Ölkənin marketinq nəbzini tutmağa çalışan, aktiv bloqerlərdən Samir Kərimov bloqunun dizaynını dəyişdiyi barədə "Facebook"un Bloqer Azərbaycan qrupunda status paylaşıb və onun statusuna gələn şərhlər Azərbaycanda bloq yazmaq haqda maraqlı fikir mübadiləsinə gətirib çıxarıb. "Red Shaman" adlı istifadəçi Azərbaycanda bloq yazmağın dəlinin divarla danışması kimi bir şey olduğu fikrini bildirib. Aytac Rüstəmli adlı xanım isə onun fikirlərinin əksinə arqumentlər bildirib.
"Red Shaman" Azərbaycanda bloq yazmağın gəlirli olmadığını, buna görə də bloqçuluğa vaxt və enerji sərf etməyin yanlış olduğunu qeyd edib. Bildirib ki, quru çoxsağollar insanı stimullaşdırmır, nə də bloqun nə sabit oxucusu olmur. Aytac xanım isə bloqun pul qazandırmasa belə, başqalarını öyrətmək kimi gücü olduğunu və bundan gözəl şey olmadığını qeyd edib.
Son bir ildə 100 bloq yazısı dərc edən birisi kimi istəyirəm bu mövzuya olan baxışımı ifadə edim ki, bir ildə 100 yazını niyə yazdığım aydın olsun:
1. Bloqçuluq – sənə öyrədir!
Bloq fəaliyyəti ilə məşğul olmaq ilk növbədə insanın şəxsi inkişafı üçün lazımdır. Çünki sosial şəbəkələrdə, adi söhbətdə biz hansısa mövzuda rahat danışa, fikir bildirə bilirik. Amma bloqda o haqda yazanda mütləq şəkildə o mövzunu araşdırır, daha ciddi, daha tutarlı dəlil və faktlar qeyd edirik. Mövzunu daha ətraflı və mümkün qədər maraqlı qeydə almağa çalışırıq. Bu da insanın şəxsi inkişafı üçün önəmli bir faktordur.
Digər bir arqument – oxucu azdır, yazılan yazını paylaşmır fikri də yanlışdır. İki gün öncə, Twitter istifadəçiləri 2015-ci ilin ən yaxşılarını seçdi adlı yazı paylaşdım və yazı artıq "Twitter"də 10 dəfə, "Facebook"da 11 dəfə, "Google+"da 2 dəfə paylaşılıb. Yazını ilk olaraq "Twitter"də gecə 1-ə işləmiş paylaşdım və yaranmış aktivliyə baxın:
Gecə 1-ə işləmiş, təkcə "Twitter"də paylaşılan yazıya gələn reaksiya: 42 online + artmaqda davam edir (hansı ki, çox adam "Twitter"in marketinq gücünün ölkədə hələ də zəif olduğu qənaətindədir). Üstəgəl, qeyd edim ki, bloq yazılarımı təkcə oxucular yox, Sosialmedia.az, Facemark.az, Banco.az, Fins.az, Oneclick.az və s. onlarla digər saytlar da mütəmadi olaraq paylaşır.
2. Bloqçuluq – şəxsi PR alətidir!
2 ilə yaxındır ki, Orkhanrza.com bloqu fəaliyyət göstərir. Bu 2 ildə yazdığım, araşdırdığım mövzular sayəsində, birinci bənddə qeyd etdiyim kimi, özüm inkişaf etməyimlə bərabər ətrafımdakı insanlar da bunun fərqində olub. Yəni mən Facebook-da reklam verməyin 7 üstün cəhəti haqda bloq yazısı yazmışamsa bunu oxuyan hiss edir ki, bu mövzuda mənim həm təcrübəm, həm də bacarıqlarım var. Amma mən bu haqda yazmasam, bəlkə də "God of Facebook" səviyyəsinə qədər çata bilərəm, amma bundan, 5-10 nəfəri çıxmaq şərtilə, kimin xəbəri olacaq? Bloq yazısı həm də sənin düşüncə tərzini, fikirlərini, bacarıqlarını, maraqlarını insanlara çatdırır ki, bu da insanların səni daha yaxşı tanımasına, sənə daha yaxşı bələd olmasına səbəb olur.
Həmçinin bloq yazmaq asan göründüyü qədər də çətindir. Çünki söz deməyi (və yazmağı) hər kəs yaxşı bacarmır. Bunu edə bilirsənsə artıq bir addım öndəsən. İkincisi, oxunan bloqer olmaq üçün mütləq stabil yazmalısan. Son bir ildə 100 yazı – 3 günə bir yazı deməkdir, bəli məqsəd qoymuşam ki, 3 günə bir yazı yazım və hələ ki, bu məndə uğurlu alınır. Bunu görən insan mənim işimdə stabil olduğumu, sistemli olduğumu anlayır. Bu da insanın PR’ıdır.
3. Bloqçuluq – çevrəni genişləndirir!
2015-ci il sırf bloqer fəaliyyətimə görə yüzlərlə insanlarla tanış olmuşam, bəzilərilə hazırda davam edən çox yaxın və səmimi münasibətimiz var. Facebook, Twitter və Instagram profillərimi mütəmadi izləyənlər son bir ildə hansı fəaliyyətimin olduğunu, hansı şirkətlərlə, kimlərlə tanış olduğumun böyük bir hissəsini görə biliblər (Çünki hamısı olmasa da, fəaliyyətimin böyük əksəriyyətini sosial şəbəkələrdə paylaşıram). Bu tanışlıqlar həm şəxsi münasibətlər kontekstində, həm də biznes əlaqələrinin qurulmasında əvəzsiz rola malikdir. Azərbaycanda qabağa getmək üçün "tanış"ın olsun gərək deyirlər. Birincisi bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İkincisi, bu, pis mənada başa düşmək lazım deyil. Başıboş adamı, layiq olmayan adamı hansısa vəzifəyə düzəltmək mənasında baxmayın buna. İnsanın çevrəsinin geniş olması onun həyatına rahatlıq gətirir. Bir dostum idman jurnalı çap etmək istəyir, az öncә təxmini qiymətlərlə maraqlanırdı. Yadıma DJ Tural düşdü. Bilirəm ki, bir neçə aydır, Avtostop jurnalı dərc etdirir. Yazdım Turala, qiyməti maraqlandım, qısa müddət sonra lazım olan məlumatları göndərdi, mən də dostuma çatdırdım. Vəssalam! Bir neçə gün öncə TV-də reklam qiymətləri lazım idi, TV-də işləyən bir dostuma müraciət etdim, dərhal son price-listi göndərdi, işimizi planlaşdırdıq. Sənin restoranlar şəbəkəsindən, bank sektorundan, mediadan çevrənin olması sənin üçün üstünlükdən başqa bir şey deyil, sənin əl-qolunu açır. Və bu çevrəni yaratmağın effektiv yollarından biri də bloqçuluqdur. İDEAL və ya Kapital Bank üçün dəyər verilən bir insan olmaq pisdir ki? :)
4. Bloqçuluq – pul qazandırır!
Ən əsası, hansı ki, "Red Shaman" adlı istifadəçi əsas arqument olaraq Azərbaycanda bloqdan pul qazanmağın mümkün olmadığını qeyd edib. Həmin dostumuza bildirim ki, bu arqument də yanlışdır. İlk dəfə bu yazıda açıqlayıram ki, 2015-ci ildə bir neçə yazımdan pul qazanmışam (bir yazı üçün 50-150 azn arasında). Facebook bir müddət öncə sifarişli yazı yazmaq düzgündürmü deyə müzakirə açılmışdı və bəziləri bunu qeyri-etik, yanlış və s. adlandırmışdı. Mənin baxışım odur ki, əgər sən yaxşı bir məhsuldan, yaxşı bir xidmətdən yazırsansa burada qeyri-etik və ya yanlış bir şey yoxdur. Məndən hansısa bir xidmət (məhsul) haqda yazmağı istəyəndə ilk cümləm bu olur ki, izacə verin o xidməti yoxlayım (və ya məhsuldan istifadə edim), sonra sizə deyəcəm yaza bilərəm ya yox.
Bloqdan pul qazanmaq dünyada artıq illərdir ki, qəbul olunmuş mövzudur və ilinə milyon dollar qazanan bloqerlər var. Əlbəttə onlarla müqayisə etsək, bizim bu gün qazandığımız 100, 200 manat çox xırdadır. Amma nəzərə alsaq ki, nə Roma, nə də Moskva birdən qurulmayıb :) deməli, yavaş-yavaş bizdə də kontent marketinq inkişaf edəcək və bloqerlərə tələbat sürətlə artacaq, necə ki, son bir ildə gözlə görüləcək dərəcədə inkişaf edib.
Bloq yazan və ya buna həvəsi olan dostlara şad xəbər deyim ki, 2016-cı ildə Azərbaycanda bloqdan pul qazanmaq daha sürətlə yayılacaq – Keepface adlı layihədən bəzi dostların artıq xəbəri var. Brendlərlə nüfuzlu sosial media istifadəçiləri (həmçinin bloqerlər) arasında əməkdaşlıq qurulmasına kömək edən bu platforma 2016-cı ildə bir çox bloqerimizə əlavə qazanc yeri olacaq. Bu haqda ayrıca bloq yazısı paylaşacağıma görə bu yazını uzatmaq istəmirəm.
Fikirlərimi ümumiləşdirib deyim ki, bloq yazmaq Azərbaycanda belə, hardan baxsan insana faydalıdır! :)