parça aparacaqsınız. Aparacağınız şey çox deyilsə, demək ki, verəcəkləriniz daha çox olmalıdır ki, yadda qalasınız.



Yuxarıda da yazdım, yenə də yazıram, təkcə pul qazandığınız işlər görmək lazım deyil. Arada başınızı qaldırıb pul qazanmadığınız, amma əvəzində kimlərinsə hörmətini, rəğbətini, xoş münasibətini qazandığınız işlərə imza atın. Necə ki, bunu BOB etdi.



Heç kimin zəhmətini yerə vurmaq olmaz. İnsanın hər şeyinə paxıllıq etmək olar, amma zəhmətinə əsla. O insanla bərabər doğulmur, yaşadıqca qazanılır. Yaxşıya yaxşı deyin, dilinizə güc düşməz, cəhd edin alınacaq. Əminəm ki, alınacaq. Bu proyektə rəqib banklar da dəstək olmuşdu. Çox gözəl nümunədir. Azərbaycanda banklar arası həmrəylik nümunəsi kimi olduqca təqdirəlayiqdir. Qısası istər şəxsin, istər şirkətin haqqına girmək olmaz. Haqq sahibi Siz deyilsinizsə, haqqın yanında olun.



Fiziki məhdudiyyətli insanlar – sözündə insan sözünün önündəki istənilən sifət, epitet və s. fərq etməz insan sözündən üstün ola bilməz. İnsan olmaq lazımdır, İnsana onun önündəki və arxasındakı ifadələrə görə yox, elə onun İNSAN adına görə hörmət etmək lazımdır.



Qula bəla gəlməz haqq yazmadıqca, haqq bəla yazmaz qul azmadıqca – deyiblər. Unutmayın ki, həyatınızda baş verən hər şeyin bir səbəbi mütləq vardır. Nəyisə əldə edəndə şükr etmədinizsə, itirəndə ˝NİYƏ MƏN˝ deməyəcəksiniz. Həyatın hər halına şükr edin, Sizdən daha çətin, daha çıxılmaz vəziyyətdə olanlar varkən, nəfəsimizin gəlib-getməsi belə insana Allahın verdiyi lütfdür, məncə.



İnam və nəticəyə gedən yolda əzmkarlıq istənilən bağlı qapının açarıdır. Unutmayın ki, hər işdə bir xeyir var. İnsan ona nəyin xeyirli olub, nəyin olmadığını bilməz. Bizim özümüzə ˝olsaydı yaxşı olardı˝ demək istədiyimiz n qədər şey əslində nə bilirsiniz ki, olsa idi ziyan olmayacaqdı. Nəticəni dəyişdirə bilmiriksə, düşünməklə heç dəyişməyəcək. İstənilən hərəkət hərəkətsizlikdən yaxşıdır. Siz də hər halınızda hərəkət edin. Təlimlərdə iştirak edən onlarla fiziki məhdudiyyətli dostumuz bu gün işlə təmin olunublar. Heç kim onlara havayı yerdən iş vermədi, onlar zəhmət çəkdi, bu işə layiq olduqlarını sübut etdilər. Evdə otuaraq sadəcə izləyirsinizsə, heç nə dəyişməyəcək.



Məndən bu qədər. Təlimdə Sizlərlə çoxdan yazdığım bir yazını paylaşmışdım. "O, hər şeyi görür" – aranızda imkan edib oxuya bilməyəni varsa, oxuya bilər. Düşünürəm ki, hər biriniz, hər birimiz buradan nəyisə özümüz üçün götürə bilərik.



Sonda isə digər dostlara, digər şirkətlərə səslənirəm. "Məhdudiyyətlərə Meydan Oxu" layihəsi ilə onlar BOBoyda iş gördülər, BƏS SİZ?