2016-cı ildә ölkә iqtisadiyatının vәziyyәtinin necә olacağını proqnozlaşdırmaq çәtin olduğundan hәr bir ağıllı biznes sahibi indidәn potensial auditoriyasına necә çatacağı, mәhsul/xidmәtini onlara necә satacağı haqda düşünür, yollar axtarır. Əlbəttə ki, təkcə satışı artırmaq yox, şirkət imicini qorumaq (və yüksəltmək) haqda da ciddi düşünür. Amma marketinq "kisәsinin ağzını" әvvәlki kimi açıq qoya bilmәyәn, pulu sağa-sola xәrclәyә bilmәyәn sahibkar daha qәnaәtcil, daha effektiv kanallarla müştәriyә çatmaq istәyir, marketinq komandasından bunu tәlәb edir.
Bәs buna nail olmaq üçün nә etmәk lazımdır? Mütlәq şәkildә rәqәmsal (digital) marketinq planı hazırlamaq vә onun üzәrindәn fәaliyyәtә keçmәk lazımdır. Әşşi, әhalinin alıcılıq qabiliyyәti azalıb, bazar yoxdu demәyin, Gallery mağazası yeni il "Yolkasını" 982 manata sata bilirsә, Avro Keramika mәtbәxinә cüzi dәyişiklik etmәk istәyәnә 5-8 min manatlıq mәhsul sata bilirsә demәk ki, alıcı var, sadәcә olaraq indi o alıcını tapmaq və məhz sənə müraciət etməsi üçün әziyyәt çәkmәlisәn.
Rәqәmsal marketinq kanalları şirkәtә auditoriyasını daha dәqiq seçmәk, mesajını 500 min insana yox, sәnә lazım olan 5 min insana çatdırmaq imkanı verir, sürәtli geri dönüşüm (feedback), alıcının lazımı mәlumatı daha tez vә rahat әldә etmәsi, müştәrini tәkrar müştәriyә çevirmә imkanları yaradır. Aşağıdakı mənzərəyə fikir verin: Dünən WhatRunsWhere portalına daxil olmuşdum, ordan çıxıb Facebook səhifədini açdım və bir neçə saniyə sonra Facebookun sağ sütununda həmin vebsaytın reklamı gəldi. Bu, artıq adiləşmiş "oyundur", təsəvvür edin, rəqəmsal dünyada daha nələr etmək mümkündür?! Uğur qazanmaq üçün "Remarketinq"lə yanaşı yüzlərlə müxtəlif addım və plan düşünmək olar ki, işinə nəticə gətirsin.
Konsultasiya verdiyim şirkәtlәrdә qarşılaşdığım әn böyük problem, "rәqәmsal marketinqimiz aktivdir, sosial media menecerimiz var, Facebook sәhifәsi açıb, mәlumatlar paylaşır, hәtta pullu reklamlar da qoyur" ifadәsidir. Gülmәli olan bu fikrә hәmin rәhbәrlәr nәinki gülmür, bunun gülmәli olduğunu belә, anlamırlar.
Rәqәmsal marketinqi Facebook sәhifәsinә post yerlәşdirmәklә mәhdudlaşdıran insan 2016-cı ildә biznesinin taleyi haqda qorxuya düşmәlidir, bəli! Facebook hazırda әvәzedilmәz bir marketinq silahıdır, mütlәq şәkildә ondan istifadә etmәk lazımdır. Lakin lnstagram da, Google+ da, Twitter, Pinterest dә mütlәqdir, bloqlar, bloqerlәrin fәaliyyәtindәn istifadә dә mütlәqdir, onlarla marketinq alәtindәn (tools) istifadә etmәk dә mütlәqdir. Şirkәtlәrdә bu haqda danışanda cümlәyә "Bilirik ki, Google+ nә dünyada, nә dә Azәrbaycanda uğurlu ola bilmәdi, amma "Google+"dan mütlәq istifadә etmәlisiniz, "Twitter"in Azәrbaycanda istifadәçi sayı "Faceook"la müqayisәdә çox azdı, amma "Twitter"dәn istifadә etmәlisiniz" deyә başlayıram vә insanların üzündәki anlaşılmazlığı hiss edirәm, öz-özünә "aktiv deyilsә niyә istifadә edәk?" dediklәrini hiss edirәm, amma onun niyәsini izah edәndәn sonra gözlәrinin parıldadığını görmәk xoş hissdir, әlbәttә :)
İnfoqrafikanı, tәhlil alәtlәrini, online kampaniyaları harda vә necә istifadә etmәk, onları qeyd olunan 5-6 sosial şәbәkә ilә, müxtәlif marketinq alәtlәrilә necә sinxronlaşdırmaq bir sәnәtdir, rәqәmsal marketinq sәnәti. Mәhz bu qeyd edilәnlәri kompleks şәkildә hәyata keçirәcәk olan bizneslәr 2016-cı ilә pozitiv әhvalda vә böyük ümidlәrlә daxil ola bilәcәklәr.